Haylar hərdəmxəyallıqdan əl çəksə, sülh reallaşar
Siyasət

Haylar hərdəmxəyallıqdan əl çəksə, sülh reallaşar

"İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq". Bu fikri Prezident İlham Əliyev "Parçalanmış dünyanın bərpası" mövzusunda "Gülüstan" sarayında keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib. Ölkə başçımız bildirib ki, müstəqillik tarixində Cənubi Qafqazda sülh heç vaxt bu qədər yaxın olmayıb. Hazırkı reallıq isə İkinci Qarabağ müharibəsinin, eləcə də ötən ilin sentyabrında 23 saat ərzində həyata keçirilən antiterror əməliyyatının nəticəsidir. Bununla da dövlət başçısı aydın mesaj verib ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyulub, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib.

Ona görə də Ermənistan siyasətçiləri və bəzi Qərb dairələrinin iddialarına baxmayaraq, hazırda rəsmi Bakının hücum planı yoxdur, ölkəmiz sülh gündəliyinə uyğun addımlar atır. Müxtəlif platformalarda Azərbaycan-Ermənistan rəsmiləri arasında iki və çoxtərəfli qaydada keçirilən görüşlər də bunu sübut edir.

Buna baxmayaraq, hələ də sülhün əldə olunmamasının arxasında İrəvan və Qərbin pozucu siyasəti dayanır. Doğrudur, hazırda "qoca qitə"nin rəsmiləri regionda sabitliyin bərqərar edilməsində maraqlı olduqlarını iddia edirlər. Məsələn, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə XI Qlobal Bakı Forumu ilə bağlı ünvanladığı məktubda qeyd olunub ki, Azərbaycanın Ermənistanla onilliklər boyu davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət yaranıb. Vurğulanıb ki, noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülhə nail olmaq mümkündür. BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis isə forumdakı çıxışı zamanı deyib ki, təmsil etdiyi qurum beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycan və Ermənistan arasında yekun sazişin imzalanacağına ümid edir. Amma bəzi qüvvələr sülh və faydalı əməkdaşlıq əvəzinə, dünyanı yenidən silahlı münaqişəyə sürükləməyi üstün tuturlar. Dövlət başçımız çıxışında bu məsələyə də toxunaraq bildirib ki, Fransanın sərgilədiyi mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir: "Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".

Bu nəticəsiz səylər isə Yelisey sarayını dayandırmayıb. Rəsmi Paris mədəni irsimizə qarşı vandalizm aktı törədib. Azərbaycan şairi Natəvanın Evian şəhərindəki heykəli hücuma məruz qalıb. Fransanın hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına edilən müraciətlərin nəticəsində mədəniyyət nümunəsi Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilib. Amma bu hadisə suverenliyimizin bərpasından sonra üzləşdiklərimiz hadisələri açıq-aşkar göstərir. Aydın olur ki, Ukraynaya ərazi bütövlüyünü bərpa etmək üçün qoşun göndərəcəyini bəyan edən ölkələr öz suverenliyini təmin edən Azərbaycanı cəzalandırmağa çalışır. Bu konteksdə müəyyən dairələrin əlində alətə çevrilən korrupsioner Avropa Parlamentinin ikili standartlarını unutmaq olmaz. Bu qurumda təmsil olunan neo-səlibçilər mütəmadi olaraq Ermənistanı hərbiləşdirməyə çağırır və əsassız iddialarla ölkəmizə böhtan atırlar. Amma Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Paşinyan hökumətindən əvvəllər işğal olunan Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, minlərlə mülki vətəndaşımızın qətliamına görə izahat almalıdır.

Ermənistan isə tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalı, Azərbaycanla sülh əldə etməyə çalışmalıdır. Çünki yalnız bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan İrəvanın uzaq ölkələrdən Rusiyaya alternativ təhlükəsizlik təminatı axtarmasına ehtiyacı qalmayacaq. Eləcə də Nikol Paşinyanın rəhbərlik etdiyi ölkə Azərbaycanın müəllifi olduğu regional layihələrə qoşulmaq imkanı qazanacaq. Rəsmi Bakı ilə yekun razılaşmaların yubadılması isə Ermənistanın müxtəlif qlobal güclərin qarşıdurma arenasına çevrilməsinə gətirib çıxaracaq. Bu da prosesin hakimiyyət dəyişikliyi və vətəndaş müharibəsi ilə nəticələnə biləcəyinə işarə edir. Əgər erməni baş nazir bu ssenari ilə qarşı-qarşıya qalmaq istəmirsə, o zaman hərdəmxəyallığı kənara qoymalı, yaranan sülh fürsətindən maksimum faydalanmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".