İNSANA QAYĞI DÖVLƏT SİYASƏTİNİN QAYƏSİNİ TƏŞKİL EDİR
Sosial həyat

İNSANA QAYĞI DÖVLƏT SİYASƏTİNİN QAYƏSİNİ TƏŞKİL EDİR

Xalqımız gözəl, fərəhli günlər yaşayır. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri demokratiyanın təntənəsi, rəhbərə sonsuz inam və tükənməz məhəbbətin bariz nümunəsi kimi yaddaşlarda dərin iz qoydu. Xalqımızın müdrik seçimi, yüksək, inamlı qələbə zəfər tariximizə parlaq səhifə kimi daxil oldu.

Qalib lider İlham Əliyevin 92,12 faiz səs çoxluğu ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi hər birimizi ürəkdən sevindirir. Xalqımız nurlu sabaha, xoşbəxt və işıqlı gələcəyə böyük ümidlərlə gedir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimində söylədiyi geniş, əhatəli, dərin məzmunlu nitqi respublikamızın cənub bölgəsində də böyük rəğbətlə qarşılanıb. Bunu müxtəlif peşə sahiblərinin, sadə adamların fikir və rəylərindən də görmək olur.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov:            

- Dövlətimizin başçısı 20 il əvvəl hakimiyyətə gələndə dediyi "Mən hər bir azərbaycanlının Prezidentiyəm!" kəlamını gördüyü konkret, əməli işlərlə təsdiqləyir. Ən şad günlərdə, ən çətin məqamlarda lider öz xalqının, xalq da sevimli liderinin yanındadır. Müdrik dövlət başçısının rəhbərliyi, xalq-iqtidar birliyi sayəsində müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri arasında nüfuzlu yer tutur. Beynəlxalq aləmdə qalib ölkə, qalib xalq kimi tanınırıq. Hər bir azərbaycanlı haqlı olaraq bununla sevinir, iftixar, qürur hissi keçirir.

Cənub diyarının mərkəzi olan Lənkəran dövlət qayğısı sayəsində sürətlə inkişaf edir. Uzun illər təhsil sahəsində çalışdığım üçün rayonun təhsil uğurlarını saysam, kifayət edər. Möhtərəm Prezidentimizin yüksək qayğısı sayəsində 20 il ərzində Lənkəranda 50-yə yaxın məktəb yenidən tikilib, yaxud əsaslı təmir olunub. Təhsil göstəriciləri ilbəil yüksəlib. Lənkəran gənclərinin sorağı respublikamızın və dünyanın ən məşhur ali məktəblərindən gəlir.

Müasir standartlara uyğun tikilib istifadəyə verilmiş Ələt-Astara avtomobil yolunun bölgəmizin sosial-iqtisadi inkişafında böyük rolu vardır. Əvvəllər Lənkərandan paytaxta 4-5 saata getdiyimiz halda, indi bu yolu 2 saata qət etmək olur. Prezidentin Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun bütün kəndlərinə asfalt yollar çəkilib, elektrik, qaz, su problemi həllini tapıb.

Bu il yanvar ayının 16-da dövlətimizin başçısı Lənkərana növbəti səfəri zamanı açılışını etdiyi obyektlər əhalinin məşğulluğunun təmin edilməsinə, firavanlığına, rahatlığına xidmət edir. Mən seçkiqabağı təşviqat qrupunun üzvü kimi Lənkəranın şəhər, qəsəbə və kəndlərində dövlətimizin başçısına sonsuz məhəbbətin, böyük ehtiramın şahidiyəm. Cənab Prezidentin uğurlu siyasəti, gördüyü işlər əhali tərəfindən minnətdarlıqla qarşılanır.

Ölkə başçısı andiçmə mərasimində nitqində qeyd edib ki, "...əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir". Bu, təhsil veteranı kimi məni çox sevindirir. Hər birimiz cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasında fəal olmalı, işgüzar mövqe nümayiş etdirməliyik.

Astara rayonu. Mirzağa Cəlilov, dövlət qulluğu veteranı:

- İxtisasca iqtisadçıyam. Uzun illər Astara rayonunda rəhbər vəzifələrdə işləmişəm. Azərbaycanın sosial-iqtisadi inkişafının, iqtisadi yüksəlişinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 il ərzində müstəqil Azərbaycan əsrə bərabər inkişaf, tərəqqi yolu keçib. Bunu nüfuzlu beynəlxalq təşkilatların, ekspertlərin rəyləri də təsdiq edir.

Aparılan uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi və maliyyə müstəqilliyi təmin olunub. İqtisadiyyatın inkişafının əsas göstəriciləri olan rəqəmlərə nəzər salaq: 2003-cü illə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 7 milyard dollardan 72 milyard dollara çatıb. Ölkənin valyuta ehtiyatları 1,6 milyard dollardan 69,5 milyard dollara qədər yüksəlib. Xarici borclar 6,4 milyard dollara enib. Bu da Ümumi Daxili Məhsulun 9 faizindən də azını təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 100 faizdən yuxarıdır. Ölkədə sağlam maliyyə sistemi mövcuddur.

Sosial sahədə qazanılan uğurlar sevinc doğurur. Yadımdadır, 2003-cü ildə minimum əməkhaqqı cəmi 9 manat idi. İndi bu rəqəm 345 manat təşkil edir. Pensiyalar, müavinətlər də artıb. Minimum pensiya 20 manatdan 280 manata çatıb. Orta pensiya məbləği 500 manatdan, orta əməkhaqqı 940 manatdan çoxdur.

Yoxsulluq 20 il ərzində 50 faizdən 5 faizə enib. Hər il on minlərlə yeni iş yerləri yaradılır. Bölgələrdə kənd təsərrüfatı, enerji, turizm ilə bağlı yeni layihələr uğurla həyata keçirilir. Bunu yurdumuzun cənub qapısı sayılan Astara rayonunun timsalında da aydın görmək olur.

2003-cü ilin oktyabr ayında cənab İlham Əliyev prezident seçildikdən sonra Astaraya səfəri çərçivəsində Ərçivan qəsəbəsində ilk modul tipli elektrik stansiyasının təməlini qoydu. Stansiya sürətlə tikilərək 2006-cı il fevralın 3-də istifadəyə verildi. Bu nəhəng obyekt bölgənin enerji təminatının ödənilməsində mühüm rol oynayır.

Möhtərəm Prezidentimizin yüksək qayğısı sayəsində Astara qaz-kompressor stansiyası, beynəlxalq yük terminalı və digər strateji əhəmiyyətli obyektlər tikilib. Bir neçə istiqamətdə rayonun ucqar dağ kəndlərinə asfalt yollar çəkilib. Astara şəhərində gözəl, füsunkar dənizkənarı park-bulvar kompleksi inşa olunub. Rayonda yeni istehsal müəssisələri, təhsil, mədəniyyət, idman obyektləri tikilib. Yeni iş yerləri açılıb. Bu gün bütün bunlar astaralıların firavanlığına, rifahına, yaşayış şəraitinin yaxşılaşmasına xidmət edir.

Mükafat Yaqubov, şəhid atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru:

- Cənab Prezident 2003-cü ildə verdiyi bütün vədləri yerinə yetirib. Dövlətimizin başçısı həmişə deyirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik.

2020-ci ilin sentyabrında xalqımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. 44 günlük Vətən müharibəsində xalqımız, şanlı ordumuz nəyə qadir olduğunu göstərdi. Torpaqlarımız işğaldan azad edildi, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Oğlum, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, "Azərbaycan Bayrağı" ordenli Əliqismət Yaqublu Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Oğlumun və bütün şəhidlərin qisası döyüş meydanlarında alındı. Cənab Prezidentin andiçmə mərasimindəki nitqində dediyi kimi, "bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik".

Bu gün şəhidlərin ruhu şaddır. Azərbaycan əsgərinin, zabitinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində Qarabağ, Şərqi Zəngəzur tam azaddır. Əzəli yurdumuzda şəhər və kəndlər yenidən qurulur, doğma ocaqlara böyük qayıdış başlanıb.

Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Qalib liderimizin növbəti dəfə ölkə Prezidenti seçilməsi şəhid valideynlərini hədsiz dərəcədə sevindirir. Biz həmişə Sizin yanınızdayıq, cənab Prezident!

Qələmə aldı:

Əlisəfa HƏSƏNOV,

"Respublika".