Kamil insan, dəyərli alim, unudulmaz müəllim, qayğıkeş ana
Sosial həyat

Kamil insan, dəyərli alim, unudulmaz müəllim, qayğıkeş ana

Sentyabrın 19-u görkəmli ictimai xadim Aida İmanquliyevanın anım günüdür

XX əsrin tanınmış ziyalılarından biri, görkəmli  şərqşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva... Onun qısa ömür salnaməsinə dərin təfəkkürü, sağlam düşüncəsi, təvazökarlığı ilə sığdırdığı parlaq əməlləri tarixin yaddaşına əbədi yazılıb. Ziyalılıq, kübarlıq, alicənablıq kimi yüksək keyfiyyətləri Aida xanımın həyat yoluna daima işıq salıb, Azərbaycanın ilk ərəbşünas alimi  həyatını Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqinə sərf edib və özündən sonra  zəngin yaradıcılıq irsi qoyub. Aida İmanquliyeva  ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısıdır.

O, 1939-cu il oktyabrın 10-da Bakıda, tanınmış jurnalist, pedaqoq, Əməkdar elm xadimi, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin redaktoru vəzifəsində çalışmış Nəsir İmanquliyevin ailəsində doğulub. 132 saylı orta məktəbi qızıl medalla başa vuraraq 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, "Qələmlər birliyi və Mixail Nüaymə" adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi adını alıb. 1966-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının  Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1976-1988-ci illərdə həmin institutda ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışıb. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib.

Tanrının yazdığı qısa, lakin mənalı ömür payını Azərbaycan elminin inkişafına həsr edən Aida xanım fundamental araşdırmaları ilə nəinki ölkəmizdə, eləcə də dünyada şərqşünaslıq elmini zənginləşdirmişdir. Görkəmli alimin yeni ərəb mühacir ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuayme, İlya Əbu Madil kimi Şərq ruhunu Qərb təfəkkürü ilə birləşdirən nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş tədqiqatları bu gün də öz  aktuallığını,  konseptuallığını qoruyub saxlayır. Qərb və Şərq mədəni ənənələrinin sintezi və  yeni bədii üslubun təşəkkülünə həsr olunmuş çoxsaylı elmi əsərləri  bütövlükdə müasir Şərq ədəbiyyatının  tədqiqinə  mühüm töhfələr vermişdir.  "Qələmlər birliyi  və Mixail Nüaymə", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri"   monoqrafiyalarının və 70-dən çox elmi məqalənin müəllifi olan tədqiqatçı alim,  həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olan Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini təkcə keçmiş SSRİ məkanında deyil, onun hüdudlarından kənarda da layiqincə təmsil edib. Dünyanın görkəmli alimləri tərəfindən məhcər ədəbiyyatının  sanballı tədqiqatçısı kimi qəbul edilən alimin yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında da böyük əməyi olub.

Şərqşünaslıq sahəsində uzun illər  araşdırmalar aparan Aida İmanquliyeva bütün elmi yaradıcılığını Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəltmiş,  Şərq-Qərb mədəniyyətinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Fransa, Özbəkistan, Gürcüstan, eləcə də bir sıra ərəb ölkələrində tanınan, əsərlərinə tez-tez istinad edilən görkəmli alim ərəb ədəbiyyatının korifeylərinin yaradıcılığını araşdıraraq ədəbi ictimaiyyətə tanıtmaqla ərəb və Azərbaycan ədəbiyyatları arasında sağlam körpü yaratmışdır.

Müəllim, tərcüməçi, ictimai xadim kimi də üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirən Aida İmanquliyeva nüfuzlu alimlərin yetişməsində, formalaşmasında, elmdə yüksək peşəkarlıq zirvəsinə ucalmasında  bir pedaqoq, vətənpərvər alim kimi əlindən gələni əsirgəməmişdir. Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur. Bütün elmi fəaliyyətini Azərbaycan şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına sərf edən Aida İmanquliyeva Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda məzmunlu məruzələrlə çıxış etmişdir. Dünyanın bir sıra aparıcı şərqşünaslıq mərkəzləri ilə əlaqələrin inkişafında maraqlı olan Aida xanım həm də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.

Aida İmanquliyeva ərəb ədəbiyyatının tanınmış simaları Cübran Xəlil Cübranın, Əmin ər-Reyhaninin, Mixail Nüaymənin  həyat və yaradıçılığını dərindən öyrənən ilk tədqiqatçı alimdir. Onun 1975-ci ildə Moskvada nəşr olunmuş ilk monoqrafiyası da Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı və  başqa ədəbi məktəblərdən fərqli cəhətləri barədə mülahizə və fikirləri bu gün də görkəmli şərqşünaslar tərəfindən yüksək qiymətləndirilir. Alimin monoqrafiyalarına, çoxsaylı elmi məqalələrinə dönə-dönə istinad edilir. Eyni zamanda, Aida xanım İmanquliyevanın gərgin əməyinin bəhrəsi olan və bir çox xarici dillərə tərcümə edilən "Yeni ərəb ədəbiyyatı korifeyləri" monoqrafiyası  ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsərlərindəndir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, nəzəri və praktik əhəmiyyəti yüksək dəyərləndirilmişdir.

Tərcümə sahəsində də əvəzsiz xidmətləri olan Aida İmanquliyeva ərəb ədəbiyyatı nümunələrini, məşhur ərəb yazıçılarının bədii əsərlərini  dilimizə tərcümə etmişdir. Onun kitablarında toplanmış tərcümələri Aida xanımın bədii əsərlərin  poetik ruhunu, orijinal dəst-xəttini, məna və məzmunu qoruyub saxlayan səlist tərcüməçi olduğunu sübuta yetirir.

Görkəmli elm xadiminin yaradıcılığı, bir pedaqoq kimi fəaliyyəti Azərbaycan elmininin inkişafında göstərdiyi əvəzsiz xidmətlər böyük dəyər kəsb edir. Mərhum akademik Vasim Məmmədəliyev yazırdı: "Aida İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı milli kökə, xalqa bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər daim özünü qabarıq göstərmişdir. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan görkəmli alim ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmışdır. Bununla da o, ərəb və Azərbaycan ədəbiyyatları arasında möhkəm körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışmışdır".

İllər keçsə, zaman dəyişsə də, Azərbaycan ədəbiyyatında, fəlsəfi təfəkküründə dərin iz qoyan istedadlı şəxsiyyət və ictimai xadim Aida İmanquliyevanın xatirəsi   xalqımızın qəlbində əbədi yaşayacaq: kamil insan, dəyərli alim, unudulmaz müəllim, qayğıkeş ana kimi.

Mehparə ƏLİYEVA,

"Respublika".