İki dövlət, Bir millət, Tək yumruq
Siyasət

İki dövlət, Bir millət, Tək yumruq

Türkiyə ilə Azərbaycan tarix boyu dostluq münasibətlərini qoruyub saxlayıb. Hər sahədə Azərbaycan və Türkiyə bir-birinin yanında olub. Həm İkinci Qarabağ müharibəsində, həm də ermənilərin digər təxribatlarına, xarici ölkələrdən ən operativ reaksiyalardan biri hər zaman qardaş ölkədən gəlib. Azərbaycan da öz növbəsində siyasi yaxınlıqdan əlavə, Türkiyəyə meşə yanğınları, zəlzələ daxil olmaqla bütün fəlakətlərdə ilk yardım göndərən ölkə olub. Bu yardımlar hələ davam edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım göndərilib. "Biz birlikdə güclüyük" devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardıma 3000 məktəbli dəsti daxil olunub.

Mövzuyla bağlı politoloq Samir Hümbətov "Respublika"ya danışıb: "2023-ün başlarından bu günə qardaş Türkiyədə həm meşə yanğınları sürətləndi, eyni zamanda fevral ayında 10 şəhəri əhatə edən güclü zəlzələ oldu. Azərbaycan həm xalq, həm də dövlət olaraq hər zaman Türkiyənin yanında olub və bu gün də bu dəstəyi davam etdirir. Türk dövləti və xalqı da bunları hər zaman yüksək qiymətləndirir. Hesab edirəm ki, biz Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətini belə anlamalıyıq; iki qardaş dövlət; iki qardaş xalq; iki dövlət, bir millət və tək yumruq. Çünki bu, bizim gücümüzün simvoludur. Bununla biz dünyaya nümayiş etdiririk ki, ən çətin günümüzdə də, ən yaxşı günümüzdə də biz bir yerdəyik. Bunu məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra keçirilən mərasimdə İlham Əliyevə münasibətindən də gördük. Eyni zamanda Türkiyənin Qarabağ, Zəngəzur məsələsində nə dərəcədə həssas olmasından da bəllidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Türkiyə iqdisadi, siyasi, mədəni əlaqələrin dərinləşməsi hər iki tərəfi də məmnun edən prosesdir və bundan sonra da belə davam edəcək".

Nurcan SÜLEYMANOVA,

"Respublika"