İmişlidə Milli Qurtuluş Günü münasibətilə rayonun Mədəniyyət mərkəzində tədbir keçirildi. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri, rayon ictimaiyyəti və sakinlər iştirak etdilər.
İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər gül dəstələri qoyuldu. Mədəniyyət mərkəzinin önündəki rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. Tədbirdə icra başçısı Elçin Rzayev cəmiyyətin bütün təbəqələrinin nümayəndələri tərəfindən müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edildiyini bildirdi. Rayon rəhbəri qeyd etdi ki, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin Əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da Çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Tədbirin bədii hissəsində Heydər Əliyevin keçdiyi mənalı ömür yolunu əks etdirən tamaşa təqdim olundu. Tədbir zamanı həmçinin musiqilər də səsləndirildi və rəqs ifa edildi. Qurtuluş Günü münasibətilə hazırlanan bədii proqram iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Ərəstun ABDULOV,
“Respublika”.