İslamofobiya: keçmişdən bu günə
Siyasət

İslamofobiya: keçmişdən bu günə

İslamofobiya. Hərfi mənada "İslam qorxusu" kimi tərcümə edilən bu termin günümüzdə iki cür özünü büruzə verir. İlk növbədə dini öyrənməkdən qorxmaq və ya çəkinmək kimi qiymətləndirilir.

Nisbətən daha az yayılmış bu anlayış əsasən digər dinlərə inanan ailələrdə böyümüş şəxslərdə müşahidə olunur. Digəri isə islamofobiya dedikdə ilk ağlımıza gələn və həddindən artıq çox yayılan müsəlman düşmənçiliyidir. Burada həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi var. İllərdir ki, Qərbin bəzi ölkələri tərəfindən iki eybəcər xislət - zorakılıq və soyqırımı müsəlmanların üzərinə böhtan kimi atılır. Əslində isə İslam Şərq və Qərb mədəniyyətləri arasında əvəzsiz bir körpüdür.

İslama qarşı olan bu nifrətin səbəblərindən biri yəqin ki, VIII əsrdə İspaniyada Əndəlusun müsəlmanlar tərəfindən fəth edilməsi ilə əlaqədardır. Xaç yürüşlərinə əsgər toplamaq məqsədilə kilsə nümayəndələrinin aparmış olduğu təbliğat nifrət toxumlarının səpilməsində zəmin rolunu oynayıb. 2001-ci ilin sentyabrında Nyu-Yorkda baş verən terror hadisəsi, "Charlie Hebdo" satirik jurnalına edilən basqın isə islamofobiya meyillərini daha da alovlandırıb. Maraqlıdır ki, bu kimi təxribatlar əsasən Qərb ölkələrində baş verir. İslamofobiya daha çox bu bölgələrdə yayılmış ideologiyadır. Bu gün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz həyatının daim təhlükə altında olduqlarını qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də, internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır. Kütləvi informasiya vasitələri ilə yanaşı, bir sıra təəssübkeş və tolerantlıqdan kənar siyasət adamlarının, politoloqların və ictimai xadimlərin İslamın və müsəlmanların əleyhinə etdikləri çıxışlar münasibətləri daha da gərginləşdirir. Bundan başqa, nümayişlər, etiraz aksiyaları da sözsüz ki, kirli ideologiyanın geniş vüsət almasında mühüm rol oynayır. Belə ki, Avropa və Amerikada müsəlmanların cəmiyyətə inteqrasiyasının qarşısı alınır və ikili standart tətbiq edilir. Bəziləri İslamı ölkələrinin dəyərlərinə təhlükə kimi görürlər. Bundan başqa, onlar müsəlmanları terrorçularla bir tuturlar. Avropa cəmiyyətində İslama inanan şəxslər birbaşa həmin "statusu" alır. Belə olduqda müsəlman şəxslərin dövlət qurumlarında rahatlıqla işə düzəlməsinə əngəllər yaranır, geyimə, yəni hicab taxılmasına müdaxilələr olunur. Bununla yanaşı, məscidlərin tikilməməsi üçün əllərindən gələni edirlər. "Məscid istəmirik", "Azanın səsini kəsin", "Müsəlmanlar terroristdir" sözləri yazılmış plakatlarla etiraz aksiyaları keçirirlər. Müsəlmanları "terrorçu" adlandıranlar İslamın müqəddəs evində namaz qılan insanları öldürür, təxribat törədərək kütləvi insan tələfatına səbəb olurlar. Kristçörç (Christchurch) şəhərində iki məscidə hücum (51 ölü və 49 yaralı), Kvebek Böyük Məscidinə hücum (6 ölü və bir neçə yaralı), Oslo və Utoya faciələri (77 ölü və 151 yaralı) - bunlar hamısı islamofob terrorçular tərəfindən törədilib. Belə bir addım 2019-cu il martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində də baş verib. Məsciddə törədilmiş təxribat nəticəsində 51 müsəlman həlak olub. Hadisədən bir il sonra noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması elan edilib. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib. Qərarda insan hüquqlarına, müxtəlif din və inanclara hörmətə əsaslanan beynəlxalq səylərin gücləndirilməsi, tolerantlıq və sülh mədəniyyətinin və qlobal dialoqun təşviqi tələb olunur. Həmçinin dini inanclarına görə ayrı-ayrı şəxslərə və bütün ibadət yerlərinə qarşı edilən zorakılıq hərəkətləri qəti şəkildə pislənilib.

