Masallıda xeyirxah aksiya keçirilib
Sosial həyat

Masallıda xeyirxah aksiya keçirilib

Qan donoru olmaq, ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə kömək göstərmək nəcib əməllərdən sayılır. İnsan bir dəfə qan verməklə üç xəstənin həyata qaytarılmasına kömək etmiş olur. Çünki bir vahid qanın tərkibi 3 komponentdən-eritrosit (qırmızı qan hüceyrələri), leykosit (ağ qan hüceyrələri) və trombositdən (qan lövhəcikləri) ibarətdir. Bunların hər biri ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə olunur.

“Respublika” xəbər verir ki, Masallı rayonunda ildə bir neçə dəfə könüllü şəkildə qanvermə aksiyası keçirilir. Növbəti aksiya B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu və Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə təşkil olunub.

Xeyirxah aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra aparatının kollektivi,  rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri könüllü surətdə iştirak ediblər. Müvafiq müayinələrdən sonra 195 nəfərdən qan götürülüb. Aksiya iştirakçıları qan daşıyıcıları vasitəsilə hemofiliya və talassemiya xəstələrinə kömək etməyi özlərinin vətəndaşlıq borcu kimi dəyərləndirib, bu cür nəcib, xeyirxah aksiyaların mütəmadi keçirilməsinin vacib olduğunu diqqətə çatdırıblar.

Əlisəfa Həsənov,

“Respublika”