Heydər Əliyevin İstanbul Zirvə görüşündə söylədiyi mühüm həqiqətlər
Siyasət

Heydər Əliyevin İstanbul Zirvə görüşündə söylədiyi mühüm həqiqətlər

"Bugünkü respublika toplantısı ATƏT-in İstanbul sammitinin yekunlarını müzakirə etmək üçün çağırılıbdır. ATƏT-in İstanbul sammiti XX əsrin ən böyük hadisələrindən biridir. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XX əsrin sonunda, XXI əsrin astanasında bir yerə toplaşıb, gələcək haqqında müzakirələr aparıb çox vacib sənədlər qəbul etməsi, təbiidir ki, təkcə Avropa üçün, ATƏT-ə daxil olan ölkələr üçün yox, eyni zamanda, bütün dünya üçün, beynəlxalq aləm üçün çox vacibdir". Bu sözlər İstanbul Zirvə görüşündə öz tarixi çıxışı ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıran Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevə məxsusdur.

XX əsr Azərbaycan dövləti üçün olduqca keşməkeşli və təzadlı bir əsr oldu. Bu zaman kəsiyində ölkəmiz qarşılaşdığı ədalətsizliklərə, haqsızlıqlara rəğmən, gələcək inkişafının və azadlığının təməlini qoydu. Xüsusilə, əsrin sonlarında əldə etdiyimiz müstəqillik ölkənin inkişafında mühüm əhəmiyyət kəsb etdi. Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana hakimiyyətə gəlməsi ölkəmizi azad, müstəqil və neft ölkəsi kimi tanıtdı.

1999-cu il 18 noyabrda qardaş Türkiyənin İstanbul şəhərində "Çırağan Sarayı"nda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə ümummilli lider Heydər Əliyev iştirak edərək öz tarixi nitqini söyləmişdi. Toplantı zamanı "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" Saziş imzalanmışdır. "Əsrin müqaviləsi"nin imzalanması zamanı ulu öndər öz çıxışında BTC-nin əhəmiyyətindən danışaraq kəmərin çəkilişi zamanı yaranmış çətinliklərə də toxunmuşdur.

1999-cu il noyabr ayının 18-19-da qardaş Türkiyə Cümhuriyyətində keçirilən görüş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sona çatmaqda olan yüzillikdə sonuncu Zirvə görüşü idi. Tarixi İstanbul sammiti çox böyük hadisə, siyasi sarsıntılar, münaqişə və təlatümlərlə zəngin olan XX əsrin siyasi tarixində xüsusi yer tutur. Çünki ATƏT-in Zirvə toplantısında Avropanın və dünyanın gələcəyi üçün çox böyük əhəmiyyəti olan tarixi qərarlar qəbul edilmiş, mühüm sənədlər imzalanmışdır. Əlbəttə ki, qəbul edilən bütün qərarlarda Azərbaycanın da öz yeri var idi. Əslində, ulu öndər Heydər Əliyevin Zirvə görüşündə çıxışı ölkəmizin potensialı, gələcək inkişafı ilə yanaşı, həm də dünyaya yeni bir Azərbaycanın təqdimatı idi.

1975-ci ildə Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi kimi əsası qoyulmuş ATƏT o illərdə qitənin ən mötəbər beynəlxalq təşkilatına çevrilmişdi. 1990-cı illərin əvvəlində SSRİ-nin dağılması nəticəsində yaranmış yeni müstəqil dövlətlərin bir çoxu, o cümlədən Azərbaycan Respublikası da (1992) ATƏT-ə daxil olmuş və Azərbaycan müstəqil dövlət olaraq 1994-cü ildən bu mötəbər təşkilatda fəal iştirak edir. Ulu öndər Heydər Əliyev 1994-1996-cı illərdə ATƏT-in Budapeşt və Lissabon Zirvə görüşlərində dövlətimizi layiqincə təmsil etmişdir. Azərbaycan Prezidentinin bu toplantılarda iştirakı, ardıcıl, məqsədyönlü və qətiyyətli işi keçmiş Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyinin bütün dünyaya çatdırılmasında, münaqişənin həlli prinsiplərinin müəyyən edilməsində mühüm rol oynamışdır.

"İstanbul Zirvə görüşü" adı ilə tarixdə həkk olunan bu sammitin dost, qardaş Türkiyə Cümhuriyyətində keçirilməsi ölkənin dünyada olan yüksək nüfuz və çəkisinin bir daha sübutudur. Bu böyük hadisə bütün türk xalqlarının birləşməsi, bütövləşməsi istiqamətində əhəmiyyətli rol oynamışdır. Ulu öndər Heydər Əliyevin Zirvə görüşündə çıxışı tarixi həqiqətləri dünyaya çatdırmaq baxımından yüksək tribuna idi. Ümummilli liderin İstanbul sammitində səsləndirdiyi həqiqətlər bir daha bu uzaqgörən şəxsiyyətin Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bir daha sübut edirdi. ATƏT-in İstanbul Zirvə görüşündə nitq söyləyən ulu öndər təşkilatın vaxtilə Helsinkidə elan edilmiş məqsəd və prinsiplərinin tam həyata keçirilmədiyini qeyd etmiş, Azərbaycanın düşdüyü dözülməz vəziyyəti, ərazisinin 20 faizinin işğal altında olmasını xüsusilə vurğulamışdır.

Ümummilli lider Heydər Əliyev Zirvə görüşündə yekun nitqində demişdir: "ATƏT-in İstanbul Zirvə görüşü XX əsrin sonunda XXI əsrə güclü bir projektor kimi işıq saçan tarixi hadisədir. İstanbul Zirvə görüşü və onun qəbul etdiyi qərarlar, sənədlər XXI əsrdə Avropa dövlətlərinin, xalqlarının və ATƏT-in tərkibində olan başqa dövlətlərin, xalqların inkişafı üçün çox böyük əsas yaratmışdır. Mən cəsarətlə deyə bilərəm ki, İstanbul Zirvə görüşü ATƏT-in 1975-ci ildə əsası qoyulmuş və sonra keçirilmiş zirvə görüşlərinin hamısından yüksəkdə durur".

Ramidə YAQUBQIZI,

"Respublika".