Mərhəmət, xeyirxahlıq mücəssəməsi
Sosial həyat

Mərhəmət, xeyirxahlıq mücəssəməsi

Ölkənin birinci xanımı məhz bu keyfiyyətləri ilə özünə könüllərdə abidə qurub

"Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll edə, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nə isə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyümü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Seçimini özü etsə də, həyatda yerini tarix müəyyənləşdirmiş, alın, tale yazısı isə yol-yoldaşı olmuşdu. İxtisasca həkim olan Mehriban xanım 1983-cü ildə İlham Əliyevlə ailə həyatı quranda fəaliyyət istiqamətinin dəyişəcəyinə əmin idi, bəlkə də. Çünki ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin gəlini olması, xalqımız üçün gərəkli işlər görən Əliyevlərin zəhmət üzərində qurulmuş ailə ənənələri onu daha aktiv işlə məşğul olmağa sövq edirdi. Aktiv ictimai fəaliyyətə isə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başladı, Mehriban xanım. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis etdi. Müsahibələrinin birində Mehriban Əliyeva Azərbaycan Mədəniyyət Fondunun və "Azərbaycan - İrs" jurnalının yaradılmasının səbəblərindən danışarkən demişdi: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

Beləcə, ictimai işlərə fəal şəkildə qoşulan Mehriban xanım 1995-ci ildən başlayaraq uzun-uzadı bir yol keçdi, bir çox ilklərə imza atdı, ölkəmizdə, onun hüdudlarından kənarda tanındı, sevildi. İctimai fəaliyyətdən dövlət məmuru statusunadək yüksəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti oldu. Bu illərin arxasında isə gərgin əmək və zəhmət dururdu.

M ehriban xanım haqqında çox yazılıb, elə mən də müəyyən tarixi məqamlarda tərifə, reklama ehtiyacı olmayan bu adı kimi mehriban, mərhəmətli, humanist, xeyriyyəçi, çoxlarının ümid yeri, mərhəmət ünvanı olan Mehriban xanım haqqında qəzetimizin səhifələrində yazı yazmışam, əlbəttə qələmimin gücü çatdığı qədərində.

Budəfəki yazımın ruhunu bir az başqa istiqamətdə kökləmək istədim. Adətən insan ömrün müəyyən məqamında istər-istəməz geriyə boylanır, arxada qoyub gəldiklərini, olub-keçənləri saf-çürük edir. Fürsətdən, mənə verilən yazı yazmaq səlahiyyətimdən istifadə edərək qəhrəmanımın həyat hekayəsinin bəzi məqamlarını bir daha xatırlatmaq istədim.

Paşayevlər ailəsində bir cüt ulduz kimi gəlmişdi dünyaya Nərgiz və Mehriban bacıları. Uşaqkən tanınmaq hər kəsə nəsib olmur. Mehriban isə "Danışan məktub" qısametrajlı filmində rol alanda 10-11 yaşlarında idi. Mərhəmətli, mehriban, qayğıkeş bir qız cocuğunun xarakteri Mehribanın xarakteri ilə o qədər eynilik təşkil edirdi ki... Film ekranlarda nümayiş etdirildikdən sonra həyatda balaca Mehribanı yaxından tanıyanlar təəccüblərini gizlədə bilməmişdilər. Rejissor tapıntısı necə də dəqiq idi. O filmdə Mehriban xarakter baxımından sanki özünü oynayırdı... İnsanpərvər balaca Mehriban sonralar da heç dəyişmədi, həmişə insanlar üçün nəsə yaxşı bir iş görməyə çalışdı.

2005-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12 faiz və 94,49 faiz səs toplayaraq deputat seçildi. O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərirdi: "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz", - deyən Mehriban xanım öz fəaliyyətilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il mayın 8-də Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o öz çıxışında belə qeyd etmişdir: "...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".

A zərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyırdı. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

Mehriban xanım mərhəmətlidir, xeyirxahdır, qəlbi sevgilə doludur. Nə xoş ki, o, bu sevgini bölüşməyi, özü də yerində, məqamında, lazımi ünvanda paylaşmağı da gözəl bacarır.

H ərdən düşünürsən, xoş bir təbəssüm, xoş bir söz olmasaydı həyatımız necə də solğun, mənasız olardı. Dünyamıza günəş kimi doğan bu təbəssümlərdən aldığımız enerjidir, bizi yaşadan. Bəlkə də bunun çox zaman heç fərqinə də varmırıq. Ancaq fiziki qüsurlu insanlarla, xüsusən də uşaqlarla tanışlıq bunun məhz belə olduğuna əminliyi bir daha artırır. Onların dünyasına düşəndə məhz bu "günəş təbəssümün" sirrini də kəşf etmiş olursan. Daun sindromlu, serebral iflic və daha neçə-neçə çətin sağalan, yaxud da əlacı olmayan xəstəliklərdən əziyyət çəkən uşaqlarla hər bir görüş ürəyi həlim Mehriban xanıma da eyni hissləri yaşadır. Bəzən bizim zəif, əlacsız bildiyimiz o uşaqların bacarıqlarını görəndə onların özü kimi, özü qədər sevinməyin necə gözəl bir nemət olduğunun fərqinə varır. Uşaq reabilitasiya, sağlamlıq mərkəzlərində müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların əl işlərinə heyrətini gizlədə bilməyən Mehriban xanım onların daxilində bizim bilmədiyimiz qədər dərin bir özünəinamın olduğuna əmin olur və bu, ona rahatlıq gətirir, üzündə təbəssüm yaradır, xoş kəlmələr, xoş sözlər dilə gəlir. Və onlar üçün həyat sanki yenidən başlayır. Bəzən onlarla oyun oynayır, hərdən şəkil çəkir, bəzən səmimi dialoq qurur, onların bacara bilmədiklərini deyil, bacardıqlarını qiymətləndirir. Ən başlıcası isə hamının bildiyi bir dildə - sevginin dilində danışır, çünki Mehriban xanımın qənaətincə, "xüsusi qayğıya ehtiyacı olan" yox, bu "xüsusi" insanların istedad və bacarıqlarına, habelə köməyinə, gülüşünə, ümumiyyətlə, varlıqlarına ehtiyacımız var. Axı həyat onlarsız anlamsız olar...

Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın rəhbərliyi ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı da uğurla həyata keçirilir. Proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlər həll olunur və bu işlər 4 əsas istiqamətdə aparılır: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq.

Uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən uşaqların taleyi həmişə onu düşündürür. Məhz onun təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı qızlar üçün 50 mənzillik 100 nəfərlik yaşayış binası tikilib. 2009-cu il yanvarın 22-də özü şəxsən bu binanın açılışında iştirak edib. Bununla da çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir problemin həllinə yol açılıb. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxılır, onların sonrakı həyatını izləmək mümkün olmurdu. Həmin il Mehriban xanım növbəti xeyirxah aksiyanı da reallaşdırdı. Uşaq evlərində böyüyən və işləmək üçün Daşkəsənə gələn 10 nəfəri mənzillə təmin etdi. Gənclərdən 4 nəfərinin toy məclisini təşkil etməklə isə onlara bir dünya rahatlıq bəxş etdi.

Bu gün Avropanın mədəniyyət mərkəzlərində hamını heyran qoyan "Azərbaycanın xoşməramlı mələkləri" də elə xoşməramlı Mehriban xanımın qayğısından, sevgisindən ilham alıb pərvazlanırlar...

Bütün bu tədbirlərlə yanaşı, Mehriban xanım özünün də söylədiyi kimi, hər kəs yaxşı başa düşür ki, heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmirli, avadanlıqla təmin edilən məktəb belə heç zaman ailə mühitini əvəz edə bilməz. Onun ən böyük məqsədi odur ki, bütün uşaqlar ailə şəraitində tərbiyə alsınlar.

Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir. O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşündüyü üçün edir, heç bir təmənna güdmədən, qürrələnmədən... Çünki sadəlik, alicənablıq Mehriban xanım Əliyevanın şəxsində öz əsl mahiyyətinə qovuşur, axı bu sadəlik xatirinə sadəlik, alicənablıq xatirinə alicənablıq deyil, bir Tanrı bəxşişidir. Bütün ömrü boyu insan şəxsiyyətini rövnəqləndirən mənəvi zinətdir və bu zinət Mehriban xanıma çox yaraşır.

X idmətlərinə görə çox mükafat alıb, ancaq onun şəfqətinə sığınıb sağalmaz dərddən şəfa tapan, xilasına sevinən bir körpənin çöhrəsindəki sevincdən böyük mükafat yoxdur Mehriban xanım üçün. Onun humanizmi nəticəsində azadlığa çıxmış bir məhbusun həbsxanadan cəmiyyətə doğru atdığı ilk addımın yaratdığı məmnunluq, qurub yaratdığı məktəblərdə oxuyan uşaqların, onların valideynlərinin gözlərindəki təbəssümdür əsl mükafat. Bir şəhid ailəsinin, bir şəhid balasının üzünü güldürmək, bir qazimizin yarasına məlhəm olmaq, bəzən xoş bir sözlə həyata inamını qaytarmaq, onlara qoşulub sevinmək... Hə, bir də hər zaman, ümid qapısı, mərhəmət ünvanı olaraq qalmaq!.. Bu, Mehriban xanımın öz seçimidir!..

Zümrüd QURBANQIZI,

"Respublika".