İnformasiya təhlükəsizliyi mövzusunda birgə tədbir keçirdi
Digər xəbərlər

İnformasiya təhlükəsizliyi mövzusunda birgə tədbir keçirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən olan “Çekino Group”la birlikdə Bakıda “Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirib.

8 iyun RİNN-nin mətbuat xidmətindən bildirilir ki, konfrans son istifadəçi təhlükəsizliyi riskləri, risklərə qarşı preventiv və cavab tədbirlərinin görülməsi, ümumilikdə son istifadəçi təhlükəsizliyinin təmin olunması mövzularını əhatə edib.

Giriş sözü ilə çıxış edən “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bildirib ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”un fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, bulud xidmətləri, mərkəzləşdirilmiş informasiya sistemləri və biznes həllərdən ibarətdir.

“AzInTelecom”un İnformasiya təhlükəsizliyi üzrə məhsul sahibi Arzu Rəhimli qeyd edib ki, risklərə qarşı qabaqlayıcı və müdaxilə tədbirlərinin görülməsi aparıcı rol oynayır. Dövlət qurumları və özəl şirkətlərə informasiya təhlükəsizliyinin auditi, konsaltinqi, kibertəhlükəsizlik və Təhlükəsizlik Əməliyyat Mərkəzi (SOC) xidməti göstərən “AzInTelecom” MMC-nin də bu sahədə davamlı işlər gördüyünü vurğulayıb.

“Çekino Group”un baş direktoru Erol Yılmaz konfrans zamanı sistem, son istifadəçi və təhlükəsizlik mövzusunda çıxış edərək şirkətin yaratdığı “Gardiyan” məhsulu barədə danışıb və qeyd edib ki, bu məhsul böyük şəbəkələrdə bütün sistemin əvvəldən sona kimi təhlükəsiz monitorinqini və idarə olunmasını təmin edən, korporativ strategiyaya uyğun olaraq sistem idarəçilərinə məlumat verən və problemlərə qarşı sürətli şəkildə lazımi qabaqlayıcı tədbirlərin alınmasına imkan yaradan rəqəmsal həldir.

“Respublika”.