Aqrar   sahə: Quşçuluğun  inkişafında  dövlət  dəstəyi
İQTİSADİYYAT

Aqrar   sahə: Quşçuluğun  inkişafında  dövlət  dəstəyi

Əhalinin ərzaq   məhsulları   ilə etibarlı   təminatında heyvandarlıq, o  cümlədən   quşçuluq məhsulları   müstəsna  rol  oynayır. Çünki  respublikamızda bir   adamın ətə  olan   illik   istehlak   tələbatı  38, o  cümlədən quş  ətinə  olan  istehlak  norması  8   kiloqramdır. İnsanların il  ərzində 150  ədəd   yumurta  yeməyə, 220 kiloqram  süd   içməyə    ehtiyacı var.

Elə   buna  görə   də  respublikamızda  heyvandarlığın   inkişafı   həmişə   dövlətin   prioritet  vəzifələrindən  sayılıb. Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində dövlət   tərəfindən  bir sıra mühüm addımlar atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən  il  iyulun 1-də  imzaladığı  “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında”  Fərmanına   əsasən,  quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarının idxalı ƏDV-dən azad edilib. Nəticə   çox   müsbət  olub. Belə  ki, ötən  il  ölkədə diri   çəkidə ət   istehsalı  əvvəlki   ilə   nisbətən  3  faiz    artaraq 628   min   ton, süd   istehsalı 2  milyon  264,7  min  ton (əvvəlki  ildəkindən  1.9  faiz  çox), yumurta  istehsalı  2  milyard  18,1 milyon  ədəd  (9,8   faiz  çox) yumurta   istehsal  olunub.

Qeyd edək ki, cənab Prezidentin qeyd    edilən Fərmanına əsasən, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi.

Azərbaycanda quşçuluq sektorunun   dinamik  inkişafını     təmin   etmək  məqsədilə Nazirlər Kabineti bu il fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb. Fevralın 27-də isə Prezident İlham Əliyevin Fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddəti 2024-cü ilin 1 yanvarına qədər artırılıb.

Göründüyü   kimi, dövlətimiz  quşçuluğun   inkişafına  ardıcıl   dəstəyini  davam   etdirir   və  bu  da gələcək  dövr  üçün də  ərzaq  bolluğu   təminatına möhkəm zəmin yaradır.

Nəriman CAVADOV,

“Respublika”.