Millət Anası
Sosial həyat

Millət Anası

Əvəzolunmaz iki müqəddəs mövhum vardır: "Qurani-Kərim", çörək. Ana anlayışı da bu müqəddəs dəyərlərlə eynilik təşkil edir. Bütün canlılarda bu varlığın anlamı oxşardır. Hər bir insan öz istəyini və sevgisini ifadə edəndə deyir: səni öz anam qədər sevirəm. Dünyaya gətirdiyi övladın yolunda ana öz həyatını qurban verməyə belə hazır olur.

Akademik Zərifə Əliyeva ən yüksək mənəvi hazırlığa malik bir xanım - ANA idi. Bu adı hər yerdə yaxşı tanıyırlar. O, insanları, öz millətini, torpağını çox sevir, elmi-tədqiqatları ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da böyük rol oynayırdı. Dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Prezidenti İlham Əliyevin anası idi. Siyasətçilər, tədqiqatçılar  Heydər Əliyev irsini araşdırarkən həmişə  ümummilli liderlə yanaşı, ikinci böyük bir şəxsiyyətə, akademik Zərifə xanıma diqqət yetirirdilər. Şübhəsiz ki, İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə etdiyi nailiyyətlərdə, əhali arasında və eləcə də beynəlxalq arenada böyük nüfuz qazanmasında təbii ki, ümummilli liderlə yanaşı, anası Zərifə xanım Əliyevanın da böyük xidmətləri olmuşdur. Vaxtilə bu fikri ulu öndər Heydər Əliyev özü də etiraf edirdi. Bu, Zərifə xanımın ailədə, evdə roluna verilən yüksək qiymət idi. O, həm də ömür-gün yoldaşının çətin məqamlarda onunla birgə addımladığını, vətənə layiq övladlar bəxş etməklə onun əvəzolunmaz xidmətlərini cəmiyyətə, insanlara bəyan etmək, bununla çoxlarına sonralar məlum olacaq bir həqiqəti xüsusi vurğulamaq istəyirdi. Zaman öz sözünü dedi. Bu gün İlham Əliyev Prezident olaraq, xalqın böyük hörmətini qazandı, valideynlərinin etimadını doğrultdu, eyni zamanda xalqın  ləyaqətli lideri statusunu qazandı. Azərbaycanda stabillik bərqərar oldu və sürətli inkişaf yolu başlandı. Xalqın rifahı durmadan artdı.

Zərifə xanım Əliyevanın şəxsiyyəti, onun elmi potensialı, bir sözlə, Əliyevlər ailəsindəki mövqeyi öyrənilməli və təhlil olunmalıdır. Qeyd etmək yerinə düşər ki, İlham Əliyev atasının təcrübəsindən bəhrələnərək onu kifayət qədər elmi əsaslarla  siyasətə tətbiq edə bilən siyasi liderdir. Məhz cənab İlham Əliyev kimi güclü bir siyasətçinin formalaşmasında isə Zərifə xanım Əliyevanın əməyi  böyükdür.

Akademik Zərifə Əliyevanın ecazkar bir dünyası olub. İstedadlı göz həkimi oftalmologiya sahəsində böyük zəka sahibi kimi tanınmış, minlərlə insanı günəş işığından məhrum olmaqdan xilas etmiş, onlara ilahi nur bəxş etmişdir.

1923-cü il 28 aprel... Zərifə xanım Əliyevanın doğum günü. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində həmin gün dünyaya gəlmiş, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə həmin institutu bitirmişdir. Sonralar Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursunu keçmişdir. Elmi-tədqiqatlara sonsuz marağı onu Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və orada həkim kimi işə başlamışdır.

Zərifə xanım Əliyevanın aspiranturanı bitirib elmi əməkdaş kimi fəaliyyət göstərdiyi illərdə respublikanı traxoma xəstəliyi ağuşuna almışdı. 1960-cı ildə traxoma xəstəliyinin müalicəsinə dair namizədlik, 1977-ci ildə peşə potologiyasından doktorluq dissertasiyası müdafiə etmiş və alimlik dərəcəsi adını almışdır.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofılli tədqiqatlar aparmış, gözün oftalmoloji histomikroskopik, histokimyəvi araşdırmalarının nəticələri əsasında 15 monoqrafiya və 200-ə yaxın elmi məqalə yazmışdır.

Tibb aləmində "iridologiya və iridodiaqnostika" adlı bir elm də mövcuddur. Bir vaxtlar bu elmə ciddi yanaşılmırdı. Bütün bunlara baxmayaraq, alim oftalmologiya sahəsinə aid olan hər problemə diqqətlə yanaşır, yeni araşdırmaların mahiyyətini aydınlaşdırmağa çalışırdı. Akademik Zərifə xanım Əliyeva və tibb elmləri doktoru, professor Nina Şulpinanın birgə əməyinin bəhrəsi olan "İridologiyanın əsasları" (1980) və "İridodiaqnostika" adlı (1988) monoqrafıyaları Bakıda  işıq üzü gördü.  Sevindirici haldır ki, Sovetlər dönəmində ilk iridoloji monoqrafiya akademik Zərifə Əliyevanın müəllifliyi ilə, "İridodiaqnostikanın əsasları" əsəri çapdan çıxdı. Alim bu sahənin perspektivini öncədən görür, təqdim etdiyi bu nəhəng əsərində bunları xüsusilə vurğulayırdı... Hazırda iridoloji müayinələr diaqnostik metod kimi Avropa ölkələrində, ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, Bolqarıstan və digər xarici dövlətlərin təbabətində iridologiya və iridodiaqnostika kabinetləri fəaliyyət göstərir.  Akademik Zərifə xanım Əliyeva dünyasını dəyişəndən sonra da onun elmi əsərləri işıq üzü görür. Zərifə Əliyeva və Nina Şulpinanın həmmüəllif olduqları "Göz orqanında vərəm" əsəri də  Bakıda çap olunmuşdur. Elmi və praktiki tibbi işlərlə yanaşı, kadr hazırlığı ilə də məşğul olan Zərifə xanım Əliyevanın geniş fəaliyyət dairəsinə malik olmasını göstərir. Professor Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, sonradan kafedra müdiri, professor kimi fəaliyyətə başlayaraq, dövlət maraqlarını nəzərə alaraq, dünya səviyyəsində ən yaxşı yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, istedadlı gəncləri öz ətrafında toplayaraq, elmi kadrların və elmi əməkdaşların hazırlanması prosesini uğurla davam etdirmişdir.

Onu da qeyd edim ki, hazırkı Milli Oftalmologiya Mərkəzinin yeni binası məhz onun ideyası ilə tikilən elmi-tibbi mərkəzdir.

Zərifə xanım Əliyevanın adına parklar, meydanlar, küçələr, elmi-tədqiqat institutu var. Hər gün yüzlərlə insan abidələşmiş adın ünvanı olan yerlərdən keçir və onu xoş duyğularla yad edirlər. Ən başlıcası, bu mənəvi yaddaş abidəsi əslində, özünün yaşam formasını dəyişmiş, övladlarının, nəvələrinin genetik yaddaşına köçmüşdür.

Bu gün İlham Əliyevlə birgə dünyanın siyasi arenasında, xalqımızın mənəvi dünyasında özünü təsdiq etmiş Mehriban xanım Əliyevanın zəkasını, mədəniyyət fədaisi olduğunu qeyd etməli olsaq, burada da Zərifə xanım Əliyeva ənənələrini görə bilərik. Nəvələri - Leyla xanım, Arzu xanım, Heydər hər biri zaman keçdikcə baba və nənə ocağının ləyaqətli davamçıları kimi böyüyəcək və xalqımız tərəfindən həmişə seviləcəklər.

Analar yaşayır. Və yəqin ki, nəsillər dəyişdikcə, nəsil ağacı böyüdükcə, məlum adlar əfsanələrə qovuşaraq, rəvayətlərə dönərək yenə yaşamağında davam edir. Ancaq bir vaxt gəlir ki, bu adlar, bu ünvanlar mənəvi abidəyə çevrilir. Doğrudur, həqiqətən xalqımızın mənəvi dünyasında özünə yer tutan Zərifə xanım Əliyeva çoxdan abidələşmişdir.

Dünyasını dəyişmək insanın qismətidir. Analar da dünyasını dəyişir. Amma analarını bir əbədiyyət məkanındakı dünyası var, bir də övladlarının ürəyində, qəlbində, mənəvi dünyasında yaşamaq məkanı var. Bu, çox böyük ucalıq, müqəddəslik mərtəbəsidir. Anasını, atasını, ulularını dünyasında yaşadan övladlar varsa, demək, anaların da, ataların da zəhmətləri hədər getməyib.

Əliyevlər ailəsi böyük ailə məktəbi kimi, zaman-zaman öyrəniləcək, tədqiqat məktəbi olacaq. Bu ailənin qüdrətli ata adı, böyük ana adı daşıyan nümayəndələri mənəvi abidə olaraq həm övladlarının, həm də xalqımızın qəlbində əbədi yaşayacaqlar. Böyük analar xalqın anası, millətin anasıdır. Zərifə xanım Əliyevanın timsalında bunu biz aydın görə bilirik.

Bu gün Azərbaycan qadınının xeyirxahlıq, Analıq simvoluna çevrilmiş akademik Zərifə xanım Əliyevanın həyat yolu yüksək mənəviyyatı, biz alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa səsləyir.

Zərifə xanım Əliyevanın parlaq və unudulmaz xatirəsi xalqımızın, elmi ictimaiyyətin, səhiyyə işçilərinin, onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Kərəm KƏRİMOV,

Bakı Göz Klinikasının direktoru,

Əməkdar elm xadimi,

tibb elmləri doktoru, prefessor.