İslam dininin mədəni və estetik yenilikləri, onun dünya və Avropa intibahına verdiyi töhfələr lazımi qədər qiymətləndirilmir. Əlbəttə ki, mövzuya aid tədqiqatların azlığı və çağdaş İslam dünyasının vəziyyəti qiymətləndirmə meyarlarına mənfi təsir edib və bu hələ də davam edir. Ancaq İslamı gözdən salmaq məqsədilə Qərb elmi düşüncə tərzinə meyil edən görüş və anlayışlar natamam və nöqsanlıdır. Dəfələrlə ABŞ, Fransa kimi ölkələrdə müsəlmanların həyat keyfiyyətini aşağı salmaq üçün addımlar atıblar, məscidlərin tikilməməsi üçün qanunda yazılmayan maddələrlə əngəl törədiblər. Hansı ki, bu dövlətlər Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb. İllik siyahını açıqlayan ABŞ dövlət katibi Antoni Blinken ötən ilin qara siyahısında olan 12 ölkənin hamısının yerində qaldığını, lakin bütün bunlarla yanaşı, Əlcəzair, Azərbaycan, Mərkəz Afrika Respublikası, Komor Adaları və Vyetnamın da daxil edildiyini bildirib. Azərbaycan digər dövlətlərin əksinə dini azadlıqlara, bütün dinlərə mənsub insanlara hörmətlə yanaşan, onların fəaliyyətinə şərait yaradan çoxdinli, çoxmillətli ölkədir. Əslində, maraqlıdır, əsl islamofobiyanın baş verdiyi ABŞ kimi dövlətlər indi respublikamızı günahlandırır. Lakin Ermənistan bizim torpaqlarımızda məscidlərimizi darmadağın edəndə, tövlə halına salanda danışmadılar. Ölkəmizin bu günə qədər təmir etdiyi, güclü maliyyə dəstəyi göstərdiyi digər dinlərə mənsub ibadət evlərini isə görməzdən gəlirlər. Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir edilib. Hayların əksinə, respublikamızda 10-dan çox erməni kilsəsi və digər dinlərə mənsub müqəddəs məbədlər mövcuddur. 2016-cı ildə Roma Papası Fransiskin tolerantlıq üzrə Azərbaycanı dünyada model ölkə kimi dəyərləndirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edilib ölkəmiz İslam Həmrəyliyi Oyunlarına, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, Bakı Humanitar Forumu, həmçinin dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ötən il paytaxtda islamofobiyaya dair beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, bu tədbir BMT-nin İslamafobiyaya qarşı beynəlxalq mübarizə günü elan etməsinin bir illik yubileyinə təsadüf edib. İslam mədəniyyətinin bir parçası olan Azərbaycanın bu konfransa ev sahibliyi etməsi də şübhəsiz ki, təsadüfi deyil. Belə ki, 31 fərqli ölkədən dünyanın tanınmış ekspertləri beynəlxalq konfransa qatılıb. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində onun təzahürləri haqqında müzakirələr aparılıb. Bu il yenidən baş tutan beynəlxalq elmi konfransın mövzusu "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" olub. 2-ci ildönümündə dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. İştirakçıların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya səfəri də baş tutub və işğal zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlar verilib. İlk ziyarət yerləri isə Yuxarı Gövhər Ağa məscidi olub. Qonaqlar burada namaz qılıb, dualar ediblər. Şuşanın səfalı havası, gözəl təbiəti və tarixi yerləri ilə tanış olan konfrans iştirakçıları qədim şəhərimizə heyran qalıblar.

Bütün bunlarla yanaşı, dövlət başçımızın din məsələsinə olduqca həssas yanaşması və prosesləri yaxından izləməsi xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev öz çıxışlarının birində bildirib: "Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir".

Töhfə SƏMƏDOVA,

"Respublika".