“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri keçirilir
Digər xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri keçirilir

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, energetika sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri start götürüb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnirdə Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC iştirak edirlər.

Turnirin təşkilində məqsəd Azərbaycan şahmatının inkişafına böyük diqqət göstərmiş Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, bu intellektual idman növünün təşviqi, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və kommunikasiyanın artırılması, dövlət qurumları arasında müxtəlif növ idman yarışlarının keçirilməsinə marağın artırılmasıdır.

İki turdan ibarət olan və 30 nəfərin qatıldığı yarışda  iştirakçılar fərdi şəkildə mübarizə aparacaqlar.

“Respublika”.