Laçın Ailə Sağlamlıq Mərkəzi istifadəyə verilib
Səhiyyə

Laçın Ailə Sağlamlıq Mərkəzi istifadəyə verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Laçın Ailə Sağlamlıq Mərkəzi (ASM) əhalinin istifadəsinə verilib.

14 iyun TƏBİB-dən verilən məlumatda bildirilir ki, ümumi sahəsi 299.50 m2 olan mərkəz 1-i 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir.

ASM-də həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma və sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur. Bu otaqların hər biri texniki standartlara uyğun olaraq instrumental və laborator diaqnostik avadanlıqlarla təchiz edilib.

Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb.

“Respublika”.