Kənd turizminin inkişafı əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynaya bilər
Region

Kənd turizminin inkişafı əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynaya bilər

İnanmıram, elə insan tapılsın, onda gəzintiyə, səyahətə həvəs olmasın. Şəxsən mən, çiyninə fotoaparat asıb, hər hansı bir ölkənin məbədi, muzeyi, qədim tikilisi qarşısında bələdçilərin verdiyi məlumatlara diqqətlə qulaq asan, arabir fotoaparatı işə salıb gördüklərini lentə alan turistlərə həvəslə, açığı deyim, bir qədər də həsədlə tamaşa etmişəm. Turist səyahətləri arzum olub və bu arzunu zaman-zaman reallaşdırmağa çalışmışam.

Ötən əsrin səksəninci illərində regionlarda ekskursiya və turizm bürosu fəaliyyət göstərirdi. Adamlar Büroya müracıət edir, ünvan göstərir, növbəyə dayanır, müəyyən sayda dəstənin yaranmasını gözləyirdilər. Həmin illərin birində ilk dəfə Moskvaya turist səfərinə yola düşdüm. İzmaylov otel-kompleksində bizə yer verdilər, gün ərzində 3 dəfə qidalanma təşkil olundu. Növbəti gün düşünürdüm ki, ekskursiyalar təşkil olunacaq, Moskvanın görməli yerlərini gəzib-dolanacağıq. Səhər tezdən cəmi 2-3 nəfərdən başqa heç kəs gözə dəymədi. Aydın oldu ki, "turistlər" bazar-dükana alverə yollanıblar və onlara ekskusiya-filan o qədər də maraqlı deyil.

Demək mümkünsə, doxsanıncı illərin əvvəllərində ölkəmizdə bir "turizm bumu" yarandı. Adamlar bu dəfə MDB məkanına deyil, xarici ölkələrə üz tutdular. Qısa müddət ərzində Bakının müxtəlif yerlərində turizm büroları fəaliyyətə başladı. Mən, həmin illərin birində turist kimi çoxdan arzusunda olduğum Dubaya yola düşdüm. Çox səliqəli şəkildə təyyarəyə əyləşib Birləşmiş Ərəb Əmirliklərinə uçduq. Əlbəttə, belə vaxtlada yol yoldaşları ilə tanışlıq pis olmaz. Görüşüb hal-əhval tutduq. Dəstəmiz mükəmməl turistlərdən ibarət idi. Aramızda alimlər, biznesmenlər, hətta müğənnilər də var idi. Ara açıldıqca, hər kəs xısın-xısın Dubay səfərinin məqsədini izhar edirdi. Tezliklə aydın oldu ki, kimisi mebel, kimisi maşın, kimisi aztapılan pal-paltar dalınca Dubaya yollanır. Bu gözəl şəhərdə bir həftə ərzində biz, otelin yerləşdiyi küçədən başqa bir yer tanımadıq. Yaddaqalan o oldu ki, axırıncı gün oteldə kiçik bir ziyafət təşkil edib müğənni turistlərin ifalarına qulaq asdıq.

Aranda yaşayanlar yay aylarında harasa yollanıb bir qədər sərinləmək istəyirlər. 14 il dalbadal yay aylarını Qafqazın kurort şəhərlərində keçirdik, müəyyən səbəblərdən ara kəsiləndə, öz ölkəmizin səfalı guşələrində dincəlmək qərarına gəldik. Bu işdə turizm reklamları ilə bərabər tanış-bilişin məsləhəti də kara gəlir. Yardımlının son dərəcə təmiz havası ilə məşhur olan Perimbel, Daşkəsənin Xoşbulaq kəndlərinə baş çəkdik. Bu kəndlərdə hər şey var, hava, su, təmiz qidalanma, rahat otellər, amma turizm yoxdur. Yəni, əyləncə, istirahət, gəzinti, baş qatmaq üçün nəsə bir məşğuliyyət. Elə getdiyin gün darıxmağa başlayır və səhərisi gün geri qayıtmaq qərarına gəlirsən.

Nəhayət, sonuncu turist səfərimiz barədə bir qədər ətraflı danışmaq istəyirəm. Tətilə çıxan tələbə nəvəmə ölkəmizin gözəl guşələrindən birinə turist səfərinə yollanacağımıza söz vermişdim. Kompüter qarşısında əyləşib ünvanları nəzərdən keçirdik. Balakənin "Qubek" istirahət mərkəzi pis olmazdı. Lakin maddi imkanları götür-qoy edəndə aydın oldu ki, vəsaitimiz bu səfər üçün yetərli deyil. Lənkəranın "Xanbulan" istirahət mərkəzi daha cazibədar təsir bağışladı. Reklam disklərində Hirkan Milli parkında yerləşən yaraşıqlı otel göstərilir, turistlərə bir tərəfində Talış dağları, digər tərəfində dəniz, gözəl meşələr, Xanbulan çayı olan istirahət mərkəzində Lerikin, Masallının, Astaranın gəzməli görməli yerlərinə ekskursiyalar vəd olunurdu. Mərkəzdən bir kilometr aralı olan məşhur Xanbulan dəryaçasının sahilində yerləşən iaşə obyektlərində ləziz Lənkəran xörəklərindən dadmaq əsl istirahət ola bilərdi.

İstirahət mərkəzinə səhər tezdən çatıb səhər yeməyinə əyləşməyimizlə peşman olmağımız eyni vaxta düşdü. Stollar arxasında az adam gözə dəyirdi. Görünür, reklam öz təsirini göstərə bilməmişdi. Günəş bir boy qalxanda ətrafa ağır, nəmli bir hava çökdü. Dağlarla əhatə olunmuş ərazidə nəfəs almaq çətinləşdi. Nömrəyə qalxıb kondisioneri yandırdıq. Düz iki gün otaq şəraitində qalmağa məcbur olduq, üçüncü gün maşına əyləşib isti, lakin quru havası olan aran şəhərinə döndük. Həmin iki gündə nə Lerikə, Astaraya, Masallıya, nə də Xanbulan dəryaçasına ekskursiya barədə təklif eşitmədik. Turist səfərimiz otelin eyvanından dağların yamacına sərilən meşələrə tamaşa etməkdən özgə bir işə yaramadı.

Elə bu vaxt tanışlarımızdan bir dəstəsi İsmayıllı rayonunun Qalacıq kəndində istirahət edirdi. Çayın sahilində, axar-baxarlı yerdə hər bir şəraiti, hətta internet bağlantısı olan ev kirayə etmişdilər. Günləri pis keçmirdi, ən başlıcası qiymətlər cibə uyğun idi. Amma buna da "turizm" demək mümkün deyil. Düşünürəm ki, yaxın gələcəkdə dəbdəbəli, bəlağətli reklamların çox vaxt aldadıcı niyyətlərindən imtina edib, kənd turizminə üstünlük verməliyik. Təəssüf ki, turizmin istiqamətlərindən biri olan kənd-yaşıl turizminin inkişafı hələlik qaneedici səviyyədə deyil. Dünyanın əksər ölkələrində bu təcrübədən geniş istifadə edilsə də, bizdə bu məsələyə yanaşma birmənalı deyil. Bəs görəsən kənd-yaşıl turizminin inkişafı üçün hansı addımlar atılmalıdır?

Mütəxəssislər hesab edirlər ki, turistlərin büdcəsinə uyğun təkliflər hazırlanmalıdır. Turizm sahəsi son illərdə qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən biridir. Kənd turizminin inkişafı əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynaya bilər. Bu mənada kənd-yaşıl turizmini inkişaf etdirmək üçün ilk növbədə regionlarda yol infrastrukturu öz həllini tapmalıdır. Turistlərə icarəyə verilən kənd evlərində sanitariya-gigiyena qaydalarına diqqət edilməlidir. Bu sahə ilə məşğul olan şəxslərə peşəkar təlim və treninqlər keçirilməlidir. Kənd-yaşıl turizminin inkişafında dövlət dəstəyinin rolu çox vacibdir. Kənd evlərində turistləri qəbul etmək üçün lazım olan bütün şərait yaradılmalıdır ki, bu sahəyə turist cəlb olunsun. Çünki turistlər canlı reklam rolunu oynayırlar. Bundan başqa, qiymət məsələlərinə də xüsusi diqqət yetirilməlidir. Həddən artıq baha qiymətlərlə turistləri qaçırmaq işə ziyan gətirər. Kənd turizminin müasir dövrün tələblərinə uyğun təşkilində bələdiyyələr, kənd icra nümayəndələri, rayon mədəniyyət şöbələri fəallıq göstərməlidirlər. Kəndlərdə turistlər üçün əyləncəli tədbirlər təşkil etmək mümkündür.

Bir sözlə, biz, istər kənddə, istər şəhərdə, saysız-hesabsız dilbər guşələri olan ölkəmizin hər yerində imkan daxilində turist olmaq istəyirik. Lakin indiki halda bu, o qədər də asan deyil.

Tofiq HÜSEYN,

"Respublika".