Mərdlik nümunəsi
Digər xəbərlər

Mərdlik nümunəsi

Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan Əli Quliyevin və Elnur Bayramovun şəhidlik zirvəsinə ucalmasından üç il ötür. Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon prokuroru Valeh Səmədov, polis rəisi Füzuli Şxaliyev, RİH-in məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hər iki şəhidin ata ocağını ziyarət edib valideynləri ilə görüşdülər.

XTQ-nin giziri Quliyev Əli Tədbir oğlu İmişli rayonunun Otuziki kəndində dünyaya gəlib. Əli Quliyev Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 27-də Xocavənd döyüşləri zamanı 36 yaşında qəhrəmancasına şəhid olub və 28 oktyabrda anadan olduğu İmişli rayonunun Otuziki kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaətinə görə XTQ-nin giziri Quliyev Əli Tədbir oğlu ölümündən sonra "Cəsur döyüşçü," "Vətən uğrunda," "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bayramov Elnur Şəmsi oğlu İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açmışdı. Elnur Bayramov 2020-ci ilin oktyabrın 28-də Şuşa ətrafında Daşaltı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Bayramov Elnur Şəmsi oğlunun adının əbədiləşdirilməsi məqsədilə oxuduğu məktəbdəki sinif otağına onun adı verilib. Sinif otağında şəhidimizin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bayramov Elnur Şəmsi oğlu ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mərasimdə RİH başçısı Elçin Rzayev şəhidlərimizin keçdiyi döyüş yollarından danışıb, göstərdikləri şücaət və qəhrəmanlıqlara görə onların valideynlərinə minnətdarlıq ifadə edib, şəhid ailələrinə və qazilərimizə dövlətimiz tərəfindən daim diqqət və qayğının göstəriləcəyini bildirərək şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Şəhidlərimizin ailə üzvləri və yaxınları diqqət və qayğıya görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ərəstun ABDULOV,

"Respublika".