Marketa Pekarova Adamova: Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur
Siyasət

Marketa Pekarova Adamova: Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur

Fevralın 1-də Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğu, bu dövr ərzində əlaqələrimizin bir sıra istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb, ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə mövcud hüquqi bazanın ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

S.Qafarova Ermənistanın və onun havadarlarının beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini, Azərbaycana qarşı yalan kampaniyasını pisləyib, AŞPA-da baş verən son proseslərin bu kampaniyanın tərkib hissəsi olduğunu deyib.

O, bəzi dövlətlərin və beynəlxalq təşkilatların, xüsusilə AŞPA-nın işğal dövründə keçmiş məcburi köçkünlərimizin hüquqlarının bərpası ilə bağlı danışmadığını, bu gün isə eyni mövqeni Ermənistandan olan azərbaycanlı qaçqınları ilə bağlı nümayiş etdirdiklərini deyib.

Marketa Pekarova Adamova diqqətə çatdırıb ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.

Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılmasını Ermənistan tarixinin qara səhifələrindən biri adlandırıb, ölkəmizin torpaqlarımızı özünün işğaldan azad etdiyini vurğulayıb.

O, Fransanın Azərbaycana qarşı davranışlarını da kəskin tənqid edib.

Milli Məclisin sədri Azərbaycanın sülh təşəbbüslərini irəli sürdüyünü, lakin Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayındığını, üzərinə götürdüyü öhdəliklərinin icrasını ləngitdiyini bildirib.

Sahibə Qafarova Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda irimiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, keçmiş məcburi köçkünlərin artıq öz evlərinə qayıtmağa başladıqlarını vurğulayıb.

Marketa Pekarova Adamova bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstək göstərir.

O, ölkəmizin COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.

Görüşdə, həmçinin ölkəmizin enerji sahəsində hər zaman etibarlı tərəfdaş olduğu qeyd edilib, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir.

Deputatlar Palatasının sədri Azərbaycana ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayan S.Qafarova qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətindən söz açıb, belə səfərlərin mövcud prioritetlərin öyrənilməsi, fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə dövlətlərarası, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.