İnşaat və memarlıq sahəsində tarixi ənənələr
Sosial həyat

İnşaat və memarlıq sahəsində tarixi ənənələr

Bu gün ölkəmizdə inşaatçıların peşə bayramıdır. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u respublikamızda İnşaatçılar Günü kimi qeyd edilir. Dövlət başçısı tərəfindən belə bir Sərəncamın imzalanması, ilk növbədə inşaat sahəsində çalışanlara verilən dəyərdir.

Bu qurub-yaratmağı sevən, özündən sonrakı nəsillərə gözoxşayan, yaraşıqlı sosial-mədəni və sənaye obyektləri kimi böyük miras qoyanların bayramıdır. İnşaatçılar hər zaman yaradıcılar, şəhər, kənd və qəsəbələrin, sənaye müəssisələrinin qurucuları hesab olunur.

İnşaat və memarlıq sahəsində qədim tarixi ənənələrə malik olan ölkəmiz maddi mədəniyyət nümunələri ilə hər zaman dünyanın diqqət mərkəzində olub. Qiymətli maddi mədəniyyət nümunəsi hesab olunan İçərişəhər və onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar Saray Kompleksi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycanın dünya mədəni irsinə töhfəsi hesab olunur. Ölkəmizdə XIX əsrin sonları - XX əsrin əvvəllərində tikinti-quruculuq işləri daha geniş vüsət alıb. Bu günədək qorunub saxlanılan həmin binalar Şərq və Qərb memarlığının nadir nümunələrini özündə ehtiva edir.

Ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə ölkəmizdə tikinti sahəsi sürətlə inkişaf edib. Bu illər ərzində ulu öndərin tapşırığı ilə neftayırma və neft emalı zavodlarının tikintisinə, kimya və metallurgiya sənayesi və digər sahələrdə böyük həcmdə tikinti-yenidənqurma işləri aparılıb. Kür su kəmərinin, "Neftçilər" və "Nizami" metro stansiyalarının, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksinin, Bakı Məişət Kondisionerləri Zavodunun, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunun fəaliyyətə başlaması Heydər Əliyevin diqqət və qayğısının nəticəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilər tikinti meydançalarına çevrilib. Böyük Qayıdış proqramı ilə şəhər, kənd və qəsəbələrimiz 30 ildən sonra doğma sakinlərinə qovuşur. Düşmən tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzur dövlətimizin gücü və "qızıl əllər" hesabına yenidən ayağa qalxır. Burada yeni binalar ucalır, dağıdılan yaşayış məskənləri ilə yanaşı, tarixi-memarlıq abidələrimiz bərpa edilir. Artıq minlərlə ailə sürətlə aparılan yenidənqurma işlərindən sonra Füzuli və Laçın şəhərində, Ağalı, Zabux və Talış kəndlərində yaşayır. Təbii ki, bunlar ilk mərhələdə görülən işlərdir. Bu il də köç karvanları Qarabağa və Şərqi Zəngəzura yola düşəcək. Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə təkcə ötən il dövlət büdcəsindən 7 milyard ABŞ dolları sərf edilib.

Şübhəsiz ki, dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri də onun inşaat sahəsindəki dinamikasıdır. Dövlət başçımızın müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri məhz bu sahədir. Əminliklə demək olar ki, son illərdə  ölkəmizin tikinti sektorunda canlanma müşahidə olunur. Burada başlıca iki səbəb özünü göstərir. Birincisi, həm dövlətin, həm də özəl şirkətlərin yatırdığı investisiyalar inşaat sektorunun inkişafında böyük rol oynayır.

Müstəqil iqtisadiyyata malik olan Azərbaycan öz milli gəlirlərini bütün ölkə ərazisinin, xüsusilə də paytaxt Bakının inkişafına sərf edir. Bir zamanlar Qara şəhər adlanan ərazi, hazırda Ağ Şəhərə çevrilib. Ağ şəhərdə onlarla bina inşa olunub. Ağ Şəhər dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsində icra edilib. Bundan başqa, paytaxtın müxtəlif ərazilərində mənzil tikintisinin geniş vüsət alıb ki, bu da  yeni iş yerlərinin yaradılmasıdır.

Bakı şəhərinin Baş Planının təsdiqlənməsi şəhərin uzunmüddətli perspektiv inkişafının təyin edilməsi üçün mühüm amil olacaq. Dövlət başçısının göstərişinə əsasən aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Baş Plan 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Şəhərin Baş Plan layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Almaniyanın beynəlxalq şəhərsalma şirkəti olan "AS+P Albert Speer + Partner GmbH" tərəfindən hazırlanıb. Baş Planın hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə "EY" konsaltinq və "Ramboll UK" şirkətləri cəlb edilib.

Musa BAĞIRLI,

"Respublika".