Haqqım var ki, öyünüm Azərbaycan deyəndə
Siyasət

Haqqım var ki, öyünüm Azərbaycan deyəndə

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə. 

Xalq şairi Tofiq Bayramın müəllifi olduğu bu misralarda vətən sevgisi açıq şəkildə özünü göstərir. Bu vətəni qoruyanlar, onun müstəqilliyini təmin edənlər isə sözün əsl mənasında qəhrəmandırlar. Bu gün ölkəmizin durumu bizə öyünməyə imkan verir. Axı biz, bir çoxlarının həsəd apardığı müstəqil, azad, güclü, qalib dövlətdə yaşayırıq.

XX əsrin sonunda Azərbaycanın müstəqilliyini bərpa etməsi üçün tarixi məqam yetişdi. Respublikamız müstəqillik yolunda ilk addımını 1991-ci il avqustun 30-da atdı. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul olundu. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı imzalandı. Bu Azərbaycan üçün yeni tarixi mərhələnin başlanğıcı idi. Dövlət müstəqilliyimizi ilk tanıyan qardaş ölkə Türkiyə oldu (1991-ci il, 9 noyabr). 1992-ci ilin 2 mart tarixində isə Azərbaycan müstəqil ölkə kimi BMT-yə üzv seçildi.

Müstəqilliyimizin bərpa olunmasında xalqımızın azadlıq mübarizəsinin müstəsna rolu var. Çünki bu, ağır sosial-iqtisadi şəraitdə və xalqımızın çətin sınaqlardan keçdiyi bir dövrə təsadüf edirdi. Əfsuslar olsun ki, həmin dövrdə hökm sürən siyasi hərc-mərclik dövlətimizi bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə ki, işğalçı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, elan olunmamış müharibə şəraiti, həm də ölkə rəhbərliyindəki şəxslərin səriştəsizliyi müstəqilliyimizi itirmək təhlükəsi yaradırdı. Dövlət daxilində gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması da buna öz təsirini göstərirdi. Bu cür mürəkkəb bir şəraitdə 1993-cü ildə Azərbaycan xalqının təkidli xahişi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ardıcıl islahatlar həyata keçirildi. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkədə bazar iqtisadiyyatı prinsipləri əsas götürüldü, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Ümummilli Liderin ciddi səyləri nəticəsində dünyanın nüfuzlu neft şirkətləri Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olundu. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu - "Əsrin müqaviləsi" imzalandı. Respublikamız ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi, dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin müqavilədə iştirakı isə Azərbaycanın regiondakı nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Bundan sonra dövlətimiz Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi məsələsində həlledici rol oynayır. Əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyəti illərində demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyən edən əsas meyarlardan biri kimi müəyyən olundu.

Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə müvafiq olaraq ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün əsaslı islahatlar həyata keçirir. Demokratiya və dünyəvilik prinsipləri üzərində qurulan ölkəmiz hazırda inkişafının ən parlaq dövrünü yaşayır. Prezidentin siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan bu gün sosial dövlətə çevrilib. Xalqımızın rifah içində yaşaması üçün hər cür şərait və imkanların yaradılması da bunun əyani sübutudur.

Üç il bundan öncə məhz Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun qətiyyəti ilə 30 illik işğala son qoyuldu, torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu. Bütün dünya Prezident, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Xalqımız Ali Baş Komandanın ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin əbədiliyinə imza atdı.

Bütün bunlar bir daha Tofiq Bayramın misralarının öz təsdiqini tapdığını söyləməyə imkan verir. Hazırda Azərbaycanın istər regiondakı, istərsə də beynəlxalq aləmdəki nüfuzu bizi qürurlandırır.

Nəzrin ELDARQIZI,

"Respublika".