Horovlunu işıqlı sabahlar gözləyir
Region

Horovlunu işıqlı sabahlar gözləyir

Əvvəlcə bir neçə kəlmə Cəbrayıl rayonunun Horovlu kəndi barədə. Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənddir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən havadarlarının köməkliyi ilə işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad olunub. Kənd rayonun düzənlik ərazisində yerləşir. XVIII əsrin əvvəllərində Cənubi Azərbaycanın Horov kəndindən gələn ailələr tərəfindən salındığı üçün belə adlanır. Kəndin əsas təsərrüfatı üzümçülük olub. Burada heyvandarlıq, taxılçılıq, şərabçılıq da inkişaf etmişdi.

İşğaldan azad edildikdən sonra Horovluya diqqət artırıldı. Bu ilin 4 mayında kəndin təməli qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak etdi. Əvvəlcə kənddə görüləcək işlər və yaradılacaq şərait barədə videoçarx nümayiş olundu. Dövlət başçısına görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, layihələndirilən kəndin ümumi ərazisi 248,1 hektardır. Kənddə 3470 nəfərin, (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Qəzetimizdə əvvəllər xəbər verildiyi kimi, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub, icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb.

Bəli, bütün bunlar yaxın vaxtlarda həyata keçiriləcək və bütün bunlar deməyə əsas verir ki, Horovlunu işıqlı sabahlar gözləyir. Yeri gəlmişkən, deyək ki, bərpa və yenidənqurma tədbirlərində bir sıra yeni, maraqlı işlər nəzərdə tutulub. Belə ki, kəndin bərpa və yenidən qurulması zamanı yaranan tullantılar təkrar emal ediləcək. Bu məqsədlə rayon ərazisində tikinti-söküntü qalıqlarını təkrar emal edən avadanlıq quraşdırılıb.

Cəbrayıl rayonunda aparılan genişhəcmli bərpa-quruculuq işlərində Horovlu tək deyil. Rayonun azad edilməsindən 3 il keçib. Bu gün rayonda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Cəbrayılın inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə inşaat işlərinə başlanılıb.

Cəbrayıl rayonunda olarkən bu yaşayış məntəqəsi barədə bir sıra maraqlı məlumatlar öyrəndik. Kənd işğaldan əvvəl, el arasında deyildiyi kimi, "çörəkli kənd olub". Rayona gələn qonaqları bu kəndə aparırlarmış. Geniş taxıl tarlaları, üzüm plantasiyaları kəndin var-dövlətindən xəbər verirdi. Əhali səxavətli, qonaqpərvər olub.

Kəndin ərazisində həm də bir sıra tarixi-dini abidələr, o cümlədən Cinlitəpə yaşayış yeri, "Çələbi ocağı" və "Qarı ocağı" ziyarətgahları yerləşirdi.

Tofiq HÜSEYN,

"Respublika".