İkinci Divan – Gülarə Munis
Mədəniyyət

İkinci Divan – Gülarə Munis

Kərimova Gülarə Musa qızı 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. Gülarə Munis imzası ilə dövri mətbuatda şeirləri çap olunur. İlk dəfə 1988-ci ildə şeirləri və publisist yazıları dərc olunub.

30 kitab müəllifi olan şairin yazıları Təhsil Nazirliyinin qərarı ilə II, V, VIII, IX, X, XI sinif dərsliklərinə daxil edilib. Gülarə Munis şərqdə Azərbaycan türkcəsində "Divan" kitabı yazan ilk qadın şairdir. O, İranın Urmiya şeir festivalının diplomatıdır. Şair şəhidlər barədə çəkilən "At o qara örpəyi" və Milli Qəhrəman Sahil Məmmədov haqqında "Vətənin Sahili" adlı qısametrajlı filmlərin ssenari müəllifidir. İlk "Divan" kitabı 2007-ci ildə çap olunmuşdur. Bu il isə şairin ikinci "Divan" şeirlər kitabı işıq üzü görüb. Kitabda əsasən sevgi, məhəbbət barədə qəzəllər yer alır.

Onu da qeyd edək ki, bütün qəzəllərin mövzusunu Allaha olan sevgisi təşkil edir. Müəllifin nailiyyətlərindən biri də odur ki, kitabdakı şeir və qəzəllər hər bir oxucunun başa düşəcəyi tərzdə yazılıb. Qəzəlləri oxuyarkən oxucu dil baxımından heç bir çətinliklə qarşılaşmır. Çünki divanda qəliz, çətin başa düşülən ərəb-fars sözlərindən istifadə olunmayıb. Həmçinin müəllifin türk ədəbiyyatşünas alim Kamik Asker və füzulişünas alim Mustafa Kıstırak tərəfindən türk dilinə çevrilən beş qəzəli də kitaba daxil edilmişdir. "İkinci Divan" kitabı otuz ədəbi janrda yazılan əsərlər toplusudur.

Ramidə YAQUBQIZI,

“Respublika”.