Lənkəranın mərd oğlu
Sosial həyat

Lənkəranın mərd oğlu

Şanlı Azərbaycan Ordusu Qarabağda həyatda keçirdiyi lokal antiterror tədbirləri zamanı düşmənin bütün niyyətlərini ürəyində qoydu. Müqəddəs Qarabağı tam erməni dığalardan təmizlənməsi uğrunda gedən  döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də 1983-cü ildə Lənkəran rayonu, Veravul kəndində dünyaya göz açan gizir Yusif Məmmədrza oğlu Xəlilovdur.

Doğma Azərbaycana, xalqına böyük sevgisi olan Yusif Xəlilov 18 il ordumuzda xidmət edib. 2016-ci ilin Aprel döyüşlərində iştirak edib, ağır yaralanıb. Sağaldıqdan sonra tank komandiri kimi Vətəninin keşiyində durub. Lokal antiterror əməliyyatına qoşulan igid döyüşçü son damla qanına qədər vuruşaraq əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb.

Şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan Yusif Xəlilovun oxuduğu Veravul kənd məktəbində xatirə lövhəsinin açılış mərasimi keçirildi. Şəhidin həyat yoldaşı, məktəbdə təhsil alan övladları mərasimində iştirak etdilər. Qəhrəmanın sinif rəhbəri və müəllimi olmuş Ayaz Nəhmətov onunla məktəb həyatı haqqında xatirələrini böyük qürurla dilə gətirdi.

Məktəbdə Yusif Xəlilov adına sinif otağı fəaliyyət göstərir. Mərasim zamanı sinif otağına baş çəkildi. Məktəbin tarix müəllimi Hikmət Məmmədov və Yusifin həyat yoldaşı Gülnar xanım onun Vətənə olan halal sevgisindən, 18 ildə hərbidə qazandığı uğurlardan söz açdılar.

Sonda məktəblilərin ifasında doğma Vətənə, onun ölməz şəhid övladlarını həsr olunmuş şerlər səslənildi.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.