Sosial həyat

"Avey" qoruğunda arxeoloji tədqiqatlar

Respublikanın Qərb qapısı hesab edilən Oğuz yurdu Qazax qədim yaşayış məskənlərindən biridir. Bölgədə yaşı yüz illərlə ölçülən tarixi abidələr bu günümüzədək gəlib çatmışdır. Qazax mahalının qədimliyini özündə əks etdirən abidələr qorunur, bərpa olunur, eyni zamanda arxeoloji qazıntı işlərinin aparılması davam etdirilir. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva söhbət zamanı bildirdi ki, qoruq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.

Qoruğun ərazisində yerləşən tarixi abidələr mühüm əhəmiyyətə malikdir. Burada paleolit dövründən başlayaraq orta əsrlərə qədər arxeoloji, memarlıq, təbiət abidələrinə rast gəlmək mümkündür. Bu abidələrin araşdırılması, təbliğ edilməsi istiqamətində elmi-tədqiqat, arxeoloji qazıntı işləri aparılır. Bunlardan 2015-2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqların Damcılı yaşayış məskəni, 2021-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Pərviz Qasımovun Göyəzən dağının ətrafında apardığı arxeoloji tədqiqat işlərini misal göstərmək olar. Bu işlərin davamı olaraq ötən ildən qoruq ərazisində yerləşən Avey dağının ən uca zirvəsində qərar tutan Alban məbədi ətrafında AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları dosent Şamil Nəcəfov, Mansur Mansurov, dosent Vaqif Əsədov tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb. Alban məbədinin tarixinə nəzər salsaq qazıntılardan əldə edilən materiallara və arxeoloqların verdiyi hesabatlara əsasən məbədin V-VII əsrlərdə Qafqaz Albaniyası dövründə tikildiyini ehtimal etmək olar. Memarlıq üslubuna görə xristianlığa qədərki Albaniya dövrünün abidələrinə daha çox bənzəyən məbədin tikintisində Roma və yunan memarlıq üslubu aydın görünür. Bəzi tədqiqatçıların fikrincə, "Avey" sözü qədim türklərdə "Ay evi" mənasını verir və məbəd Ay ilahəsi Selenanın şərəfinə inşa edilmişdir.

Məbədin dağ zirvəsində, sıldırımlı qayanın üzərində tikilməsi onu göstərir ki, kahinləri müəyyən vaxtlarda dini ayinləri icra etmək üçün bura gəliblər.

Avey məbədinin həyətində XIX əsrin 70-80-ci illərində qəbirlər aşkar edilmişdir. Sinə daşları albanlara xas olan üslubda naxışlanmış qəbirlərin birinin üstündə albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olub. 2023-cü ildə arxeoloji qazıntılar Avey məbədi daxilində (iç otaqda) və həyətində aparılmışdır.

Məbədin cənub, şərq və şimal hissələrində aparılan qazıntılar zamanı çox sıx salınmış və sinə daşları ilə müşayiət olunan 34 qəbir aşkar edilmişdir.

Dəfn adətini müəyyən etmək məqsədilə iki qəbir açılmışdır. Bu qəbirlərin birində skeletin yanından mis sikkə tapılmışdır. Mis sikkənin üzəri oxunarkən aydın oldu ki, bu dirhəm Elxani (Hülakü) hökmdarı Abaqa xan dövründə zərb edilmiş pul nişanıdır. Hicri 663-cü ildə (miladi 1265) Təbrizdə zərb edilmiş, çəkisi isə 2,76 qram olan mis dirhəm "Qaan əl-adil" növünə aid mis pul hesab olunur.

"Avey" qoruğu ərazisində aparılan tədqiqatlar xristian dini abidələrinin tədqiqi baxımından vacib elmi mahiyyət daşıyır. Məbədin tədqiqi, xristian dəfn adətlərinin aşkara çıxarılması, eyni zamanda müəyyən fərqli elmi yanaşmalara səbəb olan müxtəlif məzmunlu və formalı artefaktların əldə edilməsi ərazidə yaxın gələcəkdə daha uzunmüddətli və kompleks arxeoloji qazıntıların aparılmasının əhəmiyyətini göstərir. Biz bu istiqamətdə işlərin görülməsi üçün mütəmadi olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edirik.

Vəli VƏLİYEV,

"Respublika".