Göyçayda
Sosial həyat

Göyçayda "Heydər Əliyev və şanlı Zəfər tariximiz" adlı konfrans

Vətən müharibəsində əldə olunmuş Qələbə Ulu Öndər siyasətinin böyük təntənəsidir

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 3-də Göyçay şəhərində "Heydər Əliyev və şanlı Zəfər tariximiz" adlı işgüzar konfrans keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Göyçay Şəhidlər xiyabanını ziyarət ediblər.

İştirakçılar Göyçay rayon Heydər Əliyev Mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olublar.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğunu qeyd edib.

Konfransda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev işgüzar tədbirin Göyçay şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Həmçinin Göyçay rayon prokuroru Ramin Hüseynov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Tədbirdə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.

“Respublika”.