Məcnun Məmmədov BMT və FAO-nun Azərbaycandakı nümayəndələri ilə görüşüb
Digər xəbərlər

Məcnun Məmmədov BMT və FAO-nun Azərbaycandakı nümayəndələri ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Nazirliyin  mətbuat xidmətindən “Respublika”ya bildirilib ki, Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu deyən nazir bildirib ki, ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı aqrar siyasətin prioritet istiqamətlərindəndir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan BMT-nin Qida Sistemiləri Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün “2030 Gündəliyi”nin icrasına dəstək verən ilk ölkələrdən biri olub.

Vladanka Andreyeva  Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycanın BMT-nin Qida Sistemləri Sammitində fəal iştirakının təqdirəlayiq olduğunu vurğulayıb. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıblar.  Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov,həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə də görüşüb. Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar isə öz növbəsində Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nəriman Cavadov,

“Respublika”.