Həyatın mənası və əbədi gözəlliyi
Sosial həyat

Həyatın mənası və əbədi gözəlliyi

Qadın müqəddəs varlıq, alilik, ülvilik timsalı, yaradan, yaşadan və qoruyan, bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. O, bəşər tarixinin qızıl sətirləri, şah əsəridir. İnsanlığa həyat bəxş edən, bəşər övladını böyüdüb-bəsləyən, öz varlığı ilə dünyaya bəzək verən Qadın qarşısında dahilər və müdriklər baş əymiş, onun şərəfinə dünya mədəniyyətini zənginləşdirən əsərlər yaradılmış, təkrarolunmaz gözəlliyini, mənəvi aləmini vəsf etmiş, mükəmməlliyini və müqəddəsliyini dönə-dönə vurğulamışlar. Həyatı qadınsız təsəvvür etmək kainatı günəşsiz təsəvvür etmək kimi çətindir...

Qədim tariximizin və zəngin mədəniyyətimizin parlaq səhifələri də qadınların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan, xalqımızı dünyaya tanıdan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, alim, siyasi xadimlər bəxş etmişdir. Doğma yurdun, Vətən torpağının təcəssümü olan ana məfhumu xalqımızın təfəkküründə xüsusi yer tutur, müqəddəslik rəmzi sayılır. Əbəs yerə doğma Azərbaycanımıza Ana Vətən demirik.

Azərbaycan qadını həm gözəl ana, həm də vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, xalqına layiqincə xidmət etmiş, ən gözəl mədəniyyət və incəsənət nümunələrini yaratmış, igidlərimizlə çiyin-çiyinə yağılarla vuruşmuş, elinin torpağını, evinin ocağını düşməndən qorumuş, haqq və ədalət yolunda qanını və canını əsirgəməmişdir.

Qədim dövrlərdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və dərin hörmət bəslənmiş, Vətənə övlad yetişdirən ana həmişə müqəddəs olmuş, namus, qeyrət və sədaqət rəmzi sayılmışdır. Müdrik hökmdar və cəsur sərkərdə, böyük alim və bacarıqlı dövlət xadimi, istedadlı şair və mahir sənətkar olan Azərbaycan qadınlarının adları çoxəsrlik tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Təqvimdə ən əlamətdar günlərdən biri olan 8 Mart - Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Ümummilli lider Heydər Əliyev beynəlxalq qadınlar bayramı ilə bağlı demişdir: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...".

Müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verən Azərbaycan qadınlarının cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Sonsuz ehtiram sahibi olan Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, sadiq dövlət məmuru, yüksəkixtisaslı peşəkar mütəxəssisdir. Qadınlarımızın bu cür fəal həyat mövqeyi ölkəmizdə uğurla həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Bəşəriyyətin ən həssas və qayğıkeş, zərif və incə, ən müqəddəs varlığı olan Qadın həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ən ali mənsəbə, dərin hörmətə və ülvi məhəbbətə layiqdir.

Günay İNAYƏTOVA,

Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru.