Sosial həyat

"Media haqqında" qanun və müstəqil informasiya məkanı

"Media haqqında" qanunun məqsədi informasiya təhlükəsizliyini gücləndirmək, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanunda media savadlılığının artırılması ilə bağlı təsbit edilən müddəalar jurnalistlərin peşəkarlığının artırılmasında və yeni peşəkarların formalaşmasında mühüm rol oynayacaq. Media ilə bağlı yeni qanun müasir standartlara uyğun hüquqi normativ bazanın yaradılmasına imkan verir. Media subyektlərinin dəqiq təsnifatını verən Qanun informasiyanın hazırlanmasında iştirak edənlərlə informasiyanın istehlakçıları arasındakı münasibətlərin tənzimlənməsinə imkan yaradır.

Mediada yayımlanan, dərc olunan informasiya ilə bağlı tələblərin müəyyən edilməsi də müsbət addımdır. Bu qərar da öz növbəsində media mənsubları arasında sosial məsuliyyətin artmasına kömək edəcək. Yeni qanun media işçiləri üçün yeni imkanlar açır. Media reyestrinə daxil edilmiş şəxslər üçün mümkün olan güzəşt və imtiyazlar media işçilərinin sosial rifahının yüksəldilməsinə töhfə vermiş olacaq.

"Media haqqında" yeni qanunun qəbul olunmasından sonra media subyektləri reyestrdən keçməyə başladı. Bu barədə verilən məlumata görə, artıq demək olar ki, reyestrdən keçməklə bağlı müraciətlər böyük əksəriyyətlə yekunlaşıb. Onu da qeyd edək ki, qanunun tələbinə cavab verib, reyestrdə qeydiyyatdan keçən media subyektləri ilə yanaşı, mənfi cavab alanlar da oldu. Eyni zamanda xeyli subyekt də standartlara cavab verə bilmədiyi üçün, ümumiyyətlə, reyestrə müraciət etməyib. Qanunun qəbulu zamanı narazı qalan bəzi beynəlxalq təşkilatlar dərhal qrant layihələri ayırmağa başladılar.

Qanunla bağlı əks-təbliğata başlayan bir neçə nəfərdən ibarət "müstəqil ekspertlər"in şantajları qanunun tətbiqi ilə bağlı addımlar atılmasının qarşısını almadı. MEDİA Agentliyi qanunun tələbinə uyğun olaraq fəaliyyətə başladı. Bir mühüm məqamı da qeyd edək ki, yeni qanun qəbul olunmazdan əvvəl onun ortaya çıxma zərurəti, hədəfləri, atılacaq addımlar ətrafında geniş müzakirələr aparıldı, qanunda hər şey açıq, izahedici şəkildə əksini tapıb - kimlərin jurnalist, hansı qurumun media subyekti hesab olunmasına qədər hər şey detallı ortaya qoyulub.

Qanun qəbul olunub və artıq icrasına başlanılıb. Media Reyestri də normal, qanun əsasında fəaliyyət göstərən media qurumlarının, jurnalistlərin qeydiyyatını aparır. Prosesin gedişində təbii olaraq qeyri-qanuni fəaliyyətindən əl çəkməyən "media" və "jurnalistlər"lə problemlər ortaya çıxır. Bütün bunlar normal haldır.

MEDİA Agentliyi bu məsələnin birbaşa icraçısı kimi daha da qətiyyətli davranmalıdır. Qanun var və qanunun tələblərinə əməl olunmalıdır. Çünki MEDİA qanundan kənar heç nə tələb etmir. Odur ki, hansısa halda ehtiyatlı davranmaq üçün bir əsas yoxdur. Hər kəs qanun qarşısında bərabərdir.

Media mühitində şəffaflıqdan, reyestr sisteminin tətbiqindən sonra ciblərindəki saxta "jurnalist vəsiqələri"ndən şantaj üçün istifadə edilməsinin mümkün olmayacağı da hər kəsə aydındır. Artıq zaman yetişib. "Reket media" dövrünün bitmək üzrə olduğunu anlayırlar.

MEDİA Agentliyindən bildirilir ki, region mediasının da bu baxımdan kifayət qədər problemləri var. Bəzi rayon qəzetləri bu günün tələbləri ilə heç cür ayaqlaşmır, həmin qəzetlərin əməkdaşlarının isə kifayət qədər sual doğuran fəaliyyətlərinin olduğu sirr deyil. Yerlərdə media orqanlarının fəaliyyətinin yeni qanunun tələbləri və müasir dövrün şərtləri əsasında qurulması üçün konsepsiya hazırlanmalı və həyata keçirilməlidir. Region mediası ilə bağlı da islahatlar qaçılmazdır. Bu istiqamətdə regionlarda "Mətbuat evləri"nin təşkil edilməsi, MEDİA Agentliyi tərəfindən qeydiyyata alınmış media subyektlərinin bürolarının həmin evlərdə fəaliyyəti üçün lazımi şərait yaradılması məqsədəuyğun olardı.

Azərbaycanda senzura ləğv olunub. Bəzi müxaliflərin Azərbaycanda "reket media" ilə mübarizəni azad mətbuatın sıxışdırılması kimi qələmə verməsi gülünc doğurur. Sağlam və şəffaf jurnalistikanın olması siyasi baxışından asılı olmayaraq hamıya lazımdır. Çünki hər kəs istəyər ki, normal media olsun. Bu baxımdan Mətbuat Şurasının da üzərinə müəyyən vəzifələr düşür. Mətbuat Şurası bu işdə MEDİA-ya yaxından dəstək verməli, mətbuat mühitinin sağlamlaşdırılması, şəffaflaşdırılması istiqamətində təkliflər irəli sürüb, səylərini artırmalıdır. Media haqqında yeni qanun ölkəmizdə bu sahənin daha sürətli şəkildə inkişaf etməsinə şərait yaradır.

Mustafa KAMAL,

“Respublika”.