...İRƏVANA GEDƏN YOL
Digər xəbərlər

...İRƏVANA GEDƏN YOL

87 yaşlı İrəvan əsilli kübar xanım Rəna müəllimə ilə söhbətdən faydalanmaq fürsətini əldən vermək istəmədim. Odur ki, Rəna xanımla söhbətdə qeydlər etdim.

Beləliklə, Rəna xanım atasından, anasından və böyük bacı-qardaşlarından eşitdiklərini və gördüklərini mənimlə bölüşməyə məmnuniyyətlə razılaşdı.

O, 6 avqust 1938-ci ildə İrəvanda dünyaya gəlib. İxtisasca müəllimə, özü də dil-ədəbiyyat müəlliməsi olduğuna görə fikirlərini rahat və səlis ifadə edə bilir. Deyir ki, atası Məmmədov Əli Oruc oğlu da 1884-cü ildə İrəvanda, anası Tərlan xanım da, babası Kərbəlayi Oruc da təxminən 1850-ci illərdə İrəvanda anadan olub. Bir sözlə, Rəna müəllimənin dediyinə görə onlar əsilli-köklü irəvanlılardırlar. Bəlkə də nəsil şəcərəsi elə İrəvan tarixiylə yaşıddır. Təxminən iki hektar torpaq sahəsinin içində yerləşən əzəli yaşayış yerləri, dədə-baba mülkləri İrəvanın düz ortasından keçən Gedərçayın qırağında yerləşdiyinə görə onların tayfasına "Gedərçaylılar" deyərmişlər. Onlardan əlavə həmin ərazidə, çay boyunca azərbaycanlılara məxsus daha bir neçə mülklər, torpaq sahələri olub. Həmsöhbətim deyir ki, buralar sırf azərbaycanlılar yaşayan məhəllələr idi. Orada XX əsrin əvvəllərinə qədər heç bir nəfər də olsun erməni yaşamayıb. İrəvan şəhərinin ətrafında azərbaycanlılara məxsus "Dəlmə", "Nərəkığ", "Dərə" və başqa bağ yerləri də vardı. Kifayət qədər bərəkətli torpaqlarda kənd təsərrüfatı məhsulları, tərəvəz, meyvə yetişdirərdik. Ata-babalarımız bu təsərrüfatlarda erməniləri işlədərdilər. Atamdan eşitmişəm ki, bizim bağlarda işləyən erməninin birinin adı Yeqor, digərinin adı isə Xaçatur olub. Yetişdirilən məhsulun satılması adətən Yeqora tapşırılardı. İndiki dillə desək babam, atam sahibkar olublar. Rəna müəllimə deyir ki, babamla nənəm evlənərkən atası nənəmə "Nərəkığ"dan cehiz olaraq bir bağ sahəsi pay veribmiş. Ona görə də atamgil təsərrüfatla məşğul olmaq, daha çox maddi gəlir əldə etmək üçün kifayət qədər geniş imkanlara malik olublar. Çox varlı-imkanlı həyat yaşamışıq. Amma ermənilərin durmadan İrəvana yerləşdirilməsi bizim orada, əzəli torpaqlarımızda inkişaf etmək, möhkəmlənmək imkanlarımızı məhdudlaşdırırdı. Ermənilər İrəvanda çoxaldıqca azğınlaşır, dünənədək qapımızda hambalçılıq edən, acından ölən gədələr artıq get-gedə baş qaldırmağa başlayır və ötən əsrin əvvəllərindən bizə qarşı təşkil olunmuş ayrı-ayrı silahlı qruplaşmalarda toplaşırdılar. Şəhərdə tez-tez xırda qarşıdurmalar baş verir, xəlvətə saldıqca azərbaycanlıları qətlə yetirirdilər.

Rəna müəllimə atasından eşitdiklərindən danışır ki, 1905-ci ildə yaşadıqları Gedərçay məhəlləsinə xəbər çatır ki, erməni yaraqlıları səhər azərbaycanlıların yaşadıqları evlərə basqın edəcəklər. Kişilər qocaları, qadınları, uşaqları daha etibarlı, pəncərələri dəmir barmaqlı, tikintisi tuf daş olan, ikimərtəbəli olduğuna görə bizim evə toplayaraq müqavimət göstərmək üçün pusqularda mövqelər tutublar. Səhər məhəllə həqiqətən də erməni silahlılarının basqınına məruz qalır. Boş qalmış evlərə ziyan vurur, talanlar edirlər. Nəhayət, insanların bizim evə toplaşdığını bilib bura soxulmağa, yandırmağa cəhd göstərirlər. Lakin müqavimətlə üzləşdikdən sonra evi gülləbaran edirlər. Hətta erməni silahlıları arasında ruslar da olub. Onlar rus dilində danışaraq guya xilaskar kimi gəldiklərini bildirir, qapını açmağı tələb edirmişlər. Bu zaman evin ikinci mərtəbəsinin pəncərəsindən boylanan 13-14 yaşlı əmim Rzanı tüfəng atəşiylə qətlə yetiriblər. Çox cəhdlərə baxmayaraq, evə daxil ola bilməyib çıxıb gediblər. Bir qədər sonra artıq evlərə qayıdan kişilər bu qətldən agah olur və "narahat olma, Rzanın qanını yerdə qoymarıq" deyə nənəmə təskinlik verirlər. Qeyd edim ki, o vaxt artıq babam yox idi. O, dünyasını atam hələ 3 yaşında olarkən, 1887-ci ildə dəyişmişdi. Qeyrətli kişilərimiz doğrudan da əmimin qisasını yerdə qoymayıblar. Səhəri gün bizə gələrək nənəmi bayıra çağırıb "oğlunun qanını aldıq" deyə təsəlli verəndə nənəm hönkürtüylə ağlayaraq, oğlunun ölümü qədər ermənilərin ölümünə heyifsilənmiş, göz yaşı tökübmüş.

Müəllimə eşitdiklərinə və gördüklərinə istinadən deyir ki, 1988-ci ildə başa çatan azərbaycanlıların öz torpaqlarından, ev-eşiklərindən zorla çıxarılma, deportasiya prosesi bizə qarşı ermənilər tərəfindən düz yüz il boyunca aparılan siyasətin sonluğu idi. Bütün bu müddət ərzində ermənilər İrəvana axın edib. Özü də haradan gətirildiklərini bilmirəm, hamısı cır-cındırın içində, ac-susuz olublar. Amma ayaqları yer tutduqca, çoxaldıqca baş qaldırıb, içlərində bizə qarşı kin-küdurət gəzdirib, məqam yetişdikcə pislik ediblər. Erməni o zaman yaxşı olub, yaxşılıq edib ki, o yaxşılığın arxasında daha pis əməl gizlənib.

1918-1919-cu illərdə bir gün əhali arasında xəbər yayılıb ki, artıq İrəvan ermənilərə verilib. Bu xəbər yerli azərbaycanlıları çox sarsıdıb və etirazlarına səbəb olub. Azərbaycanlılar artıq daha da azğınlaşmış, aşkar basqınlara, talanlara başlamış ermənilərə qarşı müqavimət dəstələri yaratmağa başlayıblar. O zaman atamın 24-25 yaşı varmış. O da dərhal bir çoxları kimi, bu müqavimət dəstələrinə qoşulub. Eşitdiyimə görə onlar köməyə gəlmiş türk ordusunun tərkibində İrəvan yaxınlığındakı Qəmərli qəsəbəsində erməni quldur dəstələrinə qarşı vuruşub. (Güman edirəm ki, bu müqavimət dəstələri həmin dövrdə yaradılmış və cəmi 6 ay mövcud olmuş Araz Türk Cümhuriyyətinin ordusuna aid olub - red.). Atam bir müddətdən sonra evə qayıdarkən fürsətcil ermənilərin evə soxulduğunu, ailə üzvlərimizin isə evdən çıxarılaraq tövləyə yerləşdiyini görüb. O, dərhal erməniləri evdən çıxarıb qovaraq ailə üzvlərini öz evinə qaytarıb.

Elə həmin vaxtlardan şəhər günbəgün erməniləşdirilir, insanlar arasındakı münasibətlər, şəhərdəki ab-hava, etnik balans ermənilərin xeyrinə dəyişir, inzibati orqan, idarə, təşkilatlarda azərbaycanlılara qarşı süni, bürokratik əngəllər yaradılır, soyuq müharibə aparılırdı. Bütün bunlar heç şübhəsiz, Sovet hökumətinin himayəsi altında baş verirdi. Şəhərdə azərbaycanlı izləri çox sürətlə silinirdi.

Rəna müəllimə ata-anasından eşitdiyinə görə deyir ki, 1938-ci ildə İrəvanda (o zaman bu proses bütün Azərbaycanda aparılıb) azərbaycanlı əhalidən bütün pasportlar səbəb deyilmədən hökumət tərəfindən yığıldı. Qısa müddət sonra geri qaytarılanda gördük ki, pasportlar dəyişdirilərək indiyədək milliyyəti "türk" yazılan qrafada "azərbaycanlı" yazılıb. Bundan sonra hər yerdə və daim bizə türklüyümüzü unutdurmağa çalışıblar.

Rəna xanım daha bir tarixi fakt barədə belə deyir: 1948-ci ilin yazında Gedərçay daşıb azərbaycanlılar yaşayan bir neçə evi sel basmışdı. Bu zaman artıq onun 10 yaşı vardı və bu hadisələrin canlı şahidi olub. Hökumət çayın daşmasını əldə əsas tutaraq çayboyu yaşayan azərbycanlıların hamısını bütövlükdə guya təhlükəsizlik məqsədilə evlərdən çıxarıb başqa, xeyli uzaqda yerləşən, çox aşağı səviyyəli yaşayış şəraiti olan evlərdə yerləşdirdi. Biz də şəhərin "Moskva" kinoteatrı yaxınlığında yerləşən şəhər evimizə köçdük. "Çayın daşması həqiqətənmi fəsadlar yaratmış, evlərə, insanlara çox böyük ziyan vurmuşdu" sualıma o bildirdi ki, "Xeyr. Bu adi yaz vaxtlarında çayda su bir az artıq olmuş, yaxın sahillərə çıxmışdı. Daşqın nəticəsində heç bir ciddi ziyanlıq da törədilməmişdi". (Qeyd edim ki, azərbaycanlılara məxsus Gedərçay sahilindəki evlər onların bağ evləri sayılırdı). Müəyyən qısa vaxtdan sonra bir də xəbərimiz oldu ki, həmin evlərimizə kənardan gətirilmiş erməniləri köçürüblər. Bu, azərbaycanlıların 1948-ci il deportasiya vaxtilə üst-üstə düşdüyünə görə yerləşdirilmiş erməniləri öz evlərimizdən çıxararaq evləri geri qaytarmaq heç də hamıya müyəssər olmadı.

HÜseyn-XƏZƏR,

AJB-nin üzvü.