Köçüb ürəklərdə qalan oldunuz
Region

Köçüb ürəklərdə qalan oldunuz

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Vətən müharibəsi şəhidləri Həsən Həsənovun, Cavid Məmmədlinin, Ruslan Rüstəmovun ailələrini ziyarət etdilər.

Ziyarət zamanı şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailələrinə bassağlığı verərək, onlara Allahdan səbir dilədi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrindən və Şanlı Zəfərdən söz açdı. Şəhidlərimizin qanlarının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, bütün bunlara görə qəhrəman əsgər və zabitlərimizə borclu olduğumuzu söylədi. Xalqımızın qürur və iftixarı olan müqəddəs şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını qeyd etdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. İcra başçısı şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ölkənin bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində mütəmadi davam etdirildiyini vurğuladı.

Görüş zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açıldı. Onların döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olundu. Şəhidlərin ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Görüşün sonunda şəhidlərə həsr olunmuş şeirlər səsləndi:

Köçüb ürəklərdə qalan oldunuz   

Unutmaq olarmı sizi, şəhidlər...

Tofiq HÜSEYN,

"Respublika".