Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibodan
Məktublar

Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu!

Zati-aliləri Prezident Əliyev!

Müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi bu əlamətdar günlərdə Keniya xalqının səmimi salamlarını və təbriklərini qəbul etməyinizi xahiş edirəm.

Prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının əsasını qoyan dahi uzaqgörən lider idi. Biz Azərbaycanın böyük oğlunun xatirəsini ehtiramla yad etməkdə sizlərə qoşuluruq. Ulu Öndərin strategiyası və xidmətləri sayəsində bütün İslam dünyası onun möhkəm təməl üzərində əsasını qoyduğu müasir Azərbaycan dövlətinə heyranlıqla baxır. Məhz onun xidmətləri sayəsində Azərbaycan xalqı və dövləti öz şöhrətini, sabitliyini bərpa edə bilib. Onun uzaqgörənliyi, müdrik rəhbərliyi sayəsində Azərbaycan bu gün əsas beynəlxalq enerji istehsalçısına və iqtisadi gücə çevrilib.

Bu əlamətdar günlərdə beynəlxalq ictimaiyyətlə əl-ələ verərək, uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə böyük Azərbaycan xalqının diplomatik, iqtisadi, sosial və mədəni tərəqqisini təmin edən dahi liderin fədakarlığını minnətdarlıqla və ehtiramla xatırlayırıq. Prezident Heydər Əliyevin Azərbaycan dövlətinin sabitliyinin, inkişafının və rifahının təmin olunmasında əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir. İnsan hüquqlarının tam təmin olunduğu, ümumbəşəri demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində, müasir Azərbaycan Ordusunun qurulmasında mərhum Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiririk.

Dərin hörmətlə,

Yusuf Abdulrahman Nzibo

Keniya Müsəlmanları Ali Şurasının sədri