Kəlbəcərdə yeni həyat başlayacaq
Sosial həyat

Kəlbəcərdə yeni həyat başlayacaq

İşğal dövrü xalqımız üçün nə qədər ağrılı olsa da bir o qədər də məsuliyyətli və çətin idi. Çünki yurd-yuvasını, doğma elini itirmiş insanların taleyinə kədərlə bərabər, həmin yerlərin adət-ənənəsini yaşatmaq, qorumaq da yazılmışdı.

Dağların, meşələrin qoynunda böyümüş adamların isti aran zonasında uzun illər yaşaması çox çətin idi. Təbii ki, məskunlaşdıqları coğrafi bölgə bu insanların yaşayış tərzinə də hərtərəfli təsir göstərirdi. Belə çətin uyğunlaşma dövrü keçən sakinlər sırasına kəlbəcərliləri də şamil etmək olar.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi zaman 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Rayonun 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İnsanlar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycanın cəmi 44 günə əldə etdiyi qələbə nəticəsində işğal altında olan ərazilər azad edildi. Xalq-dövlət birliyinin vəhdətində həm hərbi, həm də siyasi qələbə qazandıq. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı.

Qarabağın qala qapısı adlanan Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Azərbaycan dövlətinin düşünülmüş siyasəti və hərbi gücünün nəticəsidir. Hazırda Kəlbəcərdə sürətli tikinti-abadlıq işləri aparılır. Yaxın zamanda bu ərazilərə də sakinlərin köçü başlayacaq. Kəlbəcərlilərin də doğma yurdlarında yeni həyata başlayacaqları, ocaqlarının gur yanacağı gün gələcək. Bunun üçün də rayonda böyük infrastruktur layihələri həyata keçirilir. 2026-cı ilə kimi 1 şəhər, 1 qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası aparılır. Bu yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin inşası uğurla davam edir.

Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması nəzərdə tutulur. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı, 51-i beşotaqlı olacaq. Kənddə həmçinin 264 şagird yerlik məktəb və 80 yerlik uşaq bağçası inşa ediləcək. Zallar kəndində 487 ailənin məskunlaşması nəzərdə tutulur. Burada ümumilikdə 350 ev, 360 yerlik məktəb və 120 yerlik uşaq bağçası tikiləcək. Rayonun Zar kəndindəki işlər isə miqyasına görə daha böyük olacaq. Belə ki, burada ümumilikdə 855 ailənin məskunlaşması üçün 547 ev, 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. Bəli, bu gün dağlar qoynunda yenidən qurulan qədim Kəlbəcər öz müasir görkəmi ilə göz oxşayır. Səbirsizliklə doğma sakinlərinin yolunu gözləyir. Çünki bu yerləri insanların isti nəfəsi, sevgisi və qayğısı daha da gözəlləşdirəcək.

Əlbəttə ki, bölgədə quruculuq işləri aparılarkən ərazilərin təbiəti, coğrafi relyefi də nəzərə alınır. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı da sadalanan bütün nüanslara diqqət yetirilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizminin inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Həmçinin, Kəlbəcərdə Komando hərbi hissəsinin də yaradılması təqdirəlayiq haldır. Şəhərin Baş planı həm də bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Qədim yurd yerimiz Kəlbəcərin əvvəlki şöhrətini özünə qaytarmaq üçün ərazidə infrastruktur layihələri reallaşdırılır. 2021-ci il avqustun 16-da dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Həmin gün 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının açılışı olub və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli atılıb. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının, hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, "İstisu" mineral su zavodunun və "İstisu" sanatoriyasının təməlqoyma mərasimləri keçirilib. Ötən il avqustun 26-da isə ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə "Soyuqbulaq", "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak edib, "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Bütün görülən işlərin kökündə bir amal durur, qədim yurd yerlərimizi öz əzəli və əbədi görkəminə qovuşdurmaq.

Kəlbəcərlilərin doğma ata-baba ocaqlarına köçü yaxın günlərdə baş tutacaq. May ayında keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar və ilk mərhələdə 150 ailənin köçürüləcəyi nəzərdə tutulub. Aparılan tikinti-quruculuq işlərində yaşayış binaları ilə yanaşı, digər infrastruktur layihələri də həyata keçirilir. Belə ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Məktəbin həyətində tikilən idman meydançası sağlam nəslin yetişməsi üçün vacib amillərdən biri olacaq. Yaxın günlərdə doğma yurdlarına geri dönən kəlbəcərli şagirdlər ən yeni tələblərə cavab verən, hər cür inventarla təchiz olunmuş təhsil ocağında bilik və bacarıqlara yiyələnəcəklər. Bu təhsil ocağının yaradılması Kəlbəcərdə elmin inkişafına və təhsilin yenidən dirçəldilməsinə mühüm töhfə verməklə yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".