İki ölkənin nazirləri kənd təsərrüfatında əməkdaşlığı müzakirə edib
İQTİSADİYYAT

İki ölkənin nazirləri kənd təsərrüfatında əməkdaşlığı müzakirə edib

23 iyun KTN-dən məlumat verilir ki, Ankarada Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov səfər çərçivəsində Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb. Görüşdə tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.

Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq edir. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahə ilə bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edən nazir bu istiqamətdə birgə əməkdaşlığın bundan sonra  daha sıx şəkildə davam etdiriləcəyini deyib. İki ölkənin iş adamlarının iştirakı ilə keçirilən aqrar sahə üzrə birgə forumların əhəmiyyətinə toxunan nazir belə tədbirlərin əlaqələri gücləndirdiyini vurğulayıb.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Azərbaycanla kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını, işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə etmək istiqamətində birgə fəaliyyətin uğurla davam etdirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Nazir Məcnun Məmmədov səfər çərçivəsində Ankarada Ümummilli Liderin 100 illiyi münasibətilə Heydər Əliyev Parkında keçirilən ağacəkmə kampaniyasında iştirak edib.