“Mənimlə fəxr edə bilərsən, Vətənə layiqincə xidmət edirəm
Sosial həyat

“Mənimlə fəxr edə bilərsən, Vətənə layiqincə xidmət edirəm"

Vətən müharibəsi şəhidi Fikrət Elşad oğlu Məmmədov 29 iyun 1997-ci ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. Hələ 9 yaşında ikən anasını itirən Fikrəti nənə-babası böyüdüb. 2003-cü ildə Müsüslü kəndində yerləşən Əhliman Məmmədov adına tam orta məktəbin 1-ci sinfə gedib. 2014-cü ilin may ayında elə həmin məktəbi bitirib.

Fikrət dinə çox bağlı olub. Göyçay rayonunda dini kursa getsə də, müəyyən səbəblərdən yarımçıq qoyub. 2015-ci il iyul ayında Vətənə borcunu yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərlə bərabər yola düşür. Vətənə qulluğunu Füzuli rayonunda edir. 2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq, geri qayıdır.

2019-cu ildə Fikrət bir yerdə işlədiyi xanımla ailə həyatı qurur. Təəssüf ki, toyu günü qapıbir qonşusu dünyasını dəyişir, toy mağarına bağlanan qırmızılar açılır. Fikrət arzuladığı kimi toy edə bilmir.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayır. Səfərbərlik elan olunur. Fikrətə də çağırış gəlir və sentyabrın 29-da ailəsilə sağollaşıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən Füzuliyə yola düşür. Döyüşlərdə qəhrəmancasına vuruşan igidimizin ailəsi ilə son danışığı oktyabrın 30-da olur. Atasına "Mənimlə fəxr edə bilərsən, Vətənə layiqincə xidmət edirəm", - deyib.

Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girirlər. Onlardan 8 nəfəri düşmənin minamyotla açdığı atəşə tuş gəlir, 7 nəfər həmin andaca şəhid olur. Fikrət isə ayağından ağır yaralanır. Yanında olan döyüş yoldaşı onu çiyninə alaraq, bir az aparır, sonra isə Fikrət yoldaşına "üşüyürəm, məni yerə qoy", - deyir. Çoxlu qan itirən Fikrət gözlərini əbədi yumur, noyabrın 8-də şəhidlik zirvəsinə ucalır. Fikrəti ucarlı döyüş yoldaşları çiyinlərində rayona gətirirlər. Noyabrın 12-də kənd qəbiristanlığında dəfn olunur.

Qohumu, tanınmış hüquqşünas Sahib Məmmədov şəhadətindən bir neçə gün sonra Fikrət haqqında bunları yazmışdı: "2019-cu il noyabrın 16-da Fikrətin toyu idi. Atası Elşad məni də dəvət etmişdi. Bizim Müsüslü kəndindəki hazırda heç kəsin yaşamadığı evimizin həyətinə girmək üçün əvvəlcə ümumi darvazadan keçmək lazımdır. Bu darvazadan keçdikdən sonra dörd həyətə giriş var. Hamımız qohumuq. Həmin məhəllədə Fikrətin toy çadırı qurulmuşdu ötən il bu vaxt. Fikrətin adını babası qoymuşdu. Fikrətin özündən bir neçə yaş fərqi olan bacısı da var. Körpə vaxtlarında analarını itirdilər. Gənc anaları uzun sürən xəstəlikdən vəfat etmişdi.

Ramazan bayramında bizim zona qəbiristanlığa gedib rəhmətə gedənlərini yad edirlər. 6-7 yaşlarında olan qardaş və bacının analarının məzar daşını qucaqlayıb acı-acı ağlamaları heç zaman gözümün önündən getmir...

Toyuna bir gün qalmış hamımızı şoka salan bir xəbər aldıq. Eyni həyətdə bizimlə qonşu olan əmioğlu Əlvan (Bakıda yaşayırdı) vaxtsız və qəflətən vəfat etmişdi. Əlvan bütün el-oba üçün əziz bir insan idi. Hamının xeyir-şərinə birinci özünü çatdırardı. Belə alındı ki, bir həyətdə daha başqa çadır quruldu. Toy və hüzr çadırlarının arasında 50 metrdən az məsafə olardı. Fikrət xəbəri alan kimi toy çadırındakı və darvazadakı qırmızı parçaları açıb yerə atmışdı...

Səfərbərliyin ilk günlərində döyüşə getmişdi. Şuşa uğrunda döyüşlərdə ağır yara alıb. Mənə danışdılar ki, döyüş yoldaşlarına deyib ki, siz davam edin. Özü qalıb və şəhid olub. Neçə gün idi hamı ümid edirdi ki, bəlkə sağdır. Ümidimiz boşa çıxdı. Toyunun bir ili tamam olmağa bir neçə gün qalmış həmin həyətdə, həmin yerdə yenə çadır qurulmuşdu. Şəhid Fikrət Məmmədovu qarşılamaq üçün".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Fikrət Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

M.CƏFƏROV,

"Respublika".