Digər xəbərlər

"Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda elmi-praktiki konfrans

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə "Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib. "Qərbi Azərbaycan: siyasi - tarixi aspektlər" adlı kitabın təqdimatı olub. Məlumat verilib ki, kitabda Azərbaycanın tanınmış tarixçilərinin Qərbi Azərbaycanla bağlı məqalələri yer alıb.

Konfransda Qərbi Azərbaycan mövzusunun aktuallığına toxunan Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan dövlətinin qarşısındakı duran prioritet məsələlərdən biridir, bu istiqamətdə hər bir azərbaycanlı fəal şəkildə çalışmalıdır.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa diqqətə çatdırıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ilk qırğınlar 1905-ci ildə başladı və 1906-cı ilə qədər davam etdi. Ermənilər azərbaycanlıları öz evlərindən qovdular, orada məskunlaşmağa başladılar. Bu da azərbaycanlıların sayının azalmasına səbəb oldu.

Onun sözlərinə görə, indiki Ermənistan ərazisindən qovulan azərbaycanlılar İrana, Türkiyəyə və Azərbaycanın müxtəlif bölgələrinə köçməyə məcbur oldular.

"1948-1953-cü illərdə ermənilər azərbaycanlıları sürgün etdilər. Halbuki bunu Ermənistan "könüllü köçürülmə" adlandırır. Bu illərdə 100 minlərlə azərbaycanlı öz yaşayış yerlərindən qovuldu, ermənilər isə onları əvəz etdi", - deyə tarixçi vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycandan olan qaçqınlara hər zaman qayğı göstərdiyini vurğulayıb. O, Ümummilli Liderin Qərbi Azərbaycan mövzusunu ikinci dəfə hakimiyyətə gəldikdən sonra yenidən gündəmə gətirdiyi diqqətə çatdırıb.

Politoloq Tofiq Abbasov deyib: "Qərbi Azərbaycana qayıdış məsələsi Avropa Şurasının gündəliyinə daxil edilməli və bu istiqamətdə ciddi işlər aparılmalıdır. Həmçinin beynəlxalq mexanizmlər bu məsələyə cəlb olunmalı, onlar hüquqi təminat verməlidirlər".

Politoloqun sözlərinə görə, ermənilərin Qarabağa, Qərbi azərbaycanlıların isə indiki Ermənistana qayıtmaları fərqli məsələlərdir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri normallaşandan sonra Qərbi azərbaycanlıların öz yurdlarına getməsi və qəbirləri ziyarət etməsi ikitərəfli sazişdə əks olunmalıdır. Çünki qayıdış birdən-birə baş verən proses deyil. Ona görə də Qərbi azərbaycanlılar ilkin mərhələdə indiki Ermənistan ərazisinə getməli, orada hansısa bir müddət qalmaq hüququ əldə etməlidir. Ermənistan isə onlara təhlükəsizlik zəmanəti verməlidir.

Əgər Ermənistan dövləti ermənilərin Qarabağda təhlükəsiz yaşamalarını istəyirsə, bu məsələni özü də həll etməlidir. Əgər sülh müqaviləsi imzalanarsa, bu, ikitərəfli sazişdə öz əksini tapa bilər.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar çıxışında İcmanın regionda və dünyada baş verən prosesləri yaxından izlədiyini, nümayiş olunan qərəzli yanaşmalarla bağlı dünya ictimaiyyətinə bəyanatlar verdiyini, məlumatlar çatdırdığını vurğulayıb.

Bildirib ki, beynəlxalq qurumlar və bəzi dövlətlər regionla bağlı ikili standartlar nümayiş etdirir. Onlar bölgədəki məsələlərə birtərəfli mövqedən yanaşır, Ermənistan tərəfinin narrativlərinə üstünlük verir. Amma Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası, onların öz yurdlarına qayıtmaları istiqamətində hər hansı məsələ qaldırmır, bununla bağlı müraciətlərimizə bir çox hallarda səssiz qalırlar.

"Qarabağdakı xristian dininə aid tarixi abidələrlə bağlı heç bir təhlükə olmadığı, əksinə, Azərbaycan dövlətinin abidələri öz maliyyə hesabına bərpa etdiyi halda ikili standartlardan yanaşaraq guya onların qorunmasına ehtiyac olduğunu bildirən bəzi beynəlxalq qurumlar və ölkələr Qərbi Azərbaycanda, eləcə də 30 illik işğal dönəmində Ermənistan tərəfindən dağıdılan mədəniyyət nümunələrimizlə bağlı heç bir mövqe səsləndirmir", - deyə Ü.Zülfiqar qeyd edib.

Konfrans panel müzakirələrlə davam edib.

Milli Məclisin deputatları Sevil Mikayılova, Ceyhun Məmmədov, Ramil Həsən, Sahib Alıyev, tarixçilər Cəbi Bəhramov, Firdovsiyyə Əhmədova, beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri Fərhad Məmmədov, Əhməd Əlili, Nağı Əhmədov, Zaur İbrahimli və digərləri "Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu" və "Prezident İlham Əliyevin tarixi hədəfləri" mövzularda məruzələrlə çıxış ediblər. Həmçinin "Qərbi Azərbaycana qayıdış və Zəngəzur dəhlizinin strateji hədəfləri nədən ibarət olmalıdır?" mövzusunda müzakirələr aparılıb.

“Respublika”.