İrəvanı vahiməyə salan
Siyasət

İrəvanı vahiməyə salan "Mustafa Kamal  Atatürk-2023" təlimi

Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ərəfəsində Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlər müasir döyüş üsullarından istifadə edilməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi ilə başa çatıb.

Bu il keçirilən təlimlər həm hərbi əməkdaşlıq, həm də müasir silah sistemlərinin nümayişi baxımından fərqlənib. Təlimlərdə "Aselsan", "Roketsan", "Havelsan" və "Bayraktar"ın məhsulları nümayiş olunub. Plana uyğun olaraq şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib. Təlimə cəlb edilən Azərbaycan və Türkiyə hərbi qulluqçuları qarşıya qoyulan bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdiriblər.

İki ölkə arasında keçirilən bu təlimlər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Hərbi təlimlər sayəsində bir millət, iki dövlət tək orduda birləşərək bütün dünyaya bölgənin, Cənubi Qafqazın ən güclü ordusu olduğunu nümayiş etdirib.

"Hər bir hərbi təlimin siyasi nəticələri və hədəfləri var. Digər tərəfdən, Ermənistan müdafiə nazirinin Fransada hərbi müqavilə imzaladığı bir dönəmdə Türkiyə və Azərbaycanın birgə təlimlər həyata keçirməsi güc nümayişidir. Eyni zamanda təlimlərə digər ölkələrin müdafiə nazirlərinin qatılması bu gücün dostlarla paylaşmaq mənasına gəlir. Hesab edirəm ki, "Mustafa Kamal Atatürk-2023" birgə təlimi 1991-ci ildən başlayaraq bu günə qədər davam edən Ankara və Bakı hərbi təlimlərinin zirvəsi oldu". Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk vurğulayıb. O deyib: "İl boyunca keçirilən və təlim-tədris prosesinin ən son mərhələsi olan bu təlim mövcud çətin geosiyasi şəraitdə Azərbaycanın yaratdığı yeni reallıqla barışmaq istəməyən Ermənistan ilə Fransa kimi bölgə və dünya ölkələrinə verilən bir mesajdır. Təlimin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunması və Qazi Mustafa Kamal Atatürkün adını daşıması ortaq tariximizdən güc aldığımızı və qarşıdakı dövrdə qardaşlığımızın daha da möhkəmlənəcəyini göstərir. Bununla bərabər, təlimlərin Naxçıvan, Bakı və düşmən işğalından azad edilən ərazilərdə keçirilməsi də xüsusilə diqqətçəkən məqamlardan oldu. Artıq eyni hərbi texnikanı istifadə edirik, eyni təlim-tədris proseslərini keçiririk, eyni koordinasiyaları aparırıq, eyni şeyləri düşünüb, hiss edib ehtiyac yarandığı halda ortaq düşməni məhv edə biləcəyimizi göstəririk. Sonsuzadək davam edəcək bərabərliyimiz düşmənlərimizi qorxuya salır.

İl ərzində Azərbaycan və Türkiyə arasında 20-yə yaxın hərbi təlim təşkil edilib. Təlimlər ümumi hərbi sistemin nizamnaməsinin ən üst nöqtəsi və ən sistemli bünövrəsidir. Bu mənada, deyə bilərik ki, Bakı həm təhlükəsizlik mənasında, həm də müdafiə sənayesində mərkəz rolunda çıxış edir. Bir sözlə, Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır".

Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimində "Roketsan" şirkətinin istehsalı olan TRLG-230 raketindən istifadə edilib. Təlim zamanı TRLG-230 raketi təyin olunan hədəfi dəqiqliklə məhv edib. TRLG-230 raketi ilk dəfə Azərbaycan Ordusu tərəfindən Qarabağ savaşında uğurlu şəkildə tətbiq edilib. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri "Bayraktar TB2" PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbələr endirməyə imkan verib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.