Okamponun
Digər xəbərlər

Okamponun "soyqırımı" hesabatı beynəlxalq ictimaiyyəti aldatma cəhdidir

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo qalmaqallı bəyanatı ilə erməni lobbisinin nümayəndələrindən biri olduğunu bariz şəkildə nümayiş etdirdi. Belə ki, Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi olan Moreno beynəlxalq hüququn müvafiq müddəalarına zidd fikirlərlə Cənubi Qafqazdakı stabilliyin bərpası əvəzinə, vəziyyəti daha da qəlizləşdirmək niyyəti güdür.

Beynəlxalq hüquqa görə, Qarabağ iqtisadi rayonu Azərbaycanın ərazisi sayılır və buradakı separatçı rejim qeyri-qanuni fəaliyyət göstərir. Bundan əlavə, Okampo Qarabağ bölgəsində "soyqırımı"nın baş verdiyini iddia edib. Beynəlxalq hüquqazidd olaraq təxribat xarakterli belə iddialar Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olur və bölgədə gərginliyi qızışdırmağa xidmət edir.

Luis Moreno Okampo 1952-ci ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. İxtisasca hüquqşünas olan Moreno 2003-cü ildən 2012-ci ilin 5 iyun tarixinə qədər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutub. Okamponun Ermənistana və haylara marağı güclüdür. 2010-cu ildə, BCM-in prokuroru olduğu dövrdə Ermənistana səfəri, Beynəlxalq İnsan Hüquqları Federasiyasının 37-ci Forumunda iştirakı və burada Ermənistana o dövrdə rəhbərlik edən Serj Sarkisyanla görüşü ağla ilk gələn məqamlardandır. Cinayətkar Serj Sarkisyan və Morenonun səmimi görüşünü əks etdirən görüntülər ermənipərəst bəyanatların haradan qaynaqlandığını göstərir. Serjin "Ölkəmizdə insan hüquqlarının müdafiəsi, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlərin pislənməsi ilə məşğul olan və böyük təcrübəyə malik insanların olması bizim üçün çox vacibdir" açıqlaması deyilənlərin təsdiqidir. Xocalı cəlladı, hərbi cinayətkarın bu cür ironik ifadələrlə çıxış etməsi və Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndəsi kimi Morenonun ikili yanaşması, beynəlxalq hüquq normalarının qəti şəkildə pozulmasını özündə ehtiva edir. Əlində soydaşlarımızın qanı olan Serj Sarkisyanın cinayət əməllərinin bütün dünyada tanınmasına rəğmən BCM kimi qurumun prokuroru olan Okamponun saxta gülüşü və görüşdən sonra: "onların fəaliyyəti insan hüquqlarının qorunmasına yönəlib və əsas məqsədlərdən biri sonrakı soyqırımların qarşısının alınmasıdır" tipli açıqlaması erməni lobbisinə necə xidmət göstərməsini sübut edir.

Okamponu dövriyyəyə gətirənlər də məlumdur, - erməni əsilli amerikalı ulduz Kim Kardaşyan və amerikalı klinik professor Erik İsraelyan. Qeyd edək ki, professor İsraelyan bir neçə gün əvvəl özünün sosial şəbəkə hesabında Okamponun "hesabatını" böyük sevinclə paylaşmışdı. Ardınca isə onun dostu və iş ortağı Kardaşyan isə professorun paylaşımını öz səhifəsində yenidən yayımlamışdı. Beləliklə, Ermənistanın manipulyativ aktlarına daha bir yenisi əlavə olundu.

Luis Moreno Okamponun sərsəm fikirlərinə çox keçmədən adekvat cavab verilmişdir. İstər beynəlxalq məkanda, istərsə də Azərbaycan daxilindən bu cür əsassız bəyanatların təxribat xarakterli olduğu dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdır. İlk öncə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib. Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında Okamponun əslində, kim olduğu barədə faktlar ortaya qoyub. Belə ki, Okamponun Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə etdiyi açıqlanır. Bununla yanaşı, Xocalı soyqırımını törətmiş hərbi cinayətkar olan Ermənistanın eks-prezidenti Serj Sarkisyanın İrəvanda Okamponu qarşılaması bildirilir: "Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir", - deyə H.Hacıyev qeyd edib.

İkili standartların icrasından uz

aq, regiondakı sabitliyin tərəfdarı olan qüvvələr məsələyə obyektiv qiymət verməyi daim bacarmışlar. Lakin son dövrlər siyasi şoular vasitəsilə saxta beynəlxalq fikir formalaşdırmağa çalışan Ermənistan tərəfi havadarlarının əli ilə bu qəbildən növbəti saxtakarlığa əl atmış oldu. Beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun rəyi ilə bağlı qeydlərinə nəzər salsaq görərik ki, Qarabağ və ətraf ərazilərdəki durum heç də Okamponun bildirdiyi kimi deyil. Qeyd edək ki, Azərbaycan müstəqil ekspert kimi M.Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə R.Diksona müraciət edib. Diksonun sözlərinə görə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddialar Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olur və bölgədə gərginliyi qızışdırmağa yol açır. Bununla yanaşı, qeyd edilib ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir: "Hazırda Qarabağda soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir".

Beynəlxalq hüquq üzrə dələduz Luis Moreno Okamponun "Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı" adlı saxta və sifarişli hesabatının hansısa Qərb nəşrində yayımlanması anti-Azərbaycan siyasətinin bariz nümunəsidir.

Görünən odur ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən keçmiş prokurorun həyat yolunda kifayət qədər qaranlıq və qalmaqallı məqamlar var. Yaxşısı budur, Azərbaycanın haqq işinə qarışmaq əvəzinə, Okampo əvvəlcə öz kirli keçmişini təmizləsin.

Nurlan ABDALOV,

"Respublika".