Mart hadisələri: sağlam düşüncə qalib gəldi
Siyasət

Mart hadisələri: sağlam düşüncə qalib gəldi

Dövlətçiliyimizə və gənc respublikamıza qarşı yönəlmiş dövlət çevrilişinin üstündən 29 il ötür. 1995-ci il mart hadisələri qanunsuz silahlı birləşmələrin dövlət müstəqilliyinə qəsd etmək cəhdi kimi yadda qaldı. Həmin təxribatlar martın 12-dən 13-nə keçən gecə başlandı. Qazaxda və Ağstafada dövlət idarələrinə silahlı hücum təşkil edildi. Buna səbəb ölkəmizdə qurulmaqda olan güclü hakimiyyətin bəzi başıpozuq dəstələrə sərf etməməsi idi.

Ona görə də Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) iştirakı ilə Qazax və Ağstafa rayonlarında dövlətə qarşı cinayət hadisələri baş verdi. Bu hadisələr zamanı Qazax Rayon İcra Hakimiyyətinə hücum edən, sonra polis şöbəsini də ələ keçirən silahlı dəstənin Ağstafa polis şöbəsinə basqını zamanı polis işçisi Əjdər Babayev öldürüldü. Bütün bunlar faktiki olaraq 1994-cü il oktyabr hadisələrinin davamı idi.

Həmin vaxt ulu öndər Heydər Əliyev Danimarkanın Kopenhagen şəhərində Birləşmiş Millətlər Təşkilatının Zirvə görüşündə iştirak edirdi. Ümummilli Lider Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox görüşlər keçirirdi. Təbii ki, həmin danışıqlarda müzakirə mövzusunda əsas xətt Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın bir hissəsinin işğal edilməsi və bunun nəticəsində bir milyondan artıq soydaşımızın çəkdiyi iztirablar olmuşdu. Amma dövlət başçısının ölkədə olmamasından sui-istifadə edən bəzi qüvvələr bunu fürsət bilərək dərhal hərəkətə keçdilər.

Sammitdə görüş zamanı Türkiyə prezidenti Süleyman Dəmirəllə söhbətdən sonra dərhal Vətənə qayıdan Heydər Əliyev ölkədə gedən proseslərə nəzarəti ələ ala bildi. Ulu Öndər 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərdən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi. Lakin vətəndaş müharibəsi törətməyə cəhd edən Rövşən və Mahir Cavadov qardaşları bu çağırışlara əhəmiyyət vermirdi.

Rövşən Cavadov verdiyi müsahibələrdə dövlət rəhbərliyində olan insanların adlarını çəkərək onları təhdid edib, hakimiyyətə gələcəyinin siqnallarını verməyə başlamışdı. Müvəqqəti olaraq Dövlət Şurası yaratmaq fikrinə düşən qiyamçılar buraya istədikləri adamları daxil etmək istəyirdilər.

Martın 16-da danışıqlar aparmaq üçün Xalq şairi Bəxtiyar Vahabzadə və Rövşən Cavadovun atası OMON-un qərargahında oldular. Təslim olmaq barədə razılaşma əldə olunsa da, bəzi qüvvələr bunun bir tələ olduğunu deyib, danışıqların gedişatına ciddi xələl gətirdilər. Beləliklə, həmin gecə 8-ci kilometrdə yerləşən qərargahdan atılan atəşlə qarşıdurma başladı. Təxminən iki saata qədər davam edən silahlı qarşıdurmada Cavadovların müqaviməti qırıldı. Bundan sonra xüsusi təyinatlı polis dəstəsi tərk-silah edildi və bununla da qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu.

Dövlət əleyhinə qurulmuş məkrli planın qarşısı alınmaqla bir daha sübut olundu ki, silah gücünə, hədə-qorxu ilə Heydər Əliyev iradəsinə heç kim təsir edə bilməz və xalq həmin çətin günlərdə öz liderini tək buraxmadı.

Musa BAĞIRLI,

"Respublika".