İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevrilir
İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevrilir

Qarabağ və Şərqi Zəngəzurun əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, burada alternativ bərpaolunan enerji mənbələri ilə yanaşı, günəş, külək və su resurslarından istifadə üçün əlverişli şərait yaradıb. Bu səbəbdən, dövlətimizin başçısı işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə almaqla həmin əraziləri "yaşıl enerji" zonası elan edib. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur ki, bu gün həmin potensialdan səmərəli şəkildə istifadə olunur. Düşmən tapdağından azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji" layihələrinə xüsusi diqqət ayrılması bunu bir daha təsdiqləyir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu zəngin su ehtiyatlarına malikdir. Başqa sözlə desək, respublikanın yerli su ehtiyatlarının 25 faizi məhz bu torpaqlardadır. Bundan başqa, həmin ərazilərdə 14 çay və 9 su anbarı da var. Bölgənin yerüstü və yeraltı su ehtiyatlarından isə həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün geniş şərait mövcuddur. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə su təminatını yaxşılaşdırmaq, həmin bölgədə əhalinin məskunlaşmasını sürətləndirmək, eyni zamanda turizmi inkişaf etdirmək mümkündür. Bununla yanaşı, həmin ərazilərin mövcud su ehtiyatları alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də zəmin yaradır. Təsadüfi deyil ki, ötən illərdə bu ərazilərdə ümumi gücü 53,6 meqavat təşkil edən 11 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verilib. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237,55 meqavat gücündə çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır.

Ölkəmizin digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan "Xudafərin" və 80 MVt olan "Qız qalası" su elektrik stansiyalarıdır. Hazırda tikintiləri davam etdirilən və inşasının sonrakı 2 il ərzində yekunlaşdırılması nəzərdə tutulan bu SES-lər də enerji baxımından xüsusi əhəmiyyətə malikdir. 2020-2023-cü illər ərzində "AzərEnerji" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərdə 11 yenidən qurulan və bərpaedilən kiçik su elektrik stansiyasında indiyədək, ümumilikdə 110 milyon kilovat/saat (kVts) "yaşıl enerji" istehsal edilib. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin qısa müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Bu yaxınlarda isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Qaradağ Günəş Elektrik Stansiyasının da əhəmiyyəti böyükdür. Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan bu müəssisə 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Qaradağ Günəş Elektrik Stansiyası, həmçinin xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməsi planlaşdırılan stansiya ümumilikdə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan yaradacaq. Bununla yanaşı, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Həmçinin stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya da tikilib.

Qeyd edək ki, 2021-ci ilin aprelində Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Keçən il martın 15-də isə "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyanın təməlqoyma mərasimi keçirilib.

Nəzrin ELDARQIZI,

"Respublika".