İnsan hüquqları ilə uzlaşmayan fəaliyyət
Siyasət

İnsan hüquqları ilə uzlaşmayan fəaliyyət

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın separatizmin kökünü kəsməsindən, işğalı aradan qaldırmasından, ölkənin bütün ərazisində dövlət suverenliyini təmin etməsindən, yurdundan qovulmuş bir milyondan artıq insanın hüquqlarının bərpasından narahatlıq keçirərək "əl-ayağa" düşüb. Bu dəfə isə Azərbaycanın səsini dondurmaq kimi mənasız və çirkin təşəbbüslə çıxış edirlər. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bir çox ölkələrin və təşkilatların insan hüquqları, demokratiya adı altında gizləndiyi pərdə düşməyə başlayıb və əsl simaları üzə çıxır. Guya bu təşkilat insan hüquqlarının müdafiəsi ilə məşğuldur. 30 ilə yaxın münaqişə dövründə Azərbaycan dəfələrlə Ermənistanın işğal siyasəti, sakinlərin öz yurdlarından qovulması ilə bağlı dəfələrlə məsələ qaldırmışdı. Amma digər təşkilatlar kimi, bir milyondan artıq məcburi köçkünün tapdanmış hüquqları AŞPA-nı da heç maraqlandırmadı. Bir dəfə də olsun səsini çıxarmadı. Və beləcə vaxtı uzadaraq hesab edirdilər ki, Azərbaycan baş verənlərlə razılaşacaq.

AŞPA-nın fəaliyyətini incələdikcə açıq məlum olur ki, bu təşkilat insan hüquqları ilə heç vaxt məşğul olmayıb, yalnız bu prinsipdən siyasi alət kimi istifadə edib. Qurumun Azərbaycana qarşı bugünkü mövqeyi də siyasi məqsədlərlə ortaya atılıb. Həmçinin bu gün AŞPA-nın kimlərin əlində siyasi oyuncağa çevrildiyi, hansı maraqlara xidmət etdiyi heç kimə sirr deyil. Həm AŞPA-ya, həm də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası və digər bu kimi təşkilatlara məlum olsun ki, istəsələr də, istəməsələr də Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqları qəbul etməyə məcbur olacaqlar. Azərbaycan haqq və ədalətə söykənən tam müstəqil siyasət həyata keçirir. Onların Azərbaycan əleyhinə səsləndirdikləri boş fikirlərin, irəli sürdükləri yersiz təşəbbüslərin, qəbul etdikləri mənasız qərarların heç bir nəticəsi olmayacaq. Necə ki, AŞPA-dakı müzakirələr zamanı britaniyalı deputat İan Liddel-Granger də bunu dilə gətirdi və bildirdi ki, bu addımın müsbət nəticəsi olmayacaq və səhv qərardır.

AŞPA və digər eyni mövqedə olan təşkilatlar və dövlətlər Azərbaycanın regional və qlobal əhəmiyyətini dərk etməlidirlər. Anlamalıdırlar ki, Azərbaycan onlara daha çox lazımdır. Əks təqdirdə, sonrakı peşmançılıq fayda verməyəcək.                                                  

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.