Meşəli cəlladının həbsi ədalətin qələbəsidir
Digər xəbərlər

Meşəli cəlladının həbsi ədalətin qələbəsidir

İki əsr bundan əvvəl torpaqlarımıza köçürülən haylar həmişə həqiqətdən, tarixi faktlardan, gerçəklikdən, reallıqdan qorxublar, "miatsum" xəstəliyinə tutulan, kökü və mənşəyi bilinməyən, xülyalar və miflər dəryasında çabalayan ermənilər məskunlaşdıqları torpaqlarda münaqişə, deportasiya və soyqırımı törədiblər, yerli azərbaycanlılara qarşı düşmənçilik ediblər. Torpağına sığındığı, çörəyini yediyi, havasını udduğu, suyunu içdiyi qədim yurd yerlərimizə xəyanət edərək etnik nifrət zəminində qəsbkarlıqla ağır cinayətlər törədiblər. Ermənilər yaşadıqları yerlərdə ətrafa zəhər çiləyir, birgəyaşayışa, sülhə, qonşuluğa yaramırlar.

Dikbaş, lovğa, qorxaq, yalançı, saxtakar və idbar olan haylar oğurluqla, talançılıqla məşğul olur, çürük daşnak ideologiyasının əsirinə çevriliblər. Uzun illər Qarabağda jurnalist kimi fəaliyyət göstərmişəm, ermənilərin təxribatlarının, azərbaycanlı əhaliyə qarşı törətdikləri cinayətlərin, Qarakənd üzərində erməni quldurların insanlığa sığmayan və qatı nifrət zəminində törətdikləri helikopter faciəsinin, Meşəli qırğınının və digər şahidi olduğum hadisələr, şahidlərin dedikləri, düşüncələrim məndə əminlik yaradıb ki, haylar hiyləgər, qorxulu, yalançı və vəhşi bir toplumdur. 1988-1993-cü illərdə ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri cinayətlər, Xocalı, Ağdaban, Qaradağlı, Meşəli soyqırımı təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. 1991-ci ilin əvvəlindən başlayaraq Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrinə gedən yolları bağlamışdılar, kəndlərin çoxu mühasirə vəziyyətində qalmışdı, haylar və havadarlarının köməyi ilə mühasirəni gündən-günə daraldır, kənd əhalisinin mal-qarasını, ev əşyalarını oğurlayırdılar. Həmin ilin payızında İmarət-Qərvənd kəndi erməni silahlı dəstələri tərəfindən işğal edildi.

Qeyd edək ki, ermənilər Xankəndidəki keçmiş sovetlər birliyinin 366-cı motoatıcı hərbi hissəsinin texnikalarından və canlı qüvvəsindən istifadə edirdilər və bu, faktlarla öz təsdiqini tapıb. 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi, noyabr ayında Xocavənd, dekabrın 2-nə keçən gecə Kərkicahan, dekabrın 17-də Cəmilli, dekabrın 22-də Meşəli kəndləri ermənilər tərəfindən işğal edilmiş, azərbaycanlı əhali çox ağır vəziyyətdə itkilər verərək öz evlərini tərk etmiş, erməni silahlı dəstələri köməksiz vəziyyətdə əllərinə keçən qocaları, qadınları, uşaqları öldürərək cəsədləri yandırmışdılar. Həmin kəndlər yalnız sakinlərin hünəri və igidliyi sayəsində qorunurdu, bundan əvvəl isə xalqımızın qatı düşməni, əlləri azərbaycanlıların qanına bulaşan, ermənipərəst, keçmiş sovet dövlətinin prezidenti Qorbaçovun sərəncamı ilə azərbaycanlı əhalidə olan quş tüfəngləri yığıldı və kənd sakinləri erməni faşizmi qarşısında əliyalın qaldılar. 1991-ci il dekabrın 20-də respublika daxili işlər nazirini əvəz edən Tofiq Kərimov, Qarabağı ovuc içi kimi tanıyan polis polkovniki Sadir Məmmədov və bir neçə polis əməkdaşı ilə birlikdə helikopterlə Şuşa şəhərinə getdik. Orada xəbər tutduq ki, Meşəli kəndində vəziyyət çox ağırdır və təcili ora getmək lazımdır. Ermənilərin çəkindikləri "zəhmli polkovnik" kimi tanınan Sadir Məmmədovun təklifi ilə mən də polislərlə birlikdə Qırxqız dağ silsiləsinin üzərindən Meşəliyə çata bildik. Çünki həmin vaxt ermənilər hava məkanında uçan helikopterlərə atəş açırdılar.

Meşəli camaatı mərd, qorxmaz, qoçaq insanlardır. Onların yalnız bir tələbi var idi, bizə silah verin, erməniylə özümüz bacararıq. Sakinlər bildirdilər ki, qonşu erməni kəndi Badaradan silahlı ermənilər kəndə tez-tez hücum edirlər, evləri, ot tayalarını yandırır, mal-qaranı oğurlayırlar. Həmin görüşdə kənd sakinləri bildirdilər ki, Badara kənd sakini Vaqif Xaçaturyan, qardaşı İlya və digər ermənilər kəndi daim atəşə tuturlar. Meşəlidə Ağdam polis şöbəsinin əməkdaşı Hidayət Rüstəmov və bir neçə nəfər polis kənd sakinlərinə köməyə gəlmişdilər. Hidayət Meşəlidə son patronuna qədər döyüşərək şəhid oldu və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Meşəlidə vəziyyət çox ağır idi, kənd sakinləri çıxılmaz duruma düşmüşdülər, dörd bir tərəfdən erməni hücumlarına məruz qalırdılar. Həmin vaxt çalışdığım "Qarabağ" qəzetində "Meşəlilər nicat gözləyirlər" sərlövhəsi ilə yazı çap olundu. Dekabrın 22-də Meşəli işğal edildi. Dinc kənd sakinlərini qətlə yetirən, evləri yandıran, uşaqları güllələyən erməni canilər otuz ildən artıq cəzasız qaldılar.

29 iyul 2023-cü il tarixdə Badara kənd sakini, Meşəli canisi Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın postunda saxlanılıb. Yaxşı deyiblər ki, cinayət heç zaman cəzasız qalmır. Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir. İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulub həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etmişdir. Həmin kəndə silahlı basqın edərək 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə, ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə, barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ermənilərin Meşəli kəndində törətdikləri qanlı qırğın nəticəsində burada yaşayan hər bir ailə itki ilə üzləşib, doğmalarını, əzizlərini itirib, evləri yandırılıb, salamat qalanlar kənddən didərgin salınıb. Təpədən dırnağadək silahlanmış erməni dəstələri gecə kəndi mühasirəyə alaraq səhər saat 7 radələrində hücuma keçiblər. Heç kəsə aman verilməyib, qadınları, qocaları, uşaqları diri-diri yandırıblar, üç ailə büsbütün məhv edilib. Faciənin şahidləri bildirirlər ki, kənd sakinlərinə divan tutan, onları başından güllələyən Vaqif Xaçaturyan olub. Qırğının baş verdiyi vaxt Meşəli kənd orta məktəbin direktoru olan Alış Alışov deyir ki, ermənilər kəndimizi üzük qaşı kimi mühasirəyə almışdılar, Xankəndidəki bədnam 366-cı motoatıcı alayın hərbi texnikası ilə kəndi atəşə tuturdular. Kəndi müdafiə edən dəstəmizin əlində yalnız quş tüfəngi var idi, uzun müddət ermənilərə qarşı döyüşdük, hətta yuxarı sinif şagirdlərim də mənimlə çiyin-çiyinə döyüşürdü. Döyüşlərin birində şagirdlərimdən biri qəhrəmanlıqla həlak oldu. Patronumuz tükəndiyi üçün mühasirəni yarmağa qərar verdik və gecəykən tanıdığımız cığırlarla bir çox adamı xilas etdik. Həmin döyüşlərdə ayağımdan yaralandım. Kəndə hücum edən ermənilərin başçısı qonşu Badara kəndindən olan Vaqif Xaçaturyan idi və o cəllad heç kəsə aman vermirdi. Kənd sakinlərini öldürdükdən sonra onları yandırırdı. Qeyd edək ki, faciənin şahidi Alış Alışov Birinci Qarabağ müharibəsi veteranıdır, Əməkdar müəllimdir. Faciə zamanı qohumlarını itirib, onların ağrısı ixtiyar yaşlı bu insanı heç zaman rahat buraxmayıb. Deyir ki, televizorda eşitdim ki, Meşəli qırğınını törədən cani Vaqif Xaçaturyan Laçın sərhəd postunda saxlanılıb, elə bil uzun illər çəkdiyimiz ağrı, acımız azaldı, xeyli təsəlli tapdıq. 25 nəfər azərbaycanlının öldürülməsində iştirak edən Vaqif Xaçaturyana ən ağır cəza verilməlidir. Həmkarımız, "Qarabağa gedən yol" qəzetinin baş redaktoru Əli Mahmudun valideynləri, qardaşları, qohumları Meşəli kəndində yaşayıblar. Mühasirə şəraitində qalan valideynlərinə nə qədər xahiş etsə də onlar öz evlərini tərk etməyiblər. Qırğın zamanı ata ocağını dağıdan və yandıran ermənilər anası Sürəyya Xudayarovanı öldürüblər. Bir neçə qohumu da erməni vəhşiliyinin qurbanı olub, bir çoxu yaralanıb. Əli müəllim deyir ki, Meşəlidə azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirən Vaqif Xaçaturyanın qəhrəman sərhədçilərimiz tərəfindən saxlanılması bütün şəhid ailələrinə bir təsəlli oldu. Qatil, cinayətkar, köməksiz insanları diri-diri yandıran Xaçaturyan Vaqif törətdiyi cinayətlərə görə cavab verməlidir.

Xaçaturyanın həbs edilməsi Ermənistanda çox ciddi təşviş yaradıb, çünki düşünürlər ki, qatil digər cinayətkarların ifşa edilməsinə məcbur olacaq, məhz bu səbəbdən dövlət səviyyəsində hay-küy qaldırıb, vay-şivən salıblar. Əbəs yerə, nahaq qan yerdə qalmır, Meşəli qətliamını törədən Xaçaturyan kimiləri ədalət qarşısında cavab verməli olacaqlar. Öz xislətinə uyğun olaraq Ermənistan Xarici İşlər Nazirliyi 29 iyul tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçaturyan adlı şəxsin Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalarla məşğul olmaqdadır. Məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyini Vaqif Xaçaturyanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb. Bildirilir ki, ermənilərdən fərqli olaraq Azərbaycan tərəfi Vaqif Xaçaturyanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şərait yaradılıb. Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onlara qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib. Bununla əlaqədar, sərhəd-buraxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır. Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur.

Ümumiyyətlə, 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə, digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir. Ermənistan tərəfi işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil olmaqla insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Bunun əksinə, Ermənistanın Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil. Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Salman ALIOĞLU,

"Respublika".