Mənəvi dəyərlərimizə, qəbiristanlıqlarımıza qarşı növbəti vandallıq
Tarix

Mənəvi dəyərlərimizə, qəbiristanlıqlarımıza qarşı növbəti vandallıq

Ermənilər keçmişimizi, tarixi izlərimizi silməklə məşğuldur

Sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video yayılıb. Qəbiristanlığın insanlığa yaraşmayan vəhşiliklə dağıdılmasının məkanı haqda məlumat olmasa da teleqram kanallar bunun Basarkeçər ərazisindəki Azərbaycan məzarıstanı olduğunu bildirirlər. Bununla belə hadisənin baş verdiyi ərazinin harada yerləşməyindən asılı olmayaraq, söhbət məkrli niyyətdən, vandallıq aktından, azərbaycanlıların mədəni irsinə, mənəvi dəyərlərinə qarşı növbəti cinayət əməllərindən gedir. Həmin videodan ermənilər tərəfindən azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi aydın görünür.

Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyini, qəbir daşlarının yük maşını ilə dağıdıldığını əks etdirən bu görüntülər tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdi, Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması fonunda bu növbəti hiddət doğuran hadisə Azərbaycanın Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin bu qurum tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir.

Ermənilər bütün beynəlxalq qanunları heçə sayaraq Azərbaycanın vaxtilə işğal olunmuş torpaqlarında mədəniyyət dəyərlərimizə qarşı vəhşilik ediblər. Azərbaycan torpaqlarında yüzlərlə tarixi və dini abidə ermənilər tərəfindən talan edilib. Əlbəttə, xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsidir və buna görə də Azərbaycan ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarlarının cinayətkarlıqları, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir, buna görə də erməni vandalları beynəlxalq məsuliyyət daşıyırlar. Azərbaycan xalqının dini və mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması və sökülməsi məsələsi ətraflı şəkildə araşdırılır və bu proses indi də davam edir. Mədəni irsin məhv edilməsi xalqın özünəməxsusluğunu, yaddaşını, ləyaqətini və gələcəyini təhlükə altına alır.

Bu mənada ermənilərin tarixi yaddaşımıza qarşı amansız Səlib yürüşünə çıxmaları təsadüfi xarakter daşımır. Mənfur qonşularımız işğal etdikləri torpaqlarımızda maddi və mənəvi dəyərlərimizi yerlə-yeksan etməklə milli kimliyimizi unutmağımıza, mədəniyyətimizlə dərin bağları olan tarixi yaddaşımıza silinməz yara vurmağa çalışırlar. Mədəni irsin məhv edilməsi həm də insanlığa qəsddir və Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı vandallığını məhz belə qiymətləndirmək lazımdır. Beynəlxalq hüquq normalarını həyasızcasına tapdalayan Ermənistan otuz ilə yaxın zəngin tarixi, mədəni irsimizə xas memarlıq və arxeoloji abidələrimizi işğal altında saxlayaraq, hərbi cinayət törətməklə onları kütləvi şəkildə məhv edib və ya yalançı tarix yaratmaq xülyası ilə öz adlarına saxtalaşdırıblar. Onu da qeyd edək ki, Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında minilliklər boyu yaşamış azərbaycanlılar zaman-zaman buradan vəhşicəsinə qovulub, milli-mənəvi irsimiz, tarixi-memarlıq abidələrimiz məhv edilib və bu gün də bu barbar fəaliyyət davam etdirilir. Həmin siyasətin nəticəsində Ermənistan azərbaycanlıların artıq yaşamadığı monoetnik ərazidir. Ermənistan hakimiyyəti indi tarixi keçmişi, olan-qalan izləri silməklə məşğuldur.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində isə bildirilib ki, radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək postmünaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir. Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntılar, videogörüntülər şəklində yayılmış vandallıq əməlləri müvafiq şəkildə toplanıb sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır.

UNESCO indiyə kimi bir dəfə də olsun Ermənistan ərazisində olan Azərbaycan abidələrinin aqibəti ilə maraqlanmayıb. Qarabağda və Qərbi Azərbaycanda tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Azərbaycan abidələrinin dağıdılmasına, yer üzündən silinməsinə dünya ictimaiyyəti laqeyd qala bilməz. UNESCO və digər beynəlxalq təşkilatlar Ermənistanı bu əməllərinə görə cəzalandırmalıdır.

Ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) beynəlxalq təşkilatlara etdiyi müraciətdə deyilir ki, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanla bağlı yanlış fikir formalaşdırmağa hesablanmış addımlarının son zamanlar daha geniş vüsət aldığını nəzərə alaraq, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu cür vandalizm hallarına biganə qalmamağa, milli-dini ədavəti qızışdıran təxribatçı əməllərin törədilməsinə rəvac verməklə regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları hədəfə alan Ermənistanın nifrət siyasətindən əl çəkməsi üçün təsirli tədbirlər görməyə çağırırıq.

Mustafa KAMAL,

"Respublika".