Milli iqtisadi tərəqqi strategiyasının müəllifi
İqtisadiyyat

Milli iqtisadi tərəqqi strategiyasının müəllifi

Ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdəndir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir. Ümummilli liderimiz müstəqil Azərbaycanın siyasi-iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş şəxsiyyət kimi əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanda sosial, iqtisadi, ictimai, mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Heydər Əlirza oğlu Əliyev böyük vətəndaş, azərbaycanlı, siyasətçi, lider, ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin davamlı inkişaf strategiyasının müəllifi, milli iqtisadiyyatın əsaslarını yaratmış şəxsiyyətdir. Həyatını xalqının rifahına, Azərbaycanın inkişafına həsr etmiş dahi şəxsiyyət Vətəninə hədsiz sevgisi, xalqı və dövləti üçün atdığı cəsarətli addımları ilə əbədiyaşarlıq qazanmışdır. Azərbaycanın çoxəsrlik mənəvi irsə sahib, qədim və eyni zamanda müasir, daim inkişaf edən bir diyar kimi geniş tanınması məhz ümummilli liderin xidmətləri əsasında mümkün olmuşdur.

Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, çoxtərəfli, səmərəli xarici əlaqələr quruldu. Ulu öndər Heydər Əliyevin böyük arzularından biri insanları xoşbəxt, firavan görmək idi. Belə bir şəraitdə yaşamaq üçün isə Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrilməli idi. Ümummilli liderin 1993-cü ildə başlatdığı xilaskarlıq missiyası Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxardı. O, öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu öndərin bilavasitə rəhbərliyi ilə onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı.

Xalqımız Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir. Onun ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Ulu öndər Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi. Xalqımız ulu öndərə sonsuz minnətdarlığını ifadə edir. Çünki bu qələbənin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısı alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdu.

Azərbaycanın müasir ordusunun yaradılması Heydər Əliyevin dövlət quruculuğunun ən parlaq səhifələrindən biridir. Vahid komandanlığa əsaslanan nizami, mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bunun nəticəsidir ki, Azərbaycan ordusu tərəfindən 1994-cü ildə ilk dəfə olaraq noyabr, fevral aylarında ərazilərimizin bir hissəsi işğaldan azad olundu.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə gedən yolun təməli ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və dərin zəkası ilə qoyulmuşdur. Məhz ulu öndərin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan haqlı olduğunu dünyaya çatdıra bildi. Ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən BMT-nin qətnamələri qəbul olundu. Ulu öndər Heydər Əliyev münaqişənin həllinin hüquqi əsasının yaradılması ilə paralel ölkədə ordu quruculuğuna böyük diqqət yetirildi. Milli ordu quruculuğu sahəsində Heydər Əliyevin əvəzsiz rolu ondadır ki, bu iş başlanğıcını hələ sovetlər dövründən götürmüşdür. Müstəqillik dövründə də dahi lider ordunun formalaşmasına böyük diqqət ayırmışdır. 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı. 2001-ci ildə respublikada fəaliyyət göstərən hərbi məktəblərin statusu artırıldı. Yüzlərlə gənc xarici ölkələrin, əsasən Türkiyənin ali hərbi məktəblərinə təhsil almağa göndərildi.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Ölkə başçımızın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi dünya miqyasında qəbuledilən reallıqdır. Əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın əzmi, iradəsi hesabına qazanılmışdır. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən ulu öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də ulu öndərin arzuları həyata keçirildi, vəsiyyəti yerinə yetirildi: "Mən bu gün, eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!", - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən, tarixi ədalətin bərpası və güclü Azərbaycan uğrunda ömrünü fəda edən ulu öndərin vəsiyyəti şərəflə və qürurla yerinə yetirildi. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" dedi. Məhz ulu öndərin ideyaları ilə bu tarixi missiyada uğurla addımladıq, möhtəşəm qələbələrə imza atdıq. Bu gün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir.

Nurlan ABDALOV,

"Respublika".