İslamofobiya tolerantlığa və plüralizmə ziddir
Siyasət

İslamofobiya tolerantlığa və plüralizmə ziddir

İslama və ya müsəlmanlara qarşı qorxu, qərəz, ayrı-seçkilik və ya nifrəti ifadə edən islamofobiya termini bu gün daha çox eşidilir.

İslamofobiya müxtəlif formalarda, stereotipləşdirmə, mənfi münasibət, şifahi təhqir, fiziki hücumlar və ya müsəlmanları hədəf alan ayrı-seçkilik şəklində özünü göstərə bilər və o, insanların öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmə hüququnu pozur. Dini etiqad azadlığı hamı tərəfindən qəbul edilmiş insan hüququdur. Təəssüf ki, bəzi qüvvələr islamofobiyanı yaymaq, yaxud bu məsələyə səssiz qalmaqla cəmiyyətdə parçalanma və düşmənçiliyi təşviq edir, sosial birliyi pozurlar. Xüsusən də Fransa, Ermənistan kimi ölkələrin adı islamofobiya ilə tez-tez hallandırılır. Bu yaxınlarda Fransada daha bir məscid hücuma məruz qalıb. Nor-Pa-de-Kale əyalətinin Sent-Omer şəhərindəki məscidə namazdan əvvəl hücum həyata keçirilib və məscidə donuz başı atılıb. Paris rəsmiləri məscid və ibadət yerlərinin ətrafında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiklərini desələr də, ölkədə islamofob hadisələr davam edir. Müsəlmanlara və məscidlərə edilən hücumlara siyasilər səssiz qaldıqca bu problemin hələ uzun zaman aktual olacağı düşünülür. Çünki islamofobiya Fransada illərdir davam edir.

2004-cü ildə Fransa müsəlman qadınların məktəbdə hicab geyinməsini qadağan edib. 2010-cu ildə isə ictimai yerlərdə üzü örtən paltarların geyinilməsini qadağan edən qanun qəbul olunub. Prezident Emmanuel Makron da hicabın fransız ideallarına uyğun olmadığını bəyan edib. İslamofobiya Fransada həm açıq, həm də gizli formada özünü göstərir. Bu, çox vaxt idarəetmə orqanlarının özləri tərəfindən sanksiyalaşdırılır. Fransadakı müxtəlif inanclara, mədəniyyətlərə qərəzin səbəbi mühacirlərin problemli statusu məsələsində müsəlmanların "günah keçisi" elan edilməsindən irəli gəlir. Fransız elitaları ölkələrində postkolonial mühacirləri və onların nümayəndələrini görmək istəmir və onlara nəzarət etmək üçün islamofobiyanı tətbiq edirlər.

Qərb qonşumuz Ermənistan da islamofobiya mövzusunda öz havadarı Fransadan heç də geri qalmır. 30 il işğal müddətində Qarabağdakı məscidlərimizdə donuz saxlayan, ibadət yerlərini xarabalığa çevirən Ermənistan əsl islamofobiya yuvasıdır.

Qeyd edək ki, 27-28 noyabr 2020-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərində keçirilən toplantısında 15 mart tarixi "İslamofobiya ilə mübarizə günü" elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası isə 2022-ci il martın 15-ni "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib. Bu il həmin tarixdə BMT Baş Assambleyasında islamofobiya ilə mübarizə istiqamətində yeni qətnamə qəbul olunub. Pakistanın BMT-dəki daimi nümayəndəliyinin səsverməyə təqdim etdiyi sənəd 44-ü bitərəf olmaqla, 115 səslə qəbul edilib. Ölkəmiz də bu qətnamənin lehinə səs verib. Sənəddə son illərdə dünyada artan islamofobiya, insanlara dinə və əqidəyə görə zorakılıq hallarına qarşı mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müsəlmanlara qarşı ayrı-seçkilik multikultural cəmiyyətlər daxilində sosial birliyi və inteqrasiyanı pozur. İslamofobiya multikultural cəmiyyətlərdə dinc-yanaşı yaşamaq üçün vacib olan tolerantlıq, müxtəliflik və plüralizm dəyərlərinə ziddir. İslamofobiya ilə mübarizə dini inanclardan asılı olmayaraq bütün fərdlərə qarşı anlaşma, tolerantlıq və hörməti təşviq etmək üçün təhsil, qanunvericilik, dinlərarası dialoq və ictimaiyyətin cəlb edilməsini əhatə edən çoxşaxəli yanaşma tələb edir. Keçmiş Sovet imperiyası zamanı ölkəmizdə islam dini ilə bağlı olan hər şey məhv edilib, məscidlər bağlanıb, Qurani-Kərim tonqallarda yandırılıb. Buna baxmayaraq, Azərbaycan cəmiyyəti islamı qoruyub saxlamağı bacarıb. On illər boyu bu problemdən əziyyət çəkən bir ölkə kimi Azərbaycan daim islamofobiyaya qarşı mübarizə aparıb.

Bu yaxınlarda Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilib. İştirakçılara müraciətində Prezident İlham Əliyev deyib ki, XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.

Bir çox beynəlxalq konfrans və tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bu məsələdə də təşəbbüskarlıq və təşkilatçılıq mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz multikulturalizm mərkəzinə çevrilib. Bu gün Azərbaycan dünyanın ən böyük problemi, islamofobiya və neokolonializm kimi cinayətlərə qarşı qlobal mübarizənin önündə gedir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".