KÖNÜLLÜLƏRİMİZ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ SADİQDİRLƏR
Sosial həyat

KÖNÜLLÜLƏRİMİZ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ SADİQDİRLƏR

Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Müstəqilliyini bərpa edən ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayıblar. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanların könüllü şəkildə cəlb edilməsinə, onların sahə təcrübəsindən yararlanmasına mühüm önəm verildi.

XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsindən, qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımların atılmasından ibarət idi. Bu sahədə isə könüllülük fəaliyyətinin canlandırılması zərurəti yarandı. Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında" qanunla daha da artırıldı. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Belə ki, ölkəmizin evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunmuşdu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.

Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahidi oldu. Bu isə məhz Mehriban xanım Əliyevanın qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı ilk gündən dövlət başçısı İlham Əliyevlə birlikdə türk qardaşlarımızın yanında olması və faciədən sonra rəsmi instaqram səhifəsində dəfələrlə paylaşımlar etməsinin nəticəsi kimi dəyərləndirilir.

"Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsanpərvərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!", - deyən, mərhəməti, xeyirxahlığı fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük təşəbbüsünü yüksək dəyərləndirən Azərbaycan könüllüləri birinci xanıma müraciət ünvanlayıblar. Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq Türkiyə xalqının yanında olmağı mənəvi borc hesab edən könüllülər Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsindəki paylaşımında qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara dəstək məqsədilə başlanılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etdiyindən olduqca təsirləndiklərini bildiriblər.

Könüllülər Azərbaycan dövləti və xalqı, xüsusilə Heydər Əliyev Fondu tərəfindən verilən dəstəyə öz töhfələrini vermək üçün gecə-gündüz demədən var gücləri ilə çalışıb, bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf duyduqlarını ifadə ediblər. Xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini davam etdirən Azərbaycan könüllüləri bundan sonrakı fəaliyyətlərində də vətənpərvərlik və milli-mənəvi dəyərlərə daim sadiq qalacaqlarına söz veriblər.

Bəli, mərhəmətlə, humanist duyğularla edilən xoş əməllər heç zaman cavabsız qalmır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da Azərbaycan xalqına və könüllülərinə bu çətin gündə türk qardaş-bacılarımızın yanında olduqlarına görə rəsmi instaqram səhifəsində təşəkkür etməsi xalqın ona olan böyük sevgisini daha da artıraraq, milyonların ürəyində mərhəmət, insanpərvərlik, xeyirxahlıq toxumu əkdi.

Nurəngiz ADİLQIZI,

"Respublika".