Hərbi əməkdaşlıqda Türk gücü
Ordu

Hərbi əməkdaşlıqda Türk gücü

Müharibədən sonra Müdafiə Nazirliyində aparılmış struktur islahatları ordumuzu daha da təkmilləşdirir. Azərbaycan ordusu XXI əsrin tələblərinə uyğun olaraq modernləşdirilir. Bu istiqamətdə artıq ölkə rəhbərliyi səviyyəsində mühüm addımlar atılıb. Hazırda dünya və regionda baş verən hadisələr fonunda Silahlı Qüvvələrimizin daha da təkmilləşdirilməsi əsas hədəflərdən biridir. 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 521 milyon manatı və yaxud 1,4 faizi sosial müdafiə xərclərinin payına düşməsi deməyə əsas verir ki, müdafiə sənayesinin təkmilləşdirilməsi prioritetdir.

Danılmaz faktdır ki, qardaş Türkiyə Azərbaycanın hərb sənayesinə əsaslı töhfələr verir. Müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Qeyd edək ki, iki ölkə arasındakı hərbi əməkdaşlığın əsası 1992-ci ildə imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə ilə qoyulub. Bu anlaşmanın nəticəsi kimi bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbi təhsil alıb. Daha sonra 2000-ci il 20 sentyabr tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması XXI əsrdə Azərbaycan və Türkiyə gücünün dünyaya nümayişinin əsasını qoymuşdur.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "Matador" və "Marauder" zirehli döyüş maşınlarını, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını, "Mübariz", "İstiqlal", "Yalquzaq" və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, "Orbiter-2M", "Orbiter-2B", "Orbiter-3B", mini "Orbiter-4", "Aerostar-BP" taktiki və "Zərbə" tipli kamikadze pilotsuz uçuş aparatlarını misal göstərmək olar.

Müdafiə sənayesi sahəsində Türkiyə ilə əməkdaşlığımız məhz 2010-cu ildən başlanılıb. Qarabağ zəfərindən sonra bu proses daha da sürətləndi və artıq birgə istehsalata keçid edilib. 2023-cü ilin iyul ayında əldə edilmiş razılaşmaya əsasən Türk şirkəti TUSAŞ tərəfindən hazırlanan Milli Döyüş Təyyarələri (MMU) KAAN Layihəsi üçün Azərbaycanla müştərək mühəndislik əməkdaşlığı olacaq. Azərbaycanda TUSAŞ üçün təlim keçmiş mühəndislər hazırlayacaq.

Qeyd edək ki, Türkiyənin İzmir əyalətinin Doğanbey rayonunda “EFES-2024” çoxmillətli hərbi təlimləri olduqca önəmlidir. 49 ölkədən 11 mindən çox hərbçinin iştirak etdiyi təlimlərin məqsədi birgə əməliyyatlar çərçivəsində müxtəlif qoşun növlərinin hərəkətlərinin maksimum uzlaşmasını təmin etməkdən və təcrübə mübadiləsi aparmaqdan ibarətdir. İki ildən bir keçirilən genişmiqyaslı təlimlərdə Quru Qüvvələri, həmçinin Hərbi Dəniz Qüvvələri (HDQ) və Hərbi Hava Qüvvələri (HHQ) iştirak edirlər. Təlimlər çərçivəsində birgə əməliyyatların müxtəlif ssenariləri, planlaşdırma, əməliyyatlar zonasında hərəkətlərin aparılması və əlaqələndirilməsi taktikaları işlənib hazırlanır. Şərti düşmənin hədəflərinə həm artilleriya, həm də aviasiya, o cümlədən pilotsuz uçan aparatlardan (PUA) atəş açılır. Xüsusi təyinatlı qüvvələr müəyyən əraziyə enir, pilotsuz yerüstü və sualtı aparatların məhv edilməsi, ərazinin minalardan təmizlənməsi və dəniz piyadalarının enməsi əməliyyatları həyata keçirilir.

Yeri gəlmişkən, mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları, eləcə də Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əklil, gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət, ehtiram nümayiş etdirilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.

Nurlan ABDALOV,

“Respublika”.