Hayastanın
Siyasət

Hayastanın "qaçqın" yalanı

XX əsrin sonlarında soydaşlarımız qışın soyuğunda, gecənin qaranlığında əzəli torpaqlarından zorla qovulub. Məsum insanlar öldürülüb, işgəncələrə məruz qalıb. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin əhalisinə qarşı soyqırımı törədilib, misli görünməmiş vəhşiliklər edilib. Ümumilikdə, Birinci Qarabağ müharibəsi zamanı, bir milyondan artıq insan erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb.

Ermənilər müxtəlif bəhanələrlə gerçəkləri gizlətməyə cəhd edib, etnik təmizlənmə siyasətinin üstünü örtməyə çalışıblar. İddia edilib ki, azərbaycanlıların çoxu zəlzələ zonasında yaşayırdı və 1988-ci il zəlzələsindən sonra Ermənistanı onlar özləri tərk ediblər. Əslində isə bu zonada azərbaycanlıların çox az bir hissəsi yaşayıb. Rəsmi məlumatlara görə, zəlzələyə qədər Ermənistandan 120 mindən çox azərbaycanlı deportasiya edilib. Bütün bunlar onu göstərir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, onlar Ermənistandan zorla çıxarılıb.

Azərbaycan isə öz növbəsində heç vaxt baş verən hadisələrdə erməni vətəndaşlarını günahlandırmayıb. Prezident İlham Əliyev də qeyd edib ki, Xocalı soyqırımında kriminal rejimin ünsürləri ittiham edilib və onlar məsuliyyətə cəlb olunub. Erməniəsilli şəxslərə dövlətimizin qanunları və bayrağı altında yaşamaq təklif edilib. Gedənlər isə, öz qərarları ilə Qarabağı tərk edib. Erməni əhalisi özləri də müsahibələrində qeyd ediblər ki, onlara güc tətbiq edilməyib, təzyiq göstərilməyib.

Antiterror tədbirləri ilə xunta rejiminə son qoyulub, suverenliyimiz bərpa edilib. Bu gün Qarabağ bölgəsi yenidən canlanır, yaranan yeni reallıq reinteqrasiya prosesini sürətləndirir, regionda sülhü təmin edən ölkəmiz, erməni əhalisinin reinteqrasiyası üçün tədbirlər həyata keçirir. Artıq bu prosesə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün onlarla şəxs müraciət edib.

Bütün bunlara rəğmən, Ermənistan hökuməti tərəfindən 26 oktyabrdakı iclasda Qarabağdan gedən ermənilərə qaçqın statusu verilməsi haqqında qərar çıxarılıb. Bölgəni tərk edən şəxslərə həm ölkə daxilində güzəştli şərtlərlə yaşamaları, həm də beynəlxalq müstəvidə hüquqlarının qorunması üçün status veriləcək. Bəzi ermənilər bu qərarı səbirsizliklə gözləyirdilər, bu status onlara istənilən ölkədən siyasi sığınacaq almağa imkan verəcək. İrəvan hökuməti iddia edir ki, 100 mindən çox qaçqın var. Qarabağda yaşamış insanların böyük bir hissəsi xarici dövlətlərin vətəndaşlarıdır. Ermənistan özü də bəyan edir ki, Qarabağdan Ermənistana köçənlərin 10 mini xaricə gedib. Bu da sübut edir ki, həmin sakinlərdə vaxtilə gəldikləri xarici ölkələrin pasportları olub. Bu gün Bakıda istintaq altında olan separatçıların sorğularından məlum olur ki, Qarabağda Ermənistan ordusunun 15 minə yaxın hərbi qulluqçusu olub, ailə üzvləri ilə birlikdə isə 30-40 minlik say ortaya çıxır. Beləliklə demək olar ki, 30 il əvvəldən Qarabağda yaşayan yerli ermənilərin sayı təxminən, 30-35 minə yaxındır.

Qaçqın təqib, müharibə, zorakılıq və münaqişə səbəbindən vətənini tərk etməyə məcbur olmuş, başqa ölkədə təhlükəsizlik tapmaq üçün beynəlxalq sərhədi keçən şəxsə deyilir. Erməni əhalisi bunlardan heç birinə məruz qalmayıb, öz xoşları ilə Qarabağdan çıxıb. 1951-ci il Qaçqınlar Konvensiyası "qaçqın" anlayışını izah edən əsas hüquqi sənəddir. Burada deyilir ki, qaçqın irqi, dini, milli mənsubiyyəti və ya mənşəyinə, təqib olunma qorxusuna görə ölkəsinə qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

Ermənistan bu statusu beynəlxalq hüquq normalarına uyğunlaşdırmaqda çətinlik çəkir. Axı ermənilər kimdən, nədən qaçırlar? Onları məcbur edən yoxdur. Erməniəsilli şəxslər özləri Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyiblər. Qarabağı tərk etmiş ermənilərin heç biri hüquqi cəhətdən Azərbaycan Respublikasının vətəndaşı deyil, yəni onlara Azərbaycan ərazisindən qaçqın düşmüş şəxs statusu verilə bilməz. Bunun beynəlxalq hüquqi əsası yoxdur. Lakin erməni mətbuatı Qarabağdan Ermənistana gedən erməniləri qaçqın adlandıraraq təbliğat aparmağa çalışır. Halbuki, bu insanlar sadəcə miqrant sayılır. Bunu anlamaq üçün terminlərin mənasına nəzər yetirmək kifayət edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".