İpoteka: uzunmüddətli zəmanət, yaxşılaşan rifah
Sosial həyat

İpoteka: uzunmüddətli zəmanət, yaxşılaşan rifah

Sosial siyasətin bir elementi kimi ölkəmizdə bundan yararlananların artım dinamikası davam edir

İpoteka və Kredit Zəmanət Fondu ölkənin bank və maliyyə-kredit seqmentinin önəmli iştiraklarından birinə çevrilməkdədir. Fondun son illər ortaya qoyduğu sosial-iqtisadi layihələrin uğur qazanması dinamikası bu qənaəti təsdiqləyən əsas amildir. 2005-ci ildə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” ölkə Prezidentinin Fərmanı ilə əsası qoyulmuş fondun əsas məqsədi əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir. Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olaraq yaradılan Fondun əsas hədəfi əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Belə ki, 2006-cı ilin martında ölkədə ilk uzunmüddətli ipoteka krediti verilmişdir ki, bu məqsədlə klassik ipoteka mexanizmi yaradılmış, ipoteka kreditləri infrastrukturu tam formalaşmış, MDB, eləcə də digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditləri şərtləri tətbiq olunmuşdur.

Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair proqramlardan biri də müəyyən sosial qrupların məqbul şərtlərlə mənzil əldə edə bilməsinə yönəlib. Bu məqsədlə son illər ölkədə sosial ipoteka proqramlarının həyata keçirilməsinə başlanılıb. Sosial ipoteka mühüm sosial proqramlardan biri hesab olunur, bu proqramın məqsədi dövlət vəsaitləri hesabına müəyyən sosial qruplara aşağı bank faizi ilə uzunmüddətli mənzil kreditlərinin ayrılmasıdır. Sosial ipoteka proqramı son illər başlasa da, ona maraq sürətlə artır. Hazırda dövlət büdcəsindən bu proqrama ayrılan vəsaitlərin həcmi 20 milyon manat təşkil edir, ancaq proqramın həyata keçirilməsi üçün məsul olan Mərkəzi Bankda hesab edirlər ki, bu vəsaitlər artan tələbatı ödəməyə kifayət deyil və gələcəkdə bu sahəyə daha çox vəsait ayrıla bilər. Eyni zamanda sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi və faiz dərəcəsinin daha da aşağı salınması istiqamətində müzakirələr gedir. Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun xətti ilə maliyyələşdirilən sosial ipoteka kreditlərinin faiz dərəcəsi illik 4% təşkil edir. Kreditlərin qaytarılması üçün maksimal müddət isə 30 ildir.

Fond fəaliyyət göstərdiyi dövr ərzində onun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmuşdur. Verilən ipoteka kreditlərinin həcmi təxminən 1,5 milyard manat səviyyəsindədir. Kreditlərin tərkibi və həcmi də sosial ədalət prinsipləri əsasında müəyyənləşmişdir. Məsələn, bu kreditlərin 32%-i güzəştli kateqoriyalara aid şəxslərə, təxminən 71%-i gənclərə və gənc ailələrə verilmişdir. Bu kreditlərin 1/5 hissəsindən çoxu (23%-i) regionlarda reallaşdırılmışdır. Güzəştli ipoteka kreditlərinin strukturu da əhalinin mənzilə daha çox ehtiyacı olan müxtəlif kateqoriya üzrə əhali qruplarına təqdim olunmuşdur. 9 297 ədəd bu kateqoriya üzrə güzəştli ipoteka kreditlərindən yararlananların 66%-i hərbi qulluqçular, 15%-i dövlət qulluqçuları, 7%-i isə məcburi köçkün və digər kateqoriyalardan olan şəxslərdir.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu qısa müddətdə ölkə üçün tamamilə yeni bir məhsulu - innovativ yeniliyi - yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlayıb, əhalinin istifadəsinə vermişdir: Bu mexanizm çərçivəsində Fondun gəlir əldə etmək məqsədi yoxdur. Vətəndaş tərəfindən həyata keçirilən ödənişlər yalnız mənzilin kirayə verilməsi ilə bağlı xərcləri ödəyir. Müraciətlərin emalının asanlaşdırılması və sürətləndirilməsi məqsədilə sənədlərin qəbulu ASAN xidmət mərkəzləri vasitəsilə həyata keçirilir. Karantin dövrünə təsadüf etməsinə baxmayaraq, qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda sənəd qəbulu bərpa edilib və evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur.

Ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər etmişdir. Dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzunmüddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur. Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur. Digər dəyişikliyə görə isə ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirən İpoteka və Kredit Zəmanət Fondu 2020-ci il ərzində Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Mexanizm çərçivəsində cari il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 mln. manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, bu günədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 mln. manatadək kredit əldə edib. Həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 19 mln. manatadək nəzərdə tutulub. Zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6% təşkil edib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək.

Hazırda davamlı inkişaf edən və güclənməkdə olan Azərbaycanda dövlətin qarşısında əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və ya yeni həyat standartlarına uyğunlaşdırılması kimi öhdəliklərin olmasını nəzərə alsaq, ipoteka siyasətinin müasir sosial dövlətin bir elementi olduğunu vurğulamaq lazımdır. Aparılan hesablamalar göstərir ki, 2020-ci il ərzində banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 257,5 milyon manat olub. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 48,26 faiz çoxdur. Belə ki, 2019-cu ildə 173,3 milyon manat ipoteka kreditləri verilib. Amma ötən il ərzində bu rəqəm əhəmiyyətli dərəcədə artıb. Bundan başqa, ötən il İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə 163,5 milyon manat olub. 2020-ci il ərzində dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 161,2 milyon manat ayrılıb. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Son 12 ay ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 250 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə bu, 100 milyon manat daha çoxdur.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin başlıca istiqaməti Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş genişmiqyaslı sosial islahatların tam dəstəklənməsi və yaradıcı şəkildə inkişaf etdirilməsidir. Dövlətimiz tərəfindən dinamik şəkildə reallaşdırılan sosial islahatlar paketinin əsas məqsədi isə xalqımızın daha firavan, daha qayğısız yaşaması istəyidir.

Mustafa KAMAL,

“Respublika”.