İnsan hüquqlarının təminatı Azərbaycanda daim prioritetdir
Sosial həyat

İnsan hüquqlarının təminatı Azərbaycanda daim prioritetdir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra geniş islahatlara başlanılıb, ölkənin tərəqqisi istiqamətində işlər görülüb. Təbii ki, insan hüquqlarının qorunması, onların azadlıqlarının təminatı istiqamətində də bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində yer alıb. Dünya inkişaf etdikcə, yeni meyarlar ortaya çıxır. Bu səbəbdən də insan hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsinə, beynəlxalq norma və standartlara uyğun təşkilinə daim ehtiyac var. Azərbaycanda da zamanın tələbləri hər daim diqqət mərkəzində saxlanılır. Ombudsman vəzifəsinin təsis olunması hüquq-müdafiə strukturları sistemini tamamlayıb.

Ölkəmizdə insan hüquqlarının təmin edilməsi prioritet götürülərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda öz əksini tapıb. Bununla birlikdə, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. Nəhayət, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilib. İlk Ombudsman 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilib.

Ombudsman hökumət tərəfindən təyin olunan, dövlət orqanları ilə qarşılıqlı əlaqədə şəxslərin müdafiəçisi kimi çıxış edən məmurdur. Onun rolu dövlət orqanlarının hərəkətləri və ya qərarları ilə bağlı ictimaiyyətdən daxil olan şikayətləri və ya baş vermiş narahatlıqları araşdırmaq, şəxslərin hüquqlarının müdafiəsini və dövlət idarəçiliyinin ədalətli, hesabatlı və şəffaf olmasını təmin etməkdən ibarətdir. Azərbaycanda Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və ya sadəcə olaraq İnsan Hüquqları üzrə Ombudsman kimi tanınır. Qurum dövlət orqanları ilə münasibətlərdə şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə müstəqil fəaliyyət göstərir. Azərbaycanda Ombudsman Aparatı insan hüquqlarının pozulması hallarının aradan qaldırılmasında, səmərəli idarəçiliyin təşviqində və vətəndaşların hüquqlarının müdafiəsi üçün təbliğatda mühüm rol oynayır.

Azərbaycanda Ombudsmanın spesifik fəaliyyəti hüquqlarının dövlət orqanları tərəfindən pozulduğunu düşünən şəxslərdən qəbul olunan şikayətlərin araşdırılmasıdır. Ombudsman, həmçinin insan hüquqlarının maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir, tədqiqatlar aparır və ölkədə insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılması üçün təbliğatla məşğul olur. Qeyd etmək vacibdir ki, Ombudsman aparatının effektivliyi və hökumətin humanist siyasəti davamlı qiymətləndirməyə məruz qalır və zaman keçdikcə inkişaf edir.

2023-cü il iyul ayında isə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) fəaliyyətinin əsasları genişləndirilib. Bu Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb. Qanuna əsasən, ombudsmanın fəaliyyəti sırasına dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilib.

Azərbaycan humanist rəftarı ilə seçilən ölkələr sırasındadır. Bu cəhətdən Ombudsman da öz fəaliyyəti çərçivəsində Ermənistandan əsir və girovluqdan qayıtmış şəxslərlə tez-tez görüşüb. Ombudsman Səbinə Əliyevanın şəxsən apardığı söhbət zamanı ortaya çıxıb ki, müharibə əsirləri müxtəlif işgəncələrə məruz qalıb. İnsan hüquqları üzrə müvəkkil bu faktları araşdırır və gerçəkləri ictimaiyyətin nəzərinə çatdırıb. Bəlli olub ki, Ermənistan tərəfindən əsirlikdə olan vətəndaşlarımıza pis rəftar göstərilib. Onlardan fərqli olaraq, Azərbaycan Ombudsmanı Ermənistan əsirləri ilə görüşüb və onların saxlanma şəraitlərini araşdırıb, ailə üzvləri və ya qohumları ilə telefon əlaqəsi təmin edilib. Ombudsman onlara öz dillərində olan Avropa İnsan Hüquqları Konvensiyasını təqdim edib və hüquqlarını izah edib. Son dəfə aparılan əsir mübadiləsi də Azərbaycanda insan həyatına, hüquqlarına verilən dəyərin açıq-aşkar nümunəsi idi. Ermənistanın 32 əsirinə qarşı 2 azərbaycanlı əsirin təhvil verilməsi, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyev üçün hər bir əsgərinin necə dəyərli olmasının, ölkə siyasətində insan haqlarının prioritet təşkil etməsinin əyani sübutudur.

Əsası ümummilli lider tərəfindən qoyulmuş Ombudsman təsisatının fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir. İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən islahatlar nəticəsində Ombudsman fəaliyyəti daim inkişaf edir. Edilən son dəyişikliklərlə Ombudsman təsisatı müasir zamanın tələblərinə uyğunlaşdırılıb. Bu gün Azərbaycanda insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun formada Konstitusiya Qanununun təkmilləşdirilməsi prosesi davam edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".