İƏGF Avrasiya Regional Mərkəzi M.Rəbbaninin qeyri-qanuni saxlanılmasını pisləyib
Digər xəbərlər

İƏGF Avrasiya Regional Mərkəzi M.Rəbbaninin qeyri-qanuni saxlanılmasını pisləyib

İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin beynəlxalq idarə heyətinin sədri Elçin Əsgərov idarə heyətinin üzvləri adından CAGE qeyri-hökumət təşkilatının rəhbəri Məhəmməd Rəbbaninin qeyri-qanuni saxlanılmasını pisləyən bəyanatla çıxış edib. E.Əsgərov Böyük Britaniya vətəndaşı, CAGE QHT-sinin rəhbəri M.Rəbbaninin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən "Neokolonializm: İnsan haqları, sülh və təhlükəsizlik" konfransına buraxılmamasını pisləyib.

İƏGF Avrasiya Regional Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda insan haqlarının müdafiəsi uğrunda, eləcə də islamofobiyaya qarşı uzun müddət mübarizə aparan M.Rəbbani ilə həmrəylik ifadə olunub və onun bu sahədə həyata keçirdiyi fəaliyyətə yüksək dəyər verilib. Onun səfərinin qanuni olmasına baxmayaraq, İsveçrə polisi tərəfindən saxlanılması insan haqlarının fundamental prinsiplərinin pozulması və sözügedən konfransın məqsədi olan ideyaların azad mübadiləsinə və dialoqa maneə kimi xüsusi vurğulanıb.

Bəyanatda, həmçinin Fransa hökumətinə bu hadisənin hərtərəfli araşdırılması, başqa dövlətlərin daxili işlərinə qarışmaması, suverenlik və beynəlxalq əməkdaşlıq prinsiplərinə hörmət edilməsi və belə halların gələcəkdə baş verməməsi, xüsusilə insan haqlarının və sülhün qorunması sahəsində çalışan şəxslər üçün hərəkət və ifadə azadlığının təmin edilməsi ilə bağlı fikirlər səsləndirilib.

Eyni zamanda, beynəlxalq təşkilatlara bu təşəbbüsə qoşulmaq və hüquq müdafiəçisi M.Rəbbaninin hüquqlarının qorunmasına dəstəklə bağlı çağırış edilib.

"İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyəti ədalət, insan haqları və beynəlxalq əməkdaşlığı pozan hallara qarşıdır. Bu hadisə ilə bağlı monitorinq aparacaq, insan haqları və ədalət prinsiplərinin müdafiəsini davam etdirəcəyik", - deyə bəyanatda bildirilib.