Könlüm keçir o yerlərdən...
Digər xəbərlər

Könlüm keçir o yerlərdən...

İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Amasiyada, Zəngibasarda və Qərbi Azərbaycanın digər ərazilərində olan tarixi abidələr, ziyarətgahlar ancaq türklərə məxsusdur. Göyçə mahalı da tarixi abidələrlə zəngin olan ulu türk yurdudur. Bu abidələrin çoxu müxtəlif vaxtlarda erməni vandalları tərəfindən dağıdılıb məhv edilmiş, ya da haylar bu abidələrə xaç nişanı vurmaqla erməni abidəsi kimi qələmə vermişlər.

Ermənilər 1905-1907, eləcə də 1918-20-ci illərdə Qərbi Azərbaycanda analoqu olmayan vəhşiliklər törətmiş, dinc insanlar amansızlıqla qətlə yetirilmiş, yandırılmış, diri-diri su quyularına doldurulmuşdur. Çoxları isə işgəncələrə dözə bilməyərək ata-baba yurdlarından Türkiyəyə, İrana, Gürcüstana və digər yerlərə qaçıb erməni terrorundan canlarını qurtarmışlar.

1918-ci ildə Qafan rayonunun Oxçu kəndində əhalinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna teleqram vurulmuşdur: Teleqramda deyilirdi: "Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da Andranikin qaniçən dəstəsi yerli ermənilərlə birlikdə Cığı dərəsində müsəlmanları qırmışlar".

Ermənilər müsəlman kəndi olan Şabadində və bir neçə başqa kəndlərdə də azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər. Andranik Zəngəzurda və digər ərazilərdə yüzdən çox azərbaycanlı kəndini dağıdıb, əhalisini yandırmışdır. Bu qırğınlar Göyçə mahalının Şişqaya, Kiçik Məzrə, Qamışlı, Subatan və digər kəndlərində törədilmişdir.

Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən erməni daşnakları 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. İrəvanda 20 min əhali qətlə yetirildi. Ətraf rayonlarda 150 kəndin əhalisi qırıldı, damlara doldurulub yandırıldı. Vedi rayonunda ermənilər dəhşətli faciələr törətdilər.

1917-ci ilin iyununda Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçdilər. Lenin isə həmin ilin 29 dekabrında dekret qəbul edərək erməniləri müsəlmanlardan müdafiə adı ilə qoşun hissəsi təşkil etməyə şərait yaratdı. Bundan sonra Azərbaycanda, həmçinin Qərbi Azərbaycanda Stepan Şaumyanın göstərişi ilə qanlı faciələr törədildi.

Göyçə mahalını odlara qalayan Silikyanın quldur dəstəsi nəhayət, Basarkeçərin Zod kəndində Səməd Ağanın igidliyi sayəsində son nəfərədək məhv edildi.

29 noyabr 1920-ci ildə sovet ordusunun Ermənistana daxil olması Qərbi azərbaycanlılarda sevinc və ruh yüksəkliyi yaratdı. 1921-ci ilin yaz ayları başlayan kimi doğma yurdlarından didərgin düşmüş qaçqınlar öz vətəninə, kəndlərinə döndülər. Lakin Qərbi azərbaycanlılar ata-baba yurdlarına qayıdana kimi Türkiyədən gəlmiş ermənilər İrəvan şəhərində, Qəmərlidə, Üçkilsədə, Uluxanlıda, Basarkeçər rayonunun kəndlərindəki azərbaycanlıların evlərinə doluşmuşdular. Geri dönən soydaşlarımızın çoxu ermənilər yiyələnən evlərə buraxılmadı.

Ancaq Vedi rayonuna - İrəvan çuxuru adlanan Ağrıdağ düzənliyində yerləşən ərazidə məskunlaşmağa ermənilər cürət etməmişdilər. Çünki Vedi illər boyu erməni vandallarına divan tutmuş Abbasqulu bəyin və onun silahdaşlarının rayonu idi. Ermənilər Abbasqulu bəyin qayıdıb onlardan qisas alacaqlarından qorxurdular.

1948-1952-ci illərdə 150 min azərbaycanlı Ermənistandan, doğma yurdlarından sürgün edildi, nəticədə əhali arasında kütləvi qırğın törədildi. Bu günahsız insanların səfalətə düçar olmasına ermənipərəst İ.Stalin, Molotov və başqaları hökm verirdi.

Erməni daşnakları uydurma Qarabağ məsələsini ortaya ataraq XX əsrin sonlarında yenidən xalqımıza qarşı düşmənçilik mövqeyini nümayiş etdirdilər. "Qızıl Moskva"nın, M.Qorbaçovun satqınlığı ucbatından Qərbi Azərbaycandakı soydaşlarımız 1988-ci ilin sərt qış günlərində ata-baba yurdlarından, qədim Oğuz ellərindən zorla didərgin salındılar.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşayır, "Arpa çayı", "Bala Göyçə", "Dilican dərəsi" üçün darıxırlar.

2020-ci ildə Vətən müharibəsində cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşməndən azad edildi, "Dəmir yumruq" Paşinyanın və onun komandasının bel sütununu sındırdı. Tarixi zəfərdən sonra bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana Qayıdışdır.

24 dekabr 2022-ci ildə Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü keçirildi. Həmin tədbirdə ölkə başçısı dedi: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin".

Soydaşlarımızın ata-baba yurduna dönüşü yaxınlaşır. Biz qətiyyətimizlə, gücümüzlə qəribsəmiş yurd yerlərinə qayıdacağıq, haqq-ədalət bizim tərəfimizdədir.

Qurban İSMAYILOV,

Azərbaycan Tibb Universiteti

Tədris Cərrahiyyə Klinikasının

göz xəstəlikləri şöbəsinin müdiri